Məhkəmə qərarları › İş №2-1(118)-181/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-181/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-181/2024 04.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X8 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şabran rayon Taxtalar Bələdiyyəsinə qarşı “X4 fərdi mənzil tikintisi məqsədi ilə Şabran rayon Xəlfələr (hazırda Taxtalar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarının xx.xx.2007-ci il tarixli 04 saylı çıxarışın və xx.xx.2007-ci il tarixli alqı-satqı aktının, torpaq sahəsinə dair verilmiş plan-ölçünün etibarsız hesab olunması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib X1 və X4 Şabran rayonu Xəlfələr (hazırda Taxtalar) kəndində 0,12 ha torpaq sahəsinin ayrılmasına dair Şabran rayon Xəlfələr Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarının və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayon (keçmiş Dəvəçi) İcra hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 351 saylı Sərəncamına əsassən Bilici İƏV-nin Xəlfələr kənd ərazisindən fərdi mənzil tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsi ayrılmış və həmin vaxtdan bu günədək qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsindədir. Şabran Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən ona ayrılan torpaq sahəsinin planı hazırlanmış və həmin planda da qeyd edilən torpaq sahəsinin koordinatları göstərilmişdir.xx.xx.2022-ci ildə o, Şabran rayon məhkəməsinin icraatında olan hazırkı iddia üzrə 3-cü şəxslər Xanəliyev Ə.M. və digərinin onun oğlu X2 qarşı qaldırdıqları torpaq sahəsinin boşanldılmasına dair iddiası üzrə keçirilən məhkəmə prosesində əlavə cavabdeh kimi cəlb edilmiş və həmin məhkəmə prosesində ona məlum olmuşdur ki, hazırkı iddiası üzrə 3-cü şəxslər ona 1998-ci ildə ayrılan 0,12 ha torpaq sahəsini boş torpaq sahəsi kimi 2007-ci ildə Şabran rayon Xəlfələr (hazırda Taxtalar) bələdiyyəsindən almışlar,halbuki bu torpaq sahəsi 11 il qabaq ona ayrılmış və onun əməli istifadəsində olmuşdur. Bu şəxslər Şabran rayon sakinləri deyillər, onlar kəndin əvvəlcə başqa ərazilərində olan torpaq sahəsini hasara almış, lakin sonradan ona məxsus olan torpaq sahəsinə bu cür iddialar qaldırmışlar. İddiaçı qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaq üçün DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etdikdə torpaq sahəsinin adına özəlləşdirilməsindən imtina edilmiş və ona bildirilmişdir ki, ona məxsus 0,12 ha torpaq sahəsi elektron bazada olan xəritə üzərində digər şəxsə məxsus torpaq sahəsi ilə kəsişir. Həmin şəxsin kimliyi barədə ona bildirilməmiş və yalnız xx.xx.2022-ci il tarixdə Şabran Rayon Məhkəməsində ona məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsi başqa şəxslərə bələdiyyə tərəfindən satılmışdır. Xəlfələr kənd bələdiyyəsinin ona məxsus torpaq sahəsini başqa şəxslərə ayrılmasına dair xx.xx.2007-ci il tarixli qərarları və satılmasına dair xx.xx.2007-ci il tarixli 03 və 04 saylı çıxarışları tam qanunsuzdur və həmin sənədlərin hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, bələdiyyə qərarı ilə artıq yüklü edilmiş torpaq sahəsi bu şəxslərə qanunsuz olaraq ayrılmışdır, ona görə də həmin sənədlər etibarsız hesab edilməlidir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs X5 və cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən məlum olmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxs X4 Şabran rayon Xəlfələr (hazırda Taxtalar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarından xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən ayrılmış torpaq sahəsinin 0.05336 ha hissəsi ilə üstüstə düşür. Bu səbəbdən də iddiaçı dəqiqləşdirmə ərizəsi verərək, üçüncü şəxslərdən X1 mübahisənin aid olmadığı əsası ilə yalnız X4 münasibətdə Şabran rayon Xəlfələr (hazırda Taxtalar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarından xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı və onun əsasında verilmiş hüqumüəyyənedici sənədləri etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Şabran rayon Xəlfələr (hazırda Taxtalar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarından xx.xx.2007-ci il tarixli, 04 nömrəli çıxarışın surəti, DT və XK-nin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş 498 nömrəli, xx.xx.2007-ci il tarixli rəyinin surəti, torpaq sahəsinin plan və ölçüsü sənədinin surəti, Taxtalar Bələdiyyəsi tərəfindən verilmiş 28 nömrəli, xx.xx.2024-cü il tarixli məktub, Taxtalar Bələdiyyəsi tərəfindən verilmiş 08 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surəti, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, İddiaçı mübahisə predmeti olan qərar onun hüquqlarının pozulmasına əsas olduğundan, X4 fərdi mənzil tikintisi məqsədi ilə Şabran rayon Xəlfələr (hazırda Taxtalar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarından xx.xx.2007-ci il tarixli 04 saylı çıxarışın və xx.xx.2007-ci il tarixli alqı-satqı aktının, torpaq sahəsinə dair verilmiş plan-ölçünün etibarsız hesab olunması barədə qərar qəbul edilməsi niyyətindədir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən X4 fərdi mənzil tikintisi məqsədi ilə Şabran rayon Xəlfələr (hazırda Taxtalar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarından xx.xx.2007-ci il tarixli 04 saylı qərar normativ hüquqi aktlara uyğun şəkildə ayrılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş 498 nömrəli, xx.xx.2007ci il tarixli rəyinin surətindən görünür ki, X4 ayrılmış torpaq sahəsi Xəlfələr Bələdiyyəsinin torpaq fonduna aiddir və alqı-satqı predmetidir. Eyni zamanda Taxtalar Bələdiyyəsi tərəfindən verilmiş 08 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən də görünür müvafiq bələdiyyə qərarı qüvvədədir və hal-hazırda mübahisələndirilən aktlar preyudisial əhəmiyyətə malikdir. Başqa sözlə desək torpaq bölgüsü zamanı bələdiyyəyə ayrılmış torpaq sahəsi fondundan üçüncü şəxsə qanunamüvafiq qaydada torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Bundan başqa o da nəzərə alınmalıdır ki, Dəvəçi rayonu Xəlfələr Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsinə görə Aşağıdakı inzibati aktlar etibarsız sayılır: -65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; -65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; -65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Göründüyü kimi sözügedən bələdiyyə aktlarının etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı bir hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şabran rayon Taxtalar Bələdiyyəsinə qarşı “X4 fərdi mənzil tikintisi məqsədi ilə Şabran rayon Xəlfələr (hazırda Taxtalar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarından xx.xx.2007-ci il tarixli 04 saylı çıxarışın və xx.xx.2007-ci il tarixli alqı-satqı aktının, torpaq sahəsinə dair verilmiş plan-ölçünün etibarsız hesab olunması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar