Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1812/2023 01.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinə verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, istifadələrində olan mübahisəli sahə mərhum əri Teyyub Şahbazova cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə satılmış və buna görə pul ödənilmişdir. Həmin sahədə 2005-ci ildən yaşayırılar və orada tikinti və əkin işləri aparılmışdır. Qazdan, sudan istifadə edilmişdir. Hətta əri ağır xəstə olduğundan oğlu Elxan Şahbazovun adına bələdiyyədən torpaq vergisini ödəmək üçün tədiyyə bildirişi gəlmişdir. Buna görə də 2005-2021-ci ilədək olan torpaq vergisini onlar ödəmişdirlər. Bundan başqa həmin sahənin həyat yoldaşı Teyyub Şahbazova aid olması barədə Sumqayıt Bələdiyyəsinin 3 saylı məhəllə komitəsi tərəfindən Yaşıl dərə massivindəki bağ sahəsinin xəritədən çıxarışını da vermişlər. Lakin cavabdeh Sumqayıt Bələdiyyəsi özünün 24 oktyabr 2017-ci il tarixli 15 saylı Protokoluna əsasən X4 «Samur-Abşeron kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəl ləsində yerləşən sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahənin ayrılması barədə qərar qəbul etmişdir. Həmin qərarın qəbul edilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi şöbəsinin rəylərini,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinin Hüquqların dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın, arayışın, torpaq sahəsinin plan və ölçüsü nəzərə alınmışdır. Cavabdeh Sumqayıt Bələdiyyəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2017-cİ il tarixli Çıxarışa əsasən «Samur-Abşeron kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahəni Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 22 dekabr 2017-ci il tarixli AN-1,0663248 nömrəli Alqı-satqı müqaviləsinə əasən cavabdeh-X2. Həmin alqı-satqı müqaviləsi əsasında Ə.Hacıyeva Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında xüsusi mülkiyyətə dair 27 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Bununla əlaqədar iddiaçı cavabdeh-Sumqayıt Bələdiyyəsinə, X4, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı «Bələdiyyə qərarının, torpaq sahəsinə dair çıxarışın, alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, torpaq sahəsinə dair çıxarışın verilməsinin həvalə edilməsi barədə» iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia tələbinin dəqiq olmamasını müəyyən edərək iddia ərizəsini geri götürmüşdür. Mübahisələndirılən torpaq sahəsinə cavabdeh-Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinə mülkiyyətə dair Hüquqların Dövləit Qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarış verilmişdir. Həmin Çıxarış ləğv edilmədən 2005-ci ildən istifadəmizdə olan və yaşadığımız «Samur-Abşeron kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahənin X1 dair Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 22 dekabr 2017- ci il tarixli AN-1,0663248 nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi Ə.Hacıyevaya verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında xüsusi mülkiyyətə dair 27 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinin mübahisələndirilməsi mümkünsüzdür. Ona görə də cavabdeh-Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinə verilmiş mülkiyyətə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli Çıxarış aşağıdakı əsaslara görə ləğv edilməlidir. Belə ki, cavabdeh- Sumqayıit Bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan X8 adlı şəxs Sumqayıt şəhər 4 nömrəli Notariat kontorunda 06 mart 2017-ci il tarixdə təsdiq olunmuş ərizə ilə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədova müraciət edərək «adında olduğu Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni Yaşayış massivi 7-ci məhəllə ünvanda yerləşən 390 saylı torpaq sahəsinin X3 adına sənedləşdirilməsinə etiraz etmədiyini bildirmişdir» Həmin torpaq sahəsinin Bilal Əzizov adlı şəxsin adına olmasını təsdiq edən sənəd yoxdur. Bilal Əzizov məhz mərhum əri X6 Sumqayıt Bələdiyyəsinin sədri Soltan Əsədovun qəbuluna gedərkən S.Əsədov «onu Bilal, Rövşən və Anar adlı işçisi aldadaraq sənədə qol çəkdirdiyini dediyi şəxslərdən biridir. Bundan başqa mərhum əri T.Şahbazovun həqiqətən də Yeni Yaşayış Massivi 7-ci məhəllə 390 saylı ünvanda yaşaması cavabdeh-Sumqayıt Bələdiyyəsinin Yeni Yaşayış Massivi 7-ci məhəllə üzrə 3 saylı Məhəllə Komitəsinin əməkdaşı Kəmalə Hüseynova tərəfindən verilmiş möhürlü arayış və sxemlə bir daha təsdiq edilmişdir. Daha sonra cavabdeh-Sumqayıt Bələdiyyəsi tərəfindən onlara 2005-2020-ci il üzrə istifadəmizdə olan 6 sot torpaq sahəsinə görə 45 manat məbləğində əmlak və torpaq vergisinə dair tədiyyə bildirişi göndərilmiş və həmin məbləğ ödənilmişdir. Bundan əlavə mərhum həyat yoldaşı Şahbazov Teyyub Rəfi oğlu Sumqayıt Bələdiyyəsirin sədri S.Əsədovun 2005-ci ildə ona 6 sot torpaq sahəsi verməsinin və sənədləşdirmə üçün pul almasına baxmayaraq həmin sahəni başqa şəxsə satması ilə əlaqədar Sumqayıt şəhər prokurorluğuna, Korrupsiyaya qarşı mübarizə idarəsinə ərizə yazmış və bununla yanaşı «Xəbər.kom», «Xəbərlent.az», «Pünpress.az» saytlarında onun şikayətləri dərc edilmişdir. Göründüyü kimi Sumqayıt şəhəri, «Samur-Abşeron» kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahə 2005-ci ildən onların istifadəsindədir və həmin sahədə cavabdeh Sumqayıt Bələdiyyəsinin sədri S.Əsədovun özünün razılığı ilə həmin sahədə mişar daşından hasar və ev tikmişdirlər. Lakin istifadə etdikləri həmin sahənin yerəşdiyi Yaşıl Dərə adlanan ərazi əvvəllər Ekologiya Nazirliyinin balansında olduğundan onlara bələdiyyə tərəfindən sənəd verilməmişdir. Mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi Sumqayıt şəhəri, «Samur-Abşeron» kanalının şimalında yerləşən «Yaşıldərə» adlanan sahəsinin hansı vaxtdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Sumqayıt Bələdiyyəsinin balansına verilməsi müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı tərəfə hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinə verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini istəyir. Lakin iddiaçı həmin sənədin ləğvi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. Hazırkı iddia öhdəliyin iddiası olduğuna görə ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməlidir. Bu isə iddianın mümkünsüzlüyü əsasını təşkil edir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. İddiaçı qeyd edir ki, torpaq sahəsi uzun illərdir ki, onların istifadəsindədir, orada ev tikmişlər, torpaq vergisini ödəmişlər. Bələdiyyə isə torpaq sahəsini başqa səxsə satmışdır. Bələdiyyənin 24 oktyabr 2017-ci il tarixli 15 saylı qərarı ilə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan "Samur - Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 (altı yüz) kv.m. olan 390 saylı həyətyanı torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı və 23-cü maddələrinə əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 69B/27, mənzil 58-də qeydiyyatda olan vətəndaş X3 mülkiyyətinə ayrılmışdır. Göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsini başqa şəxsin adına özgəninkiləşdirmişdir. Bu halda iddiaçı ilkin olaraq inzibati aktı mübahisələndirə bilər. Eyni zamanda həmin qərarın bələdiyyənin özü tərəfindən ləğv edilməsinidə həmin orqan tərəfindən tələb edə bilər. İnzibati akt ləğv edildiyi halda isə müvafiq müqavilənin və onun əsasında aparılmış qeydiyyatın ləğvi mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyat və verilmiş müvafiq çıxarış, çıxarışın verilməsinə əsas olmuş müvafiq müqavilə ilə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Məhkəmə qeyd edirki, yuxarıda qeyd edilənlər hüquq müdafiə vasitələrinin düzgün müəyyən edilməsi baxımından məhkəmə təcrübəsinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq tələblər irəli sürməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev