Məhkəmə qərarları › İş №2-1(118)-1816/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1816/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1816/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində yerləşən və hazırda istifadəsində olan 500 kv.metr torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində yerləşən və hazırda istifadəsində olan 500 kv.metr torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 02.02.2004-cü il tarixli 104 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün iddiaçıya 500 kv.metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə görə iddiaçı tərəfindən 1,500,000 manat məbləğində ödəniş aparılmış və bu barədə qəbz verilmişdir. Qeyd edilən torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək iddiaçıya təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsində onun tərəfindən yaşayış evi tikilmiş, artıq 17 ildir ki, bu sahə iddiaçının faktiki istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə cavabdehə müraciət etmiş və ona izah olunmuşdur ki, iddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlanmalı və yalnız həmin müqavilə bağlandıqdan sonra torpaq sahəsinin adına sənədləşdirilməsi aparılacaqdır. Bundan sonra iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və ondan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə 600 manat məbləğində pul tələb olunmuşdur. İddiaçı 16.10.2020-ci il tarixdə Bələdiyyə hesabına həmin vəsaiti mədaxil etmiş, iddiaçıya bu barədə qəbz və 16.10.2020-ci il tarixli 153 saylı hesab faktura verilmişdir. Bir torpaq sahəsinə görə iddiaçı tərəfindən 2-ci dəfə tələb olunan məbləğdə ödəniş aparılmışdır. Daha sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2- 1(118)-966/2021 saylı, 02.06.2021-ci il tarixli Qərarına əsasən iddiaçının iddia tələbi təmin olunmuş və Sumqayıt şəhər Bələdiyyə Şurasının 02.02.2004-cü il tarixli 104 saylı protokolqərarı əsasında Sumqayıt şəhər 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün iddiaçıya ayrılmış 500 kvadrat metr torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanılması bələdiyyənin üzərinə vəzifə kimi qoyulmuşdur. Qərar qanuni qüvvəsini almış və icra edilərək iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında alqı-satqı əqdinə dair akt bağlanmışdır. Bundan sonra iddiaçı bir daha cavabdeh təşkilata müraciət etmiş və cavabdeh 01.09.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, bələdiyyə tərəfindən 06.08.2021-ci il tarixli akt qanunvericiliyin tələbinə zidd olaraq bağlanmışdır. Bundan başqa memarlıq xidmətinin rəyi əlavə olunmamışdır. İddiaçı bu imtina ilə razı deyil, əvvəla alqı-satqı aktı Sumqayıt İnzibati Məhkəməsinin qərarına əsasən tərtib edilmişdir, belə ki, bu birbaşa olaraq bələdiyyənin üzərinə vəzifə kimi qoyulmuşdur. Digər tərəfdən təqdim edilmiş sənədlərdə ona ayrılan torpaq sahəsinin mövqe planı və sxemi də vardır, inşaat pasportu tərtib edilmişdir. Cavabdeh növbəti dəfə də iddiaçının əsaslı müraciətindən heç bir tutarlı səbəb gətirmədən imtina etmişdir. Belə hesab olunur ki, cavabdehin iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alması üçün müvafiq sənədlər vardır və iddiaçıya bu imtinanın verilməsinin heç bir əsası yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 72a saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 07 may 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 02 fevral 2004-cü il tarixli 104 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Odur ki, sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri İdarəyə təqdim edildikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona 25 may 2021-ci il tarixli **********32 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Daha sonra İddiaçı təkrar olaraq Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 72a saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 10 avqust 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydiyyata alıması ilə bağlı 07 may 2021-ci il tarixli müraciətinin araşdırıldığı və sənədlərdəki çatışmazlıqlar, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması və alqı-satqı aktının tərtib edilməməsi barədə 25 may 2021-ci il tarixli **********32 nömrəli bildirişlə müraciətinə cavab verildiyi İddiaçı bildirilmişdir. Həmçinin, təkrar olaraq bildirilmişdir ki, müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, 06 avqust 2021-ci il tarixli torpaqların alqısatqısına dair akt Sumqayıt Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərin zidd tərtib olunmuşdur, həmçinin, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi ərizəyə əlavə olunmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qanunvericiliyə müvafiq qaydada bələdiyyədən alınan torpaq sahəsi üzərində Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə nəzərdə tutulmuş qaydada hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin təqdim edilməsi əsasında həyata keçirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 72a saylı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 01 sentyabr 2021-ci il tarixli **********48 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz edərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında cavabdeh təmsil edilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh orqanın 01 sentyabr 2021-ci il tarixli **********48 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən 06.08.2021-ci il tarixli torpaqların alqı-satqısına dair aktın Sumqayıt Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd tərtib olunması, həmçinin, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi ərizəyə əlavə olunmadığından ərizənin icrasından imtina edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-966/2021 nömrəli, 02.06.2021-ci il tarixli Qərarına əsasən Sumqayıt şəhər Bələdiyyə Şurasının 02.02.2004-cü il tarixli 104 saylı qərarı ilə Sumqayıt şəhər 20-ci mikrorayon ərazisində ayrılmış 500 kv.metr torpaq sahəsinə dair iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanılması vəzifəsi Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulmuşdur. - İşdə olan 23.01.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı tərəfindən 1.500.000 manat torpağın alqı-satqısına dair ödəniş edilmişdir. - Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətinə və 153 nömrəli hesab fakturaya əsasən iddiaçı tərəfindən 600 (altı yüz) manat məbləğində fərdi yaşayış sahəsinin və torpağın alqı-satqısı üçün ödəniş edilmişdir. - 09.02.2004-cü il tarixli, 64 nömrəli torpaq sahəsi ayrılmasına dair inşaat pasportu iş materiallarına əlavə edilmişdir. - Sumqayıt şəhər Bələdiyyə Şurasının 02.02.2004-cü il tarixli, 104 saylı qərarına əsasən iddiaçıya baş plan əsasında 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 500 kv.metr torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin 28.01.2004-cü il tarixli 02/23 nömrəli rəyi ilə fərdi ev tikmək üçün iddiaçıya 500 kv.metr torpaq sahəsinin sənədləşdirilməsinə etiraz olunmadığı müəyyən edilmişdir. - Torpaqların alqı-satqısına dair Akt və tikinti üçün torpaq sahəsinin (sahələrinin) sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında 09.02.2004-cü il tarixli akta əsasən iddiaçıya 20-ci mikrorayon ərazisində 500 kv.metr torpaq sahəsinin ayrıldığı müəyyən edilir. Torpaqların alqı-satqısına dair 06.08.2021-ci il tarixli akta əsasən İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 02.02.2004-cü il tarixli qərarla iddiaçıya ayrılmış 500 kv.metr torpaq sahəsinə dair akt tərtib edilmişdir. - Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının 2246 nömrəli, 03.12.2021-ci il tarixli məktubuna əsasən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 02.02.2004-cü il tarixli qərarla iddiaçıya ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən etiraz edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 02.02.2004-cü il tarixli, 104 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək məqsədilə 500 kv.metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin 28.01.2004-cü il tarixli rəyi ilə iddiaçıya həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri olaraq 1.500.000 (əvvəlki valyuta ilə) manat, daha sonra isə 600 manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmiş və bununla bağlı “Torpaqların alqı-satqısına dair” 06.08.2021-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 01 sentyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi göstərmişdir ki, 06.08.2021-ci il tarixli torpaqların alqı-satqısına dair akt Sumqayıt Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd tərtib olunmuş, həmçinin, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi ərizəyə əlavə olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10-cu və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin inşa edilməsi üçün ayrıldığından qanunvericiliyin tələbinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, həm də Sumqayıt Şəhər İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi. Hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən qeyd olunan orqanların rəyi alınmış və həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına köçürülmüş, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Məhkəmə hesab edir ki, müvafiq rəylər sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı müsbət rəylər olmuş, başqa sözlə qeyd olunan orqanlar tərəfindən həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Yuxarıda qeyd olunan müddəada da əsas məqsəd bələdiyyə tərəfindən qərarın qəbul edilməsi üçün müvafiq orqanların müsbət rəylərinin olmasıdır. Bundan əlavə, cavabdehin irəli sürdüyü digər imtina ilə bağlı məhkəmə qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-966/2021 saylı, 02.06.2021-ci il tarixli qanuni qüvvəyə minmiş Qərarına əsasən alqı-satqı aktının bağlanılması vəzifəsi Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Bu da həmin aktın (müqavilənin) qanuni olmasına dəlalət verir. Həmçinin cavabdehin imtinası və iddiaya qarşı etirazında torpaq sahəsinin katerqoriyası ilə bağlı da hər hansı mübahisənin olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər Bələdiyyə Şurasının 02.02.2004-cü il tarixli, 104 saylı qərarı ilə İddiaçı Sumqayıt şəhər 20-ci mikrorayon ərazisində ayrılmış 500 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhər Bələdiyyə Şurasının 02.02.2004-cü il tarixli, 104 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhər 20-ci mikrorayon ərazisində 500 kvadrat metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar