Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1821/2024 19.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, xx/xx-1527 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsinin 15 sentyabr 2023cü il tarixli, xx/xx-1527 saylı qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə cari il üçün 1132.62 manat əmlak, 5392.8 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 22838.97 manat, faiz üzrə 7034.4 manat, maliyyə sanksiyası üzrə 100 manat olmaqla, ümumilikdə 33236.08 manat vergi borcunun olduğu iddia edilmişdir. Qeyd edilən borcun Xırdalan Bələdiyyəsinin yerli büdcəsinə məcburi ödənilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır.“İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.Xırdalan Bələdiyyəsi onun mülkiyyətində olan Xırdalan şəhəri Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə vergi borcunun ödənilməsi məsələsi barədə iclas keçirmiş, lakin, ona bununla bağlı hər hansı məlumat verməmiş və işdə iştirakını təmin etməmişdir.Həmin Qanunun 58.2-ci maddəsinə əsasən, İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır.X1 qərarı məzmun baxımından anlaşılan deyildir. Həmin Qanunun 61-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Xırdalan Bələdiyyəsinin qəbul etdiyi qərar tamamilə əsassızdır. Mülkiyyətində olan Xırdalan şəhəri Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 kv.m əmlak, 38705 kv.m torpaq sahəsinə görə cari il üçün 1132.62 manat əmlak, 5392.8 manat torpaq, o cümlədən 2020ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 22838.97 manat, faiz üzrə 7034.4 manat, maliyyə sanksiyası üzrə 100 manat olmaqla, ümumilikdə 33236.08 manat vergi borcunun hansı əsasla hesablanması ona məlum deyildir. Belə ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil edilmir. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-1527 saylı qərarı icraya yönəldilmiş, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən onlara edilmiş zəngdən sonra, xx.xx.2023-cü il tarixdə İcra və probasiya şöbəsinə gedərək qərarı əldə etmişdir. Qərar qanunsuz olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, xx/xx-1527 saylı qərarın surəti, cavabdehin etirazı, cavabdehin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixli, xx/xx-1527 saylı qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Abşeron rayonu Xırdalan Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Xırdalan Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-1527 saylı qərar xx.xx.2023-cü ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. İddiaçı müvafiq qərar haqqında xx.xx.2023-cü ildə Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən məlumatlanmışdır. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin İdarənin yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 15 sentyabr 2023-cü il tarixli, xx/xx-1527 saylı qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri Bakı-Şamaxı şosesi 15 ünvanında yerləşən 3775.4 m2 əmlak, 38705 m2 torpaq sahəsinə görə cari il üçün 1132.62 manat əmlak, 5392.8 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 22838.97 manat, faiz üzrə 7034.4 manat, maliyyə sanksiyası üzrə 100 manat olmaqla, ümumilikdə 33236.08 manat vergi borcu hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə əsasən, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -206.1-ci maddəsinə əsasən 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 2 manat müəyyən edilir, -206.1-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. -bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı 10.000 kv m torpaqlara münasibətdə torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 8 manat dərəcəsi tətbiq olunur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisi üzrə vergitutma obyekti sayılır. Vergi Məcəiəsinin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. İstinad olunan normanın məzmunundan görünür ki, faiz bir ildən çox olmamaq şərti ilə tətbiq edilə bilər. Cavabdeh isə iddiaçıya münasibətdə 3 il müddətinə vergi borcunu və həmin müddətə faiz borcunu hesablamışdır. Həmçinin, cavabdeh tərəfindən xəbərdarlıq məktubu kimi göstərilən sözügedən məktubda ünvanın iddiaçıya aid olmadığı müəyyən edilmişdir. Cavabdeh inzibati icraatın maraqlı şəxsin dəvət edilib, araşdırma aparılamsı ilə bağlı hər hansı etibarlı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli xəbərədarlıq məktundan görünür ki, iddiaçının ünvanının Abşeron rayonu, Bakı-Şamaxı şossesi MD-23 kimi yazılmış, halbuki, iddiaçının ünvanının araşdırma zamanı Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 24, mənzil 118 olduğu məlum olmuşdur. Həmçinin, cavabdehin İddiaçı barəsində tərtib etdiyi şəxsi hesab vərəqəsindəki mobil əlaqə vasitəsi də araşdırma zamanı iddiaçıya aid olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən inzibati icraat aparılmamış, işin halları ilə bağlı iddiaçıdan hər hansı sübut, material tələb edilməmiş, həmçinin belə bir qərarın mövcudluğundan iddiaçı sonradan məlumatlı olmuşdur. Belə olan halda Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-1527 saylı qərarı “İnzibati icraat haqqında” Qanunun tələbləri tətbiq edilmədən qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, xx/xx-1527 saylı qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2023cü il tarixli, xx/xx-1527 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2-1(118)-1821/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1821/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver