Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1827/2022 15.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı “onun işdən azad olunması haqqında 14 mart 2022-ci il tarixli əmrin ləğvi, işə qaytarılması və məcburi işsiz qaldığı müddətdə iş saatı kimi hesablanıb kompensasisya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Mərkəzi Hərbi Klinik Hospitalında 2021-ci ilin fevral ayından öz ixtisası üzrə Tibbi Psixoloq vəzifəsini icra olunması üçün işə qəbul olunmuşdur. Bütün həkimlər kimi onu da müqavilə əsasında kadrlar şöbəsindən əmrlər verilib.Təəssüflər olsun ki, 2022-ci ilin mart ayının ortalarında işə gəldiyi zaman şöbə müdiriyyəti tərəfindən ona bildirilmişdir ki, o işdən azad olunmuşdur. O geri dönüb, evinə qayıtmışdır. Sonra, Novruz bayramıyla əlaqədar uzun müddət istirahət günləri olduğu üçün, heç bir təşkilata müraciət edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə əsaslı xəbərnamə əsasında rəsmi ərizəylə sözügedən Klinikanın rəhbərliyinə müraciət edib, işə qaytarılmağını xahiş etmişdir. Üstündən 30 gün keçməsinə baxmayaraq, ərizəsinə rəsmi cavab ala bilməmişdir. Bu səbəbdən, məcbur olub məhkəmə orqanına iddia ərizəsiylə müraciət etməli olmuşdur. Əlavə olaraq, iddiaçı onu da bildirmişdir ki, Hospitalda işlədiyi müddətdə heç bir rəhbərlik tərəfindən, töhmət və xəbərnamə almamışdır. Həmişə işində nöqsanlar olmadığı üçün özü ilə şərəf duymuşdur. İddiaçı bildirir ki, 1985-ci il təvəllüdlü olmasına baxmayaraq, Rusiya ölkəsindən Azərbaycan Respublikasına qayıdanda 3 diplomu olub. Bütün diplomları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiqini tapıb. Hətta, ona ayrılmış ştat üzrə əlavə insan rəhbərliyin doğma qızı tərəfindən xidmət göstərilir, onda olan məlumatlara əsasən. Onu isə öz vəzifəsindən qanunsuz olaraq, əmrlə işdən azad ediblər. Qeyd edilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, bildirmişdir ki, hal hazırda X6 psixoloq ixtisasına ehtiyac olmasına baxmayaraq ona qarşı qərəz nümayiş elətdirilərək əmək müqaviləsinin müddətinin artırılmasından imtina olunur. Hesab edir ki, cavabdeh təşkilat əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələblərini pozub. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci ildə iddiaçı poçt vasitəsi ilə məhkəməyə iddia tələbinə əlavə göndərmiş və əsas iddia tələbində göstərilənlərlə yanaşı həmçinin işə qaytarılması, işsiz qaldığı ərəfədə günlər hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən otən məhkəmə iclaslarında iddiaçıya xx.xx.2022-ci il tarixli ərizəyə aydınlıq gətirilməsi təklif olunsa da, iddiaçı tərəfindən hər hansı bir aydılıq verilmədi. İddia tələbinə verilmiş əlavədə yazılanların əsas iddia tələbində öz əksini tapması səbəbindən məhkəmə əsas iddia tələbində yazılanlra mahiyyəti üzrə baxılmasını məqəsədəmüvafiq hesab etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı “əmrin ləğv edilməsi və işə qaytarılması” barədə tələbi ilə 6 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsində qeydiyyata alınmışdır.İş materiallarından göründüyü və iddiaçının da qeyd etdiyi kimi İddiaçı Azərbaycan Ordusunun tabeliyində olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “psixi vəzifəsində işləmişdir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçuların bir qisminin psixoloji durumunun gərgin olmasını nəzərə alaraq xəstə sayının çoxluğu ilə əlaqədar İddiaçı 18 fevral 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Baş X1 bölməsində vakantda olan 9-cu dərəcəli psixoloqu vəzifəsinə 2 (iki) ay sınaq müddəti ilə işə qəbul edilmiş və bir illik əmək müqaviləsinə əsasən fəaliyətə başlamışdır. Bundan sonra xəstələrin müalicələri azaldığından hospital İddiaçı müqaviləni artırmamaq və gələcəkdə həmin vəzifənin ixtisar olunması yuxarı komandanlığa müraciət ünvanlanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospital rəisi İddiaçı ilə müqavilənin müddətini uzatmadan işdən azad edilməsi üçün 5 fevral 2022-ci il tarixdə bildiriş təqdim etmiş, lakin sonuncu bildirişlə tanış olmaqdan imtina etmişdir. Beləliklə, 14 mart 2022-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospital rəisinin 58 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissə “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) səbəbindən vətəndaş İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Əlavə olaraq cavabdeh bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi 5 aprel 2022-ci il tarixdə MN BKH-a tələbnamə ilə ərizə ünvanlamış lakin, bu günədək cavab almadığını bildirmişdir. Lakin, İddiaçı iddia ərizəsində göstərdiyi faktla bildirmək istəyir ki, onun müraciəti 12 aprel 2022-ci il tarixdə MN BKH-a daxil olmuş və 15 aprel 2022-ci il tarixdə 2812 nömrəli xaric olma məktubu ilə cavablandırılmışdır. Həmçinin, X5 17 mart 2022-ci il tarixdə əmək hüquqla pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri müraciət etdikdən sonra onunla bağlanmış müqaviləyə xitam vermənin səbəbləri ba ünvandan Baş Klinik Hospitala 29 mart 2022-ci il tarixdə **********6 nömrəli sorğu olmuş, həmin sorğulara cavab olaraq İddiaçı işdən azad olubnması səbəblər prosedurları cavab məktubu ilə çatdırılmış, X3 Bakı şəhər İdarə və bununla əlaqədar Əmək münasibətlərinə nəzarət edən orqan tərəfindən Baş Klinik Hospitala onun qanunsuz işdən azad olunub-olunmaması ilə bağlı hər hansı bir inzibati xəta haqqında protokol tərtib edilməyərək qərar qəbul etməmişdir. Bu da, onu təsdiq edir ki, vətəndaşın əmək müqaviləsində MN BKH-da xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş və Əmək müqaviləsinə qanunauyğun xitam verilmişdir. Mövcud məsələ ilə əlaqədar cavabdeh tərəfindən 9 iyun 2022-ci il tarixli məktubla X3 Bakı şəhər İdarəsinə (əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti) məlumat almaq məqsədilə ünvanlanmış və həmin təşkilatın cavabı rəsmi şəkildə daxil olduqdan sonra təqdim ediləcəkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək, bildirmişdir ki, hal-hazırda X6 əlavə psixoloq ştatına ehtiyac yoxdur. İddiaçı ilə təmsil etdiyi qurumun arasında 2 illik əmək müqaviləsinin müddəti bitdiyinə görə iddiaçı tutduğu vəzifədən azad olunub. Hesab edir ki, təmsil etdiyi qurumun iddiaçının qarşısında hər hansı bir öhdəliyi yoxdur və iddiaçının işdən azad olunması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli 4424 nömrəli etirazı, Silahlı Qüvvələrin Baş X7 Bəhruzinin psixiloq vəzifəsinə qəbul edilməsi haqqında 18 fevral 2021ci tarixli əmri, 1293 saylı əmək müqaviləsinin surəti, Müdafiə Nazirliyinin Baş X4 Bəhruzinin işdən azad olunması haqqında 58 saylı 14 mart 2022-ci il tarixli əmrinin surəti, Əmək kitabçasının və işdən azad olunması haqqında bildirişin surəti və həmin sənədlərin göndərilməsi haqqında reyesterdən çıxarış və və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət etmişdir və iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalın 18 fevral 2021-ci tarixli əmri 2 ay sınaq müddətinə psixioloq vəzifəsinə qəbul edilmişdir. Qeyd olunan təşkilat ilə İddiaçı arasında 1293 saylı əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci ildə xx.xx.2022-ci ilədək olmuşdur. Müqavilədə göstərilən müddət bitdiyindən cavabdeh təşkilatın 14 mart 2022-ci il tarixli əmri ilə İddiaçı tutduğu vəzifədən azad olunmuşdur. Lakin iddiaçı qeyd olunan əmr ilə razılaşmır və həmin əmrin qanun pozuntusu ilə verildiyini iddia edir. Məhkəmə iddiaçı tərəfindən gətirilən arqumentlər ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin b yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitamına səbəb olur.Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1 maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin məcəllənin 74-cü maddəsi diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü tənzimləyərək müəyyən edirki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda sadalanan maddi hüquq normalarından bəlli olur ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında tənzimlənir. Əmək müqavilələri müddətli və müddətsiz ola bilər. Əgər müddətli əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq əmək münasibətləri davam etdirilərsə o halda əmək müqaviləsi həmin şərtlərlə uzadılmış hesab edilir. Əmək Məcəlləsinin tələblərinə əsasən əmək müqaviləsinin tərəfləri müqavilənin bağlanmasına məcbur edilə bilməz. Başqa sözlə desək diskression səlahiyyəti olan qurum vaxtı bitmiş müqavilənin onun iradəsi ziddinə yenidən bağlanmasına məcbur edilə bilməz. Cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsininin 69-cu maddəsində qeyd olunan prosedur qaydalarının pozulmasına dair iddiaçının gətirdiyi arqumentə məhkəmə razılaşmır. Hesab olunur ki, Əmək Məcəlləsinin 69-cu maddəsində ki tələblər müddətsiz və ya müddəti hələ bitməmiş əmək müqaviləsinin tərəflərinə şamil edillir. Belə ki, müddətli əmək müqaviləsinin ləğvini tənzimləyən və xüsusi norma qismində çıxış edən Əmək Məcəlləsinin 73-cü maddəsi həmin Məcəllənin 69-cu maddəsində qeyd olunanları istisna edir. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının bu səpkidə gətirdiyi dəlillər əsassızdır. Hesab olunur ki, cavabdeh təşkilatın üzərinə müddəti bitmiş əmək müqaviləsinin yenidən həmin şərtlərlə bağlanması öhdəliyinin qoyulması Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə və İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qarşı “onun işdən azad olunması haqqında 14 mart 2022-ci il tarixli əmrin ləğvi, işə qaytarılmad və məcburi işsiz qaldığı müddətdə iş saatı kimi hesablanıb kompensasisya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1827/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1827/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver