Məhkəmə qərarları › İş №2-1(118)-1828/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1828/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1828/2025 02.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları

1. JN 0142 KOD 30225088 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Xaçmaz rayonu 1 saylı Dövlət Notariat Kontorunun 8 fevral 2006-cı il tarixli, 4Ə/1-131 nömrəli müqaviləsi ilə 0,49 ha torpaq sahəsi İddiaçı satılmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 mart 2024-cü il tarixli, 3-21-3-41/2-2435/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-0142 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0,49 ha torpaq sahəsinə elektron məlumat bazasına əsasən digər şəxsin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 dekabr 2025-ci il tarixli, 3-21-3-34/2-17798/2025 nömrəli məktubu ilə 0,49 ha torpaq sahəsinə digər şəxsin adına verilmiş **********78 reyestr nömrəli çıxarışın və verilməsinə əsas olan sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 24 fevral 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3i ünvanında yerləşən **********78 reyestr nömrəli 1,2317 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. - 7 dekabr 2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X4 0,4926 ha torpaq sahəsini alıcı X1 mülkiyyətinə vermişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 20 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3i ünvanında yerləşən **********45 reyestr nömrəli 0,4926 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 8 avqust 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3i ünvanında yerləşən **********20 reyestr nömrəli 0,7391 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. - JN 0033 KOD 30225088 Dövlət Aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə 0,49 ha torpaq sahəsi X6 və X3 verilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

4. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0142 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən və ünvan 3i ərazisində yerləşən 0,49 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

6. Məhkəmənin 1 dekabr 2025-ci il tarixli, 2-1(118)-1828/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.

7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda qeyd edilən hallara (§2) istinad edilmiş, iddianın təmin edilməməsi xahiş edilmişdir.

9. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 2.4, 9.1.2, 11.1, 15, 16.6-cı maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

14. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

15. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

16. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

17. Nəzərə alınmalıdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.

18. İşin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur və məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

19. Bu baxımdan “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

20. İddiaçı iddia tələbinin əsası kimi bildirir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya JN 0142 KOD 30225088 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mövcuddur, lakin cavabdeh tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından əsassız olaraq imtina verilmişdir.

21. Cavabdeh orqanın imtina dəlili isə ondan ibarətdir ki, iddia edilən torpaq sahəsinə dair digər şəxsin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır.

22. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, iddiaçı tərəfin iddia etdiyi 0,49 torpaq sahəsi **********78 reyestr nömrəli 1,2317 ha torpaq sahəsinin daxilində yerləşir.

23. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında məhkəmə müəyyən etmişdir ki, qeyd edilən 24 fevral 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarış mövcuddur, qüvvədən düşməsinə və ya ləğv edilməsinə dair hər hansı məlumat təqdim edilməmişdir.

24. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən qeydiyyat hüquqmüəyyənedici sənədlər əsasında aparılır və qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada, hüquqmüəyyənedici sənədin qüvvədə qaldığı müddət ərzində onun əsasında əldə edilmiş hüquq və həmin hüququn reyestrdə aparılmış qeydiyyatı da hüquqi cəhətdən mötəbər hesab olunur.

25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2025-ci il tarixli, 2-1(102)-1506/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “İddiaçı məqsədinə yalnız sözügedən bağ sahəsinə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. Lakin bu zaman hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinin mövcudluğu yoxlanılmalı və həmin şərtlərin ödənilib-ödənilmədiyi, o cümlədən iddia müddətinin ötürülüb-ötürülmədiyi müəyyən olunmalıdır.”

26. Belə ki, iddiaçı hazırda mübahisə predmeti olan ünvan 3i ərazisində yerləşən 0,49 ha torpaq sahəsini iddia etsə də, həmin ərazi 24 fevral 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışda əks olunmuş torpaq sahəsinə daxildir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

27. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək izah olunur ki, yaranmış vəziyyətin aradan qaldırılması məqsədi ilə digər şəxsə (X2) məxsus sənədlər iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilən hissədə məhkəmə icraat qaydasında mübahisələndirilə bilər.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar