Məhkəmə qərarları › İş №2-1(118)-1829/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1829/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1829/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “ X8, X9 və X2 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən 1 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X8, X9 və X3 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən 1 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən 1 saylı evə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarış onun adınadır. Belə ki, cavabdehlər X4, X6 və X5 tanımır. Onlarla heç bir əlaqəsi yoxdur. Həmin şəxslərin onun evinə hansı əsaslarla qeydiyyata alınmasından heç bir məlumatı yoxdur. Kommunal xərclər ödəyən zaman ona məlum olmuşdur ki, X8, X9 və X10 ona məxsus evdə qeydiyyatdadırlar. İddiaçı onların yerinə boşuna kommunal xərclər ödəyir. O bir mülkiyyətçi kimi həmin şəxslərin evində qeydiyyatda olması səbəbindən mülkiyyətindən rahat və maneəsiz istifadə edə bilmir. İddiaçı həmin şəxslərin o evdən qeydiyyatdan çıxması ilə bağlı ilk öncə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə ərizə ünvanlamış, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli cavab məktubundan bildirilmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azəbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanını qeydiyyata və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsələr də məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən seriya MA ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən 1 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X8, X9 və X1 rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən 1 saylı evdə qeydiyyatdadırlar. - Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 30.08.2021-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən 1 saylı ev İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə X8, X9 və X10 da qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 30.08.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “ X8, X9 və X3 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən 1 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X8, X9 və X1 rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində yerləşən 1 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar