Məhkəmə qərarları › İş №2-1(118)-183/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-183/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-183/2022 19.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Şirəliyeva Vəfa Zavrulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli, 02/06-53 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli, 02/06-53 nömrəli qərarın etibarsız hesab edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdeh tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli, 02/06-53 nömrəli qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 1987-ci ildən etibarən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsində yerləşən 16 nömrəli yaşayış evinin həyətindəki 26 kv.metr torpaq sahəsi Xırdalan bələdiyyəsinin 26 dekabr 2011-ci il tarixli, 06 saylı qərarı ilə ona avtomobil qarajı məqsədi ilə 99 illiyə icarəyə verilmiş, bu barədə bələdiyyə ilə iddiaçı arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 26 dekabr 2011-ci il tarixdə 06 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarə haqqı hər il üçün 26.00 manat müəyyən edilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsində qaraj inşa etmiş və ona tikiliyə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 23 may 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ******* RX seriyalı çıxarış (Reyestr № **********22-06301) almışdır. Vətəndaş icarəyə götürdüyü torpaq sahəsini təyinatına görə istifadə etmiş və icarə haqqını icarə müqaviləsində göstərildiyi kimi 26 manat məbləğində bələdiyyənin hesabına hər il köçürmə yolu ilə ödəmişdir. İddiaçı 2021-ci il mart ayının əvvəlində poçt zərfinin üzərindəki möhürdə 11 mart 2021-ci il tarixi göstərilən, Xırdalan bələdiyyəsinin blankında çap olunmuş 001/41 nömrəli 03 mart 2021-ci il tarixli, Xırdalan bələdiyyəsinin BVXO-nun rəisi Həmid Həmidov tərəfindən imzalanmış məktubu almış və məktubda icarəyə götürdüyü torpaq sahəsinə görə icarə haqqının onun tərəfindən heç vaxt ödənilmədiyi, riyazi hesablama yolu ilə 418 manat 86 qəpik borcunun olduğu bildirilmişdir. Məktubda daha sonra icarə haqqının bələdiyyə tərəfindən artırılaraq 3 manat təşkil etdiyi və bu səbəbdən müqavilənin yenidən bağlanmasının zəruriliyi göstərilmişdir. İddiaçı məktuba cavab olaraq, 01 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və tərəflər arasında bağlanmış müqavilə şərtlərinin 4 və 5-ci bəndlərinə əsaslanaraq bələdiyyənin ona ünvanladığı məktubun əsassız olduğunu bələdiyyə sədri cənab Orxan Musayevə yazılı şəkildə bildirmiş və məktuba icarə haqqına görə ödənilmiş qəbzlərin surətlərini əlavə etməklə poçt vasitəsi ilə göndərmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfov tərəfindən 09 iyul 2021-ci il tarixdə saat 10:03 radələrində iddiaçının şəxsi mobil telefonuna sms göndərilməklə barəsində icra vərəqəsinin icra olunması üçün şəxsiyyətiini təsdiq edən sənədlə birlikdə şöbəyə yaxınlaşması xahiş olunmuşdur. Vətəndaş 11 iyul 2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya şöbəsinə yaxınlaşmış və icra məmuru vətəndaşı Xırdalan bələdiyyəsinin 02/06-53 nömrəli, 09 iyun tarixli qərarı ilə tanış etmiş, həmin qərarda torpaq icarəsi haqqına görə onun bələdiyyəyə 518 manat 86 qəpik borcu olduğu göstərilmişdir. İddiaçı bildirir ki, Xırdalan bələdiyyəsinin 02/06-53 nömrəli, 09 iyun tarixli qərarı ilə əlaqədar onun heç bir məlumatı olmamış və bu barədə ona heç bir rəsmi və ya qeyri-rəsmi bildiriş verilməmişdir. Xırdalan Bələdiyyəsi vətəndaşın torpaq icarə haqqını ödəyib-ödənilmədiyini, bələdiyyəyə ünvanladığı 01 aprel 2021-ci il tarixli etiraz məktubunu araşdırmadan və tərəfin məlumatı olmadan əsassız qəbul etdiyi qərarı Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Bu səbəbdən, iddiaçı hüquqları və qanunla qorunan mənafelərinin pozulduğu üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, vətəndaş İddiaçı Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 16, mənzil 7 ünvanında yerləşən torpaq sahəsinə görə 26 dekabr 2011-cı il tarixli, 06A nömrəli torpaq icarə müqaviləsi üzrə ötən dövrlər üzrə icarə haqqı borcunun məcburi qaydada ödənilməsi üçün Xırdalan bələdiyyəsinin 09.06.2021-ci il tarixli, 02/06-53 nömrəli qərarı icra olunması üçün Abşeron rayonu icra və Probasiya şöbəsinə göndərilmişdir. Vətəndaşın müraciəti zamanı məlum olmuşdur ki, sənədlərin göndərilməsində yalnışlıq baş vermişdir. Daha sonra “icra haqqında’’ Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən vətəndaş İddiaçı barəsində göndərilmiş icra sənədinin geri göndərilməsi Abşeron rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfovdan xahiş olunmuşdur. Bildirilir ki, İddiaçı barəsində Xırdalan bələdiyyəsi tərəfindən başlanılmış icraat dayandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Xırdalan bələdiyyəsinin 02/06-53 saylı, 09 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. - Abşeron rayonu Xırdalan bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2011-ci il tarixli müqavilədən görünür ki, Xırdalan bələdiyyəsinin 26 dekabr 2011-ci il tarixli 06 saylı qərarı əsasında İddiaçı torpaq sahəsi icarəyə verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ, 0,0026 ha torpaq sahəsi üzərində isə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, bələdiyyə tərəfindən iddiaçıya 518,86 manat məbləğində vergi hesablanmış, həmin vergi məbləğinin tutulması üçün “İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi” barədə 02/06- 53 saylı, 09 iyun 2021-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda bələdiyyənin sözügedən qərarından narazıdır və ləğv edilməsini məhkəmədən xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisələndirilən 02/06-53 saylı, 09 iyun 2021-ci il tarixli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş aktla tanış olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Abşeron rayon Güzdək bələdiyyəsi «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 02/06-53 saylı, 09 iyun 2021-ci il tarixli qərar onu qəbul edən inzibati orqan Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda əmlak və torpaq vergisi hesablansa da, iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, əmlak və torpaq vergisi üzrə ayrı-ayrılıqda vergi borcunun məbləği, vergi hesablanması zamanı torpağın kateqoriyasına uyğun olaraq vergi dərəcəsinin müəyyən edilib-edilməməsi qeyd edilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - mübahisələndirilən 02/06-53 saylı, 09 iyun 2021-ci il tarixli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fiziki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin 02/06-53 saylı, 09 iyun 2021-ci il tarixli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 02/06-53 saylı, 09 iyun 2021-ci il tarixli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin 02/06-53 saylı, 09 iyun 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xırdalan bələdiyyəsinin 02/06-53 saylı, 09 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar