Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-183/2024 12.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin Bağçılıq Bostançılıq Yoldaşlığı tərəfindən verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin Bağçılıq Bostançılıq Yoldaşlığı tərəfindən verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildə Taxıl Məhsulları Nazirliyinin Həmkarlar İttifaqı tərəfindən həmin nazirliyin işçilərinə Abşeron rayonu, Novxanı qəsəbəsində ümimilikdə 7,0 ha bağ sahəsi ayrılmışdır. İddiaçı 1983-1991-ci illərdə həmin nazirlikdə baş energetik vəzifəsində işləmişdir. Bağçılıq bostançılıq tərəfindən iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıda olan sənədə görə torpaq sahəsinin yeri məlumdur və onun faktiki istifadəsindədir. O, üç dəfə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin hər dəfə bir bəhanə ilə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş bağçılıq kitabçasının verilməsinə əsas olmuş qərarın və ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi, Torpaq sahəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" QSC-yə göndərilmiş sorğuya cavab olaraq əldə edilən məlumata əsasən sözügedən ərazi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına torpaq sahəsinin mühafizə zolağına düşməsi səbəbindən mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan : -Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Abşeron rayon XDS İK-nin 01 sentyabr 1990-cı il tarixli, 221 nömrəli qərarından görünür ki, həmin qərarla Novxanı üzümçülük-heyvandarlıq sovxozunun suvarılmayan dinc yerindən hər ailə üçün 0.06 ha hesabı ilə 97 ailəyə 5.82 ha kollektiv bağçılıq-bostançılıq sahəsi, 1.18 ha yol və küçələr üçün, cəmi 7.0 ha torpaq sahəsi Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinə ayrılmışdır. - Abşeron rayon Dövlət Arxivinin F298 saylı 28 mart 2022-ci il tarixli arayışdan görünür ki, Abşeron rayon XDS İK-nin 01 sentyabr 1990-cı il tarixli 221 nömrəli qərarı ilə Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinə Bağçılıq-Bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Bu sərəncam ümumi olduğundan heç bir adlı siyahı daxil edilməmişdir. - "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinə aidiyyəti qurumları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 41 km pk 6-da yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarına əsasən qeyd olunan ərazidə dəmir yolunun təhkim zolağının eni 29.0 metr müəyyən olunmuşdur. -Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. -İddiaçıya aid ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikadı Taxıl Məhsulları Nazirliyində baş enerqetik vəzifəsində işləmişdir. -iddiaçıya verilmiş bağçılıq üzvlük kitabçasından görünür ki, o, xx.xx.1991-ci il tarixdə Taxıl Məhsulları Nazirliyinin X1 üzvlüyünə qəbul edilmiş və ona 600 kvm ölçüdə 9-cu sırada yerləşən 49 saylı bağ torpaq sahəsi ayrılmışdır. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin qərarları arxivə dövlət mühafizəsinə verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhər XDS arxiv fondu üzrə 1990-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sənədlərdə X6 işləyən işçilərə torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyi Kollektiv Bağçılıq-Bostançılıq Cəmiyyətindən İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən naturada mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Yerquruluşu planından çıxarışda göstərilən koordinatlar iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatlarına uyğundur. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən tanıdılan 0,0596 ha torpaq sahəsinin 0,0256 ha hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin hallarından müyyən edir ki, iddiaçı işlədiyi Taxıl Məhsulları Nazirliyinə Bağçılıq- Bostançılıq tərəfindən ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Cavabdeh ilkin imtinasında torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərarın ərizəyə əlavə edilmədiyini, iddiaçının adlı mövcud adlı siyahıda aşkar edilmədiyi və torpaq sahəsinə baxış keçirilməsinə şərait yaradılmadığını, sonuncu imtinasında torpaq sahəsinin yaxınlığından dəmir yolu xəttiniun keçdiyini və torpaq sahəsinin dəmir yolu xəttinin mühafizə zolağına düşüb-düşməməsi barədə ”Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlandığını, iddia ərizəsində etirazda isə əlavə olaraq ayrıc aktının və ilkin baş planın ərizəyə əlavə edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar : (...) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respyblikaı Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-2282/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, ” Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı məhz Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989cu il tarixli, 172 saylı qərarının icrası qaydasında qəbul edilmişdir. Həmin qərarda Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də Abşeron rayon XDS-nin İcraiyyə Komitəsinə təxirə salmadan Ermənistan SSR-dən daimi yaşayış yerlərini məcburi olaraq tərk edərək gəlmiş və eləcə də əvvəlki yaşayış yerlərinə qayıtmaq istəyən ailələrin torpaq sahəsi ilə təmin edilməsi, məskunlaşdırılacaq yaşayış yerlərinin sosialinfrastrukturunun yaradılması üçün tədbirlər görülməsi tapşırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 2645 saylı, 29 dekabr 2014-cü il tarixli rəydə qeyd olunmuşdur ki, Abşeron rayon X10 İcariyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 saylı qərarına əsasən X3 0,20 ha olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə müvafiq mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, Pirəkəşkül-Qobustan bələdiyyəsinin imza və möhürləri ilə təsdiq edilmiş Abşeron rayonunun Pirəkəşkül-Qobustan bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və torpaq sahəsinin 0.20 ha olduğu müəyyən edilmişdir. Beləliklə, istinad olunan sənədlər onların məqsəd və məzmunları nəzərə alınmaqla birgə qiymətləndirildikdə, iddiaçıya ata-baba yurdunun bərpasına icazə verilməsi barədə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı, əslində, ona fərdi yaşayış evinin tikintisi və bunun üçün torpaq sahəsinin ayrılması məqsədinə yönəlmişdir. Sözügedən inzibati aktın hədəflədiyi məqsəd məhz bundan ibarət olmuşdur. Ona görə də, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarın torpaq sahəsinin ayrılmasına dair inzibati akt olub-olmadığı məsələsinə məhz inzibati aktın məqsəd ünsürü nəzərə alınmaqla qiymət verilməlidir. 31. Nəzərə almaq lazımdır ki, açıq şəkildə göstərilibgöstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından qiymətləndirilərkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da dəyərləndirmə aparılmalıdır. Bu mənada, hazırki işin halları baxımından aydındır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. Çünki həmin qərar məhz Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 saylı qərarının icrası qaydasında qəbul edilmişdir. Qeyd edilən qərarda isə yuxarıda da göstərildiyi kimi ehtiyacı olan vətəndaşların məskunlaşdırılması ilə bağlı məsələlər, o cümlədən fərdi yaşayış evlərinin tikintisini təmin etmək üçün onlara torpaq sahələrinin ayrılması məsələsinin həll edilməli olduğu müəyyən edilmişdir. Beləliklə, işdəki sənədlərin məcmusu, o cümlədən inzibati aktın məqsəd ünsürü nəzərə alındıqda Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəddir.” Ali Məhkəmənin yuxarıda göstərilən Qərarda sərgilədiyi mövqeyi nəzərə alaraq və sübutların məcmuu qaydada qiymətləndirərək məhkəmə hesab edir ki, 600 kv m torpaq sahəsi iddiaçıya Abşeron rayon XDS İK-nin 221 saylkı xx.xx.1990-cı il tarixli Qərarının icrasının nəticəsi olaraq ayrılmışdır. Cavabdehin iddiaçının adlı siyahıda olmamasına dair dəilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin qərara ümumiyyətlə adlı siyahı əlavə olunmadığından bununla bağlı iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmağı ədalətli hesab etmək olmaz. Bundan başqa iddiaçının torpaq sahəsi ayrılan illərdə X4 işləməsi və Bağçılıq Yoldaşlığın üzvlük kitabçasını təqdim etməsi torpaq sahəsinin qanunvericiliyin tələbləeinə uyğun şəkildə ayrılmasını təsdiq edir. Mübahisəsi hedən torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 97-ci madəsinə əsasən müəssisələrə, idarələrə və təşkilatlara kollektiv bağçılıq və bostançılıq üçün bağçılıq şirkətinin hər üzvünə və ya kollektiv bostançılığın hər iştirakçısına 600 kvadrat metrədək ölçüdə torpaq sahələri verilə bilər. Kollektiv bağçılıq üçün torpaqlar Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatından, kollektiv bostançılıq üçün torpaqlar isə şəhər X10 icraiyyə komitəsinin qərarı əsasında,şəhərlərin yaxın illərd tikinti işləri üçün və ya başqa ehtiyaclar üçün ayrılmamış boş torpaqlarından və qəsəbə, kənd X10 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan qaydada ayrılmış dövlət ektiyatı tortpaqlarından istifadəyə verilir. Məhkəmə yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair qərara ayrıc aktının və ya ilkin baş planın təqdim edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınması üçün mötəbər dəlil hesab edilə bilməz. Məhkəmə ayrıc aktının və ya ilkin baş planının təqdim edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya ayrılmış 600 kv m torpaq sahəsinə dair Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təsbit edilmişdir. Bu isə torpaq sahəsinin ayrıc aktına bərabər sayılır. Cavabdehin torpaq sahəsinin 0,0256 ha hissəsinin dəmir yolunun mühafizə zolağına düşməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 16-cı bəndinə görə dəmir yolunun sanitariyamühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən tanıdılan 0,0596 ha torpaq sahəsinin 0,0256 ha hissəsi dəmir yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin bağçılığın istifadəsinə ayrılması barədə qərarda həmin torpaqların qısa və ya uzunmüddətli istifadəyə verilməsi və hansı məqsədlə ayrılması qeyd edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşn hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin Bağçılıq Bostançılıq Yoldaşlığı tərəfindən verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,034 ha torpaq sahəsi (0,0596-ha - 0,0256 ha) üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin Bağçılıq Bostançılıq Yoldaşlığı tərəfindən verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,034 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-183/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-183/2024
12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver