Məhkəmə qərarları › İş №2-1(118)-1833/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1833/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1833/2022 04.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonunun Yergüc kəndində yerləşən qeyd olunan 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və sənədlərin hazırlanaraq verilməsindən cavabdehin imtinasını əsassız hesab etməklə həmin öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonunun Yergüc kəndində yerləşən qeyd olunan 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və sənədlərin hazırlanaraq verilməsindən cavabdehin imtinasını əsassız hesab etməklə həmin öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı imtina məktubu ilə Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,01 ha torpaq sahəsi üzərində iddiaçının hüququnun Dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün edilən xx.xx.2022-ci il tarixli ərizəsinin icrasından imtina edilmişdir. Cavabdehin ünvanladığı göstərilən məktubda qeyd olunur ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyi 0.01 ha torpaq sahəsi Xaçmaz rayonu Yergüc bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 28 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş X2 Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Həmin dövrdə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Hesab olunur ki, imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və sənədlərin hazırlanaraq verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı Yergüc bələdiyəsinin 30 dekabr 2006-cı il tarixli 28 saylı qərarı ilə Yergüc kəndindən fərdi təmir və iaşə obyektinin tikintisi məqsədi ilə 0.01 ha (100 kvm) torpaq sahəsi almışdır. Torpaq sahəsi iddiaçıya satılarkən ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon Şöbəsinin müdiri Ş.Aslanovun xx.xx.2006-cı il tarixli 2130 saylı rəyi alınmışdır. Torpaq sahəsinin dəyəri olan vəsait iddiaçı tərəfindən 2006-cı ilin noyabr ayında bələdiyyənin hesabına köçürülmüş, ərazinin 10000-lik xəritəsi çəkilərək Yergüc bələdiyyəsi və ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən təsdiqlənmişdir. Aldığı 0.01 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü (kadastr sənədi) tərtib edilərək verilmişdir. Torpaq sahəsinin alınmasına dair alqı-satqı aktının xx.xx.2007-ci il tarixdə 2685 nömrə ilə qeydiyyata alınması iddiaçının günahı deyildir. Buna cavabdeh olan ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon Şöbəsinin vəzifəli şəxsləri aktı gec qeydə aılblarsa məsulliyyət onların üzərindədir. Nəzərə alınmalıdır ki, 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə görə xx.xx.2007-ci il tarixdən etibarən Bələdiyyə torpaqları cavabdehin məktubunda göstərilən qaydada əldə edilir. İddiaçı isə qeyd olunan 0.01 ha torpaq sahəsini təxminən bir il əvvəl xx.xx.2006-cı il tarixli 28 saylı Bələdiyyə qərarı ilə almışdır. Göründüyü kimi cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edilən 0.01 ha torpaq sahəsi Xaçmaz rayonu Yergüc bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 28 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş X2 Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Həmin dövrdə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilərdi. Bildiririk ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-1İİQD saylı qanunla "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazla eyniməzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aşağıdakılar aiddir: • İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli, **********78 nömrəli imtina məktubuna əsasən iddiaçının ərizəsinin icrasından imtina olunmuşdur. • Xaçmaz rayon Dövlət Arxivinin 667 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv məlumatlarına əlavə edilmiş rəylərdən görünür ki, Yergüc kənd sakini İddiaçı fərdi təmir və iaşə obyektinin tikintisi məqsədilə 100 kv.metr torpaq sahəsinin ayrılması qanunamüvafiq hesab edilmişdir. Yergüc Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 28 saylı qərarı ilə satılmış 100 kv.metr torpaq sahəsi Yergüc Bələdiyyəsinin mülkiyyətinə aid olmuşdur və ərazi elektrik, rabitə, nəqliyyat, su kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. • İşdə olan mədaxil qəbzindən görünür ki, 2006-cı ilin noyabr ayının 22-də Yergüc Bələdiyyəsinin hesabına müvafiq məbləğdə pul köçürmüşdür. • Xaçmaz rayon Yergüc Bələdiyyəsinin xəritəsindən çıxarış da iş materiallarına əlavə edilmişdir. • Xaçmaz rayon Yergüc Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 28 saylı Qərarına əsasən Yergüc kənd sakini İddiaçı fərdi təmir və iaşə obyektinin tikintisi məqsədilə 100 kv.metr torpaq sahəsi ayrılmışdır. • Torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı Yergüc bələdiyyə orqanına 10 oktyabr 2006-cı il tarixdə torpaq sahəsinin alınması ilə bağlı müraciət etmişdir. Lakin həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. • Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr kitabında xx.xx.2008-ci il tarixdə qeydə alınmış torpaq sahəsinin planı və ölçüsündə iddiaçıya bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı ilə 100 kv.metr torpaq sahəsinin satıldığı göstərilmiş, bundan əlavə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin göstəriciləri, əsas döngə nöqtələrinin koordinatları, habelə torpaq sahəsinin qonşu sərhədləri qeyd edilmişdir. • Xaçmaz rayon Yergüc Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 40 saylı arayışına əsasən iddiaçı ona sahibkarlıq məqsədilə ayrılmış torpaq sahəsindən hazırda istifadə edir və torpaq vergisini bələdiyyə büdcəsinə ödəyir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Xaçmaz rayon Yergüc bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli qərarı əsasında 0,01 ha torpaq sahəsi sahibkarlıq məqsədilə ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi 2006-cı ildə verilmişdir. Torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb iddiaçıya təhvil verilmiş və bu barədə müvafiq sənəd rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyəri olan pul vəsaiti 22 noyabr 2006-cı ildə qəbz əsasında Yergüc bələdiyyəsinin hesabına köçürülmüşdür. İddiaçı ona ayrılmış 0,01 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinası aşağıdakılardan ibarətdir: 1) 0.01 ha torpaq sahəsinin Xaçmaz rayonu Yergüc bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 28 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş X2 Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınması; 2) müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsinin keçirilməməsi, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməməsi. Məhkəmə cavabdeh təşkilat tərəfindən irəli sürülən imtinanı araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın irəli sürdüyü 1-ci yanaşmaya münasibətdə məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. İşdən göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsini Xaçmaz rayon Yergüc bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli qərarı əsasında əldə etmiş, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi 2006-cı ilin oktyabr ayında verilmiş, eyni zamanda bələdiyyənin hesabına köçürmə xx.xx.2006-cı il tarixdə həyata keçirilmişdir. Torpağın alqı-satqısına dair aktın xx.xx.2007-ci il tarixdə tərtib edilməsi vətəndaşın təqsiri deyildir. Həmin aktın qeydə alınması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilir ki, onların da torpaq sahəsinin satılmasının məqsədə müvafiq olmasına dair rəyi xx.xx.2006-cı il tarixdə verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin birinci imtinası tamamilə əsassızdır. İkinci imtina ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DT və XK-nın müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DT və XK-nın verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registerinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DT və XK-nın müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DT və XK-dan (əvvəlcədən və ya sonradan) alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Göründüyü kimi, iddiaçıya sahibkarlıq məqsədilə ayrılmış torpaq sahəsinin plan və ölçü sənədlərində kadastr göstəriciləri, elektron xəritədən çıxarış əlavə edilmişdir. Cavabdeh orqan məhkəmə iclasında iştirak etsə də, iddiaçının torpaq sahəsinin hər hansı bir fiziki və ya hüquqi şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə də gətirdiyi yanaşması əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xaçmaz rayonunun Yergüc kəndində yerləşən qeyd olunan 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və sənədlərin hazırlanaraq verilməsindən cavabdehin imtinasını əsassız hesab etməklə həmin öhdəlik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar