Məhkəmə qərarları › İş №2-1(118)-1835/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1835/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1835/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən onun adına verilmiş xx.xx.2020-ci il tarixli, THTU-0005187 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı diplomunu aldıqdan sonra almış olduğu ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinə müraciət etmiş, cavabdehin 11-10 -2022-ci il tarixli A-309/03-TKTA saylı məktubunda bildirilmişdir ki, “araşdırma nəticəsində Sizin aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir”.Cavab məktubunda həmçinin Nazirlər Kabinentinin 2003-cü il 13 may tarixli,64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydalarımın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr,təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Göstərilənlər və Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın İİİ. 1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların qiymətləndirilməsi meyarları və prosedurları üzrə tövsiyələrin V hissəsini və izahedici memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən adına verilmiş xx-xx-2022-ci il tarixli, TSMU N004535 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınmasının mümkün hesab olunmadığı göstərilmişdir.” Hesab edir ki, cavabdehin imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. O, 5 il 10 ay müddətində əyani təhsil almış, təhsil aldığı müddətdə bütün imtahanları özü vermiş, rus dilini və ixtisasını yaxşı bilir. Lakin Nazirliyin Ekspert qrupu bunları nəzərə almayıb. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2021-ci il tarixli imtina qərarı, diplomun və onun əlavəsinin surəti, Təhsildə Keyfiyyət Təminatı Agentliyin xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ təhsil sənədinin aldığı vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, xarici təhsil müəssisələrinin verdiyi təhsil sənədlərinin respublika ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Agentlik hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Qusar rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır.Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş 03 fevral 2023-cü ildə Nazirlər Kabinetinin 34 saylı qərarı ilə ləğv edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tələb olunur. İş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetinin Stomatologiya ixtisası üzrə xx.xx.2020-ci il tarixli, THTU-0005187 nömrəli bakalavr diplomu əldə etmiş və ona müvafiq təhsil sənədi verilmişdir. İddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də, müraciəti tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması əsası ilə təmin edilməmişdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə mütəxəsiss rəyi alınması üçün məhkəmə tərəfindən şərait yaradılmasına baxmayaraq, iddiaçı müsahibələrdə iştirak etməmişdir. Göründüyü kimi, iddiaçının müsahibələrdən yayınması cavabdeh təşkilatın imtinasının əsaslı olmasına dəlalət edir. Həmçinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçı Səhiyyə nazirliyində keçiriləcək sınaq imtahanına dəvət edilsə də iştirak etməmişdir. “Təhsil haqqında” Qanunun 13.1 -ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 N-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramfnın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə əyani təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar 03 fevral 2023-cü ildə qüvvədən düşmüşdür. İddiaçıya məxsus diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.4-cü bəndinə uyğun gəlməsi onun iddiasını əsaslı edir. Beləliklə, məhkəmə hesab edir ki, diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olduğundan, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası ədalətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən onun adına verilmiş xx.xx.2020-ci il tarixli, THTU-0005187 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar