Məhkəmə qərarları › İş №2-1(118)-1838/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1838/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1838/2021 15.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının mərhum atası Məhərrəmov Camal Adil oğlunun vəfatından sonra mənzil uçotunun öz adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçının mərhum atası Məhərrəmov Camal Adil oğlunun vəfatından sonra mənzil uçotunun öz adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X6 oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 31.01.1994-cü il tarixdə şəhid olmuşdur. Şəhid ailəsi olduqlarına görə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 256 saylı, 20.09.2016-cı il tarixli sərəncamı ilə atası Məhərrəmov Camal Adil oğlu yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, lakin 23.11.2019-cu il tarixdə vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq atasının vəfatından sonra mənzil uçotunun İddiaçı adına keçirilməsi barədə cavabdehə ərizə ilə müraciət olunmuşdur. Lakin Sumqayıt şəhər İcra Hakimiyyətindən verilmiş M-342-068 saylı, 27.08.2021-ci il tarixli cavab məktubu ilə iddiaçıya imtina verilmişdir. Bu səbəblə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya 11.10.2021-ci il tarixli yazılı etirazında bildirmişdir ki, iddiaçının qardaşı X6 oğlu 1994-cü ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olmuşdur. İddiaçının atası Məhərrəmov Camal Adil oğlu Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 20.09.2016-cı il tarixli, 256 saylı sərəncamı ilə şəhid ailəsi imtiyazı əsasında 20.09.2016-cı il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. 23.11.2019-cu il tarixdə Camal Məhərrəmov vəfat etmişdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2019-cu il tarixli, 322 saylı Qərarına əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri (təmsilçiləri) üçün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu təqdirdə saxlanılır. Göründüyü kimi, göstərilən qanun normaları yalnız mənzil növbəsində olub vəfat etmiş əlil şəxslərə aid olmaqla şəhid ailələrinə şamil olunmur və əlil mənzil uçotunda olub vəfat etdiyi halda növbə onun ailə üzvləri üçün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu təqdirdə saxlanılır. Bu səbəbdən iddiaçı tərəfindən mənzil uçotunun adına keçirilməsi barədə 19.08.2021-ci il tarixdə İcra Hakimiyyətinə daxil olmuş M-342-068 saylı müraciətə 27.08.2021-ci il tarixdə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum atası Məhərrəmov Camal Adil oğlunun vəfatından sonra mənzil uçotunun öz adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazla eyniməzmunlu izahat verərək təmin edilməməsini xahiş etmiş, sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 oğlu 31.01.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 20 sentyabr 2016-cı il tarixli, 256 nömrəli sərəncamından görünür ki, şəhid ailəsi Məhərrəmov Camal Adil oğlu yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır və ailə tərkibinə özü ilə yanaşı İddiaçı və X2 daxildir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası Məhərrəmov Camal Adil oğludur. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti ilə onun 23.11.2019-cu il tarixdə vəfat etdiyi müəyyən edilir. İddiaçının bacısı X1 Sumqayıt şəhəri 3 saylı Notariat ofisində imzaladığı ərizəsindən görünür ki, o, bacısının (iddiaçının) şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyac qismində mənzil uçotuna alınmasına etiraz etmir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 025235 nömrəli arayışı ilə müəyyən olunur ki, Məhərrəmov Camal Adil oğlu 3-cü qrup əlil olmuşdur. Əlillik müddətsiz olaraq müəyyən edilmişdir. İş materiallarına, həmçinin, cavabdehin M-342-068 nömrəli, 27.08.2021-ci il tarixli imtina məktubu, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyinin 15 saylı Mənzil-Kommunal Sahəsinin arayışı da əlavə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana – Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir (55.3.). İşdən göründüyü kimi, iddiaçının qardaşı Azər Məhərrəmov 31.01.1994-cü il tarixdə şəhid olmuşdur. Mərhum atası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən 20.09.2016-cı il tarixdə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. X3 23.11.2019-cu il tarixdə vəfatından sonra qızı, yəni, iddiaçı mənzil uçotunun öz adına keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan – Sumqayıt Şəhər İcra Hakimiyyəti iddiaçının iddia tələbinə etiraz etmişdir. Bu mənada məhkəmə cavabdehin etirazının dəlilləri ilə razılaşmır və onları əsassız hesab edir, iddiaçının tələbinin iş materialları ilə tam təsdiq olunduğu qənaətinə gəlir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. İş materiallarına əsasən iddiaçının atası mərhum Məhərrəmov Camal Adil oğlunun 3-cü qrup (müddətsiz) əlilliyi müəyyən olunmuşdur. Camal Məhərrəmov yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və əlilliyi müəyyən olunduğu üçün onun vəfatından sonra mənzil uçotunun onun ailə üzvü olan iddiaçıya keçməsi qanunvericiliklə müəyyən edilmişdir ki, belə olan halda da cavabdehin irəli sürdüyü imtina əsassız hesab edilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı atası Məhərrəmov Camal Adil oğlunun vəfatından sonra mənzil uçotunun iddiaçının adına keçirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı atası Məhərrəmov Camal Adil oğlunun vəfatından sonra mənzil uçotunun iddiaçının adına keçirilməsi vəzifəsi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar