Məhkəmə qərarları › İş №2-1(118)-1838/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1838/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1838/2024 03.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Üçüncü şəxs X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və həmin tarixli plan və ölçü sxeminin ləğv edilməsi, cavabdehin 24 oktyabr 2017-ci il tarixli 15 saylı protokolu ilə təsdiq edilmiş qərarı və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və həmin tarixli plan və ölçü sxeminin ləğv edilməsi, cavabdehin 24 oktyabr 2017-ci il tarixli 15 saylı protokolu ilə təsdiq edilmiş qərarı və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi varsi olduğu həyat yoldaşı X11 ixtisasca həkim olmuşdur və o uzun illər Sumqayıt şəhər xəstəxənasında, şəhər polikilinikasında həkim işləmişdir. Son illər hətta Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə həkim mütəxəssis kimi işə cəlb etmişdilər və orada da həkim kimi fəaliyyət göstərirmiş.Hər ikisi yaşlandığına görə, habelə o, 1-ci qrup əlil olduğundan həyat yoldaşı Teyyub Şahbazov bağ sahəsi almaq üçün 2005ci ildə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş, həyat yoldaşının evdə deməsinə görə həmin vaxtlar Sumqayıt bələdiyyəsində torpaq şöbəsinin rəisi işləyən Fətulla adlı şəxsə 2000 manat pul vermiş və o da iddiaçı üçün Sumqayıt şəhər “Yaşıl Dərə” adlanan sahədən 6 sot torpaq sahəsi təşkil etmişdir.Torpaq sahəsinin tam sənədləşdrirlməklə həyat yoldaşının adına verilməsi üçün o vaxt 5.000 (beş min) manat da bələdiyyənin sədri Soltan Əsədova verilmişdir.Bələdiyyədən ərinə bildirmişlər ki, sizə torpaq sahəsi verilmiş ərazi Ekologiya Nazirlinyinə aid olduğundan və həmin sahənin yaxın vaxtlarda Sumqayıt Bələdiyyəsinə veriləcəyinə görə sənədləşmə bir qədər yubanacaqdır. Ancaq buna baxmayaraq 6 sot torpaq sahəsi sizindir və həmin sahədən istifadə edə bilərsiniz”.Həyat yoldaşı X11 2005-ci ildə həmin sahəyə 10 daşdan ibarət cərgədə hasar çəkdirmiş və orada ağaclar əkdirmiş. Eyni zamanda bağda sahəsi 14 kv metr olan bir otaq da tikdirmiş. 2008-ci ildə həyat yoldaşı yenidən bağın sənədləri ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət edəndə dedilər ki, “layihə hələ hazır deyil, hazır olan kimi xəbər edəcəyik”.2005ci ildən hal-hazıra kimi həmin bağ sahəsindən istifadə edir. Əri Teyyub həmin torpaq sahəsinə görə 9000 manat, sənədləşməyə görə isə 5000 manat pul vermişdir. Ətrafına olan qonşularla birlikdə qazdan, sudan istifadə edir.Bütün bunlara baxmayaraq, bələdiyyə tərəfindən qanunsuz qərar qəbul edilərək, həmin torpaq sahəsi digər şəxsə satılmışdır. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə Sumqayıt Bələdiyyəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə bağlı verdiyi inzibati aktı mübahisələndirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisələndiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmuş və yaşayış məntəqəsinin torpağı kimi nəzərdə tutulmuşdur. Etiraza əlavə olunaraq məhkəməyə təqdim edilmiş sənədlərin surətindən də görünür ki, üçüncü şəxs X7 2017-ci ildə bələdiyyədə rəsmi qeydiyyatdan keçmiş ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək ona fərdi ev tikintisi üçün “Yaşıldərə” adlandırılan Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində sahəsi 600 kvadrat metr olan 390 saylı həyətyanı torpaq sahəsinin mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Adı çəkilən ərizə əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsinə müraciət olunaraq müvafiq rəylərin verilməsi xahiş olunmuşdur. Sumqayıt Bələdiyyəsinin müraciətlərinə cavab olaraq müvafiq rəylər və torpaq sahəsinin planı (sxemi) hazırlanaraq bələdiyyəyə təqdim olunmuşdur. Həmin sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ölçüsünün 600 kvadrat metr olmaqla Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu, torpağın hər hansı yüklülüyünün olmadığı, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə 6-cı qiymət zonasında yerləşdiyi qeyd edilərək torpaq sahəsinin alqı-satqısına etiraz edilmədiyi bildirilmişdir. Bu sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin 24 oktyabr 2017-ci il tarixli, 15 saylı iclasının 10 saylı qərarı qəbul edilərək sahəsi 600 kvadrat metr olan 390 saylı həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün X2 mülkiyyətinə ayrılması haqqında müraciəti məqsədəuyğun hesab edilmişdir. Həmçinin, bundan sonra mübahisələndirilən torpaq sahəsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 15 sentyabr 2017-ci il tarixli, ******* qeydiyyat nömrəli çıxarış və Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Həmin sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin 24 oktyabr 2017-ci il tarixli,15 saylı iclasının 10 saylı qərarı ilə 600 kvadrat metr olan 390 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün X2 mülkiyyətinə verilmiş, həmçinin bələdiyyə ilə X2 arasında 22 dekabr 2017-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda torpaq sahəsinin alqı- satqısına dair AN-İ ******* nömrəli müqavilə bağlanılmış və X7 tərəfindən torpağın alqı-satqı haqqı olaraq 1362 manat pul vəsaiti Sumqayıt Bələdiyyəsinin hesabına ödənilmişdir. Bu səbəbdən iddiaçının bələdiyyənin öz mülkiyyətində olan və hər hansı şəxsin hüququ ilə yüklü edilməmiş torpaq sahəsini alqı- satqı qaydasında X1 və bununla da bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu mübahisələndirməsini tamamilə əsassız və hüquqazidd hesab edir.Qeyd edilənlərə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X2 nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirdi ki, qeyd olunan torpaq sahəsi qanunamüvafiq qaydada onların mülkiyyətinə keçmişdir və iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının tələbi iki əsas hissədən ibarətdir: 1) Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Ərazi idarəsi tərəfindən Sumqayıt şəhəri, “Samur-Abşeron kanalının şimalında yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən sahəsi 600 kv metr olan torpaq sahəsinin cavabdeh-Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və həmin tarixli plan və ölçü sxeminin ləğv edilməsi, 2) X6 Sumqayıt şəhəri, “Samur-Abşeron kanalının şimalında yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsin də yerləşən sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahənin ayrılması barədə Sumqayıt Bələdiyyəsinin 24 oktyabr 2017-ci il tarixli 15 saylı Protokolu ilə təsdiq edilmiş qərarı və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin qeyd edilən ünvanda torpaq sahəsinin mülkiyyətə ayrılmasına dair xx.xx.2017-ci il tarixdi 03 nömrəli rəyin, torpaq sahəsinin ayrılması üçün sxemin, X4 torpaq sahəsinin onun adına sənədləşdirilməsi barədə ərizəsinin, X9 Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7-ci məhəlləsində yerləşən 390 saylı torpaq sahəsinin Ə.Hacıyevanın adına sənədləşdirilməsinə etiraz etməməsi barədə ərizəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsidir. Hüquqi yardımın edilməsi çərçivəsində iddiaçının vəkilinə iddia tələbinə dəqiqləşmənin vacibliyi vurğulanmış, dəfələrlə məhkəmə iclasları təyin edilmiş və uzun müddətin keçməsinə baxmayaraq nümayəndə və vəkil iddia tələbini konkretləşdirməmişdir. Ona görə də məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. Belə ki, tələbin birinci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ayrıca icraat qaydasında baxılaraq səlahiyətli cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qldırılması və mahiyyəti üzrə araşdırma aparılmalıdır. Bu səbəbdən tələbin birinci hissəsi mümükün sayılmamalıdır. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsi özünün diskresion səlahiyyətləri çərçivəsində qanunamüvafiq qaydada qərar qəbul edilmiş və üçüncü şəxsə satılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Sumqayıt Bələdiyyəsi tərəfindən mübahisələndirilən torpaq sahəsi nə iddiaçıya, nə də mərhum həyat yoldaşı olmuş X10 ayrılmamış, mübahisələndirilən torpağın adı çəkilən şəxslərə ayrılması ilə bağlı Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı inzibati akt qəbul edilməmiş və nə iddiaçı, nə də onun mərhum həyat yoldaşı tərəfindən torpağın alqı- satqısı ilə bağlı bələdiyyəyə hər hansı ödəniş edilməmişdir. Mübahisələndirilən torpaqla bağlı bələdiyyənin vəzifəli şəxslərinə pul verilməsinə dair iddia ərizəsində qeyd edilənlər bağlı iddiaçı tərəfindən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçının torpağa dair hər hansı hüquq müəyyənedici sənədi olmadığı halda, mübahisələndirdiyi bələdiyyə qərarı qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəyləri alınmış, bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və torpaq sahəsi notariat qaydasında bağlanılmış alqısatqı müqaviləsi əsasında üçüncü şəxsin mülkiyyətinə satılmışdır. Belə olan halda bələdiyyə qərarının ləğvi tələb etdiyi torpaq sahəsinin iddiaçıya hər hansı bir aidiyyətinin olmamasını müəyyən etmək olur. Bu səbəbdən də iddiaçının ərizəsində qeyd etdiyi 2-ci tələbin bələdiyyəyə qarşı iddia qaldırmaqda sübyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və həmin tarixli plan və ölçü sxeminin ləğv edilməsi, cavabdehin 24 oktyabr 2017-ci il tarixli 15 saylı protokolu ilə təsdiq edilmiş qərarı və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar