Məhkəmə qərarları › İş №2-1(118)-1839/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1839/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1839/2024 09.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı “cavabdeh Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarına əsasən Xaçmaz şəhərinin Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum həyat yoldaşı X1 800 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulan əraziyə uyğun Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı “cavabdeh Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarına əsasən Xaçmaz şəhərinin Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum həyat yoldaşım X1 800 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulan əraziyə uyğun Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarına əsasən Xaçmaz şəhərinin Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün iddiaçının mərhum həyat yoldaşı X1 800 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaq sahəsinin dəyəri olan həmin vaxtın pulu ilə 360000 ( üç milyon altı yüz min) manat məbləğində pulu 22 aprel 2005-ci il tarixli, 191 nömrəli kassa mədaxil orderinin qəbzi ilə bələdiyyənin hesabına köçürülmüşdür. Torpaqların alqı-satqısına dair akt tərtib edilərək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 3137 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi satılmamışdan əvvəl ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin müdiri Ş.Aslanov tərəfindən xx.xx.2005-ci il tarixli, 244/2 saylı müvafiq rəy alınmış rəydə göstərilir ki, X1 Xaçmaz Bələdiyyəsinin torpaq fondundan fərdi yaşayış evi tikmək məqsədi ilə satılması nəzərdə tutulan 800 kv.m torpaq sahəsi Xaçmaz Bələdiyyəsinin şəhərdaxili torpaqlarına aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz Bələdiyyəsinin şəhərdaxili torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Xaçmaz rayon Dövlət Arxivinin 22 may 2020-ci il tarixli, 275 saylı arxiv arayışı ilə təsdiq olunur ki, həqiqətən də, Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarı ilə siyahıda 75-ci X2 olmaqla 800 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Sonradan müəyyən olunmuşdur ki, torpaq sahəsinin satılması nəzərdə tutulan Xaçmaz şəhəri, Cavadxan küçəsi ərazisindəki torpaq sahəsi dövlət fondu torpaqlarına aid olduğuna görə vətəndaşlara satıla bilməzdi. Bu səbəbdən də həmin vaxt bələdiyyə tərəfindən bildirilmişdir ki, Xaçmaz şəhərinin baş ərazisindən torpaq sahəsi ölçülüb veriləcəkdir. Lakin hər dəfə torpaq sahələri paylanarkən müxtəlif bəhanələrlə iddiaçıya torpaq sahəsi verilməmişdir. Nəhayət torpaq sahəsinə müvafiq çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə etdiyimiz müraciətə cavab olaraq ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri tələb edilmişdir. Cavabdeh Xaçmaz Bələdiyyəsi həmin sənədləri verməmiş və səbəbini belə izah etmişdir ki, torpaq sahəsinin bələdiyyə fonduna aid deyildir və dövlət torpaq fonduna aid olduğuna görə qeyd olunan sxemlərin verilməsi mümkünsüzdür. Lakin dəfələrlə tələb etsə də, rəsmi sənəd verilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş əvvəlki şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Xaçmaz rayon Xaçmaz bələddiyyəsinin 23 yanvar 2024-cü il tarixli və 16 fevral 2023-cü il tarixli məktubları; Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilən 22 may 2020-ci il tarixli, 275 nömrəli arxiv çıxarışı digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmədən “cavabdeh Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarına əsasən Xaçmaz şəhərinin Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum həyat yoldaşı X1 800 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulan əraziyə uyğun Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılması”nı xahiş edir. İddiaçı həmin tələblə bağlı ilkin olaraq cavabdeh orqana müraciət etmiş, lakin Xaçmaz rayon Xaçmaz bələdiyyəsi tərəfindən müraciəti təmin edilməmişdir. Bu səbəbdən də iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qanunun 6.1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qanunun 6.2-ci bəndinə Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 6.5-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qanunun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı da istisna hallarda nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Hazırki işdə iddiaçı Xaçmaz şəhərinin Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün 800 kv.metr torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Hansı ki, qanunvericilikdə fiziki şəxslərə torpaq sahəsinin ayrılmasının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi birbaşa olaraq göstərilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynəlxalq qanunvericiliyin tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılması zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Məhkəmə qeyd edir ki, cavabdeh Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarına əsasən Xaçmaz şəhərinin Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum həyat yoldaşı X1 800 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulsa da və mərhum tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına köçürülsə də, sonradan məlum olmuşdur ki, torpaq sahəsi dövlət fonduna aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, torpaq sahəsinin dəyəri iddiaçının mərhum həyat yoldaşı tərəfindən bələdiyyənin hesabına köçürüldüyü üçün iddiaçının həmin məbləği bələdiyyədən tələb etmək hüququ vardır. Lakin mərhuma ayrılmış torpaq sahəsinin əvəzinə başqa yerdən torpaq sahəsinin ayrılması yuxarıda da qeyd edildiyi kimi bələdiyyənin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin vətəndaşların mülkiyyətinə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki işdə də cavabdehin torpaq sahəsini mülkiyyətə ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı “cavabdeh Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarına əsasən Xaçmaz şəhərinin Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum həyat yoldaşı X1 800 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulan əraziyə uyğun Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı “cavabdeh Xaçmaz Bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı qərarına əsasən Xaçmaz şəhərinin Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum həyat yoldaşı X1 800 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulan əraziyə uyğun Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar