Məhkəmə qərarları › İş №2-1(118)-1841/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1841/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1841/2021 02.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona çıxarışın verilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı X1 nümayəndəsinə həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı izahatında bildirdi ki, mülkiyyətində olan evi və 0.10 ha torpaq sahəsini X2 29.11.2003-cü il tarixdə alqı- satqı yolu ilə almışdır. Həmin vaxtdan da torpaq sahəsi onun istifadəsindədİr. Həmin torpaq sahəsi 20.04.1994-cü il tarixli, 35 nömrəli Sərəncama əsasən Abşeron RİHB-nın Masazır kənd üzrə ərazi nümayəndəliyi tərəfindənX3 verilmişdir. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 18 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı X3 torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 15 iyul 1994-cü il tarixli 24 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Bundan başqa müraciət üzrə əlavə edilmiş 29970 reyestr və 474 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin yaşayışa yararsız olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Masazır qəsəbəsi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasndan ibarətdir. Məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılıb, mübahisələndirilən qərarın qanuni olub-olmaması yoxlanılmamışdan əvvəl, iddiaçıların həmin qərarı mübahisələndirməklə bağlı subyektiv hüquqlarının olub olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində həmin fərdi yaşayış evini və torpaq sahəsini X2 aldığını iddia edir. Hazırki mübahisənin predmeti yaşayış evi deyil, torpaq sahəsidir. İddiaçı torpaq sahəsini alqı-satqı müqaviləsi ilə aldığını iddia etsə də, belə bir müqaviləni məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş alqısatqı müqaviləsinin predmeti isə sözügedən torpaq sahəsi deyil, fərdi yaşayış evidir. İddiaçı iddia ərizəsində mübahisə predmeti olan torpaq sahəsi üzərində hüququnun qeydə alınmasının hüquqi əsası kimi həmçinin Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd üzrə nümayəndəsinin 15 iyul 1994-cü il tarixli 24 saylı sərəncamına istinad edir ki, həmin sərəncam X3 torpaq sahəsinin ayrılması ilə bağlıdır. Beləliklə iddiaçının həmin torpaq sahəsi üzərində hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı şərtlərdə sözügedən torpaq sahəsinə dair subyektiv hüququ mövcud deyildir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.05.2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar