Məhkəmə qərarları › İş №2-1(118)-1846/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1846/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1846/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin üzərinə üçüncü şəxslər X3, X5, X6 Sumqayıt şəhəri, Kotec qəsəbəsi,16-cı məhəllədə istifadədə olan 0.0187 ha torpaq sahəsinin üzərindəki 3/167 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.03 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı bir nömrəli mənzildən X1 və onun himayəsində olan övladları X5, X6 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıcavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə üçüncü şəxslər X3, X5, X6 Sumqayıt şəhəri, Kotec qəsəbəsi,16-cı məhəllədə istifadədə olan 0.0187 ha torpaq sahəsinin üzərindəki 3/167 nömrəli,1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.03 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı bir nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi,16-cı məhəllədə istifadədə olan 0.0187 ha torpaq sahəsinin üzərindəki 3/167 nömrəli,1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.03 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı bir nömrəli mənzil iddiaçının mülkiyyətindədir, əri ilə birlikdə həmin mənzildə yaşayır. Azərbaycan Respublikası dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun qeydə alınmasına dair 23.09.2009-cu il tarixli RX seriyalı ******* nöməli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət Reyestrindən çıxarış verilmişdir. Mərhum oğlu X4 ilə X3 arasında 12.10.2010-cu il tarixdə nikah qeydə alınmışdır. Bundan sonra 2010-cu ildə X3 Mənzilə qeydiyyata düşmüşdür. Oğlu X4in vəfat etməsindən sonra ( 28.11.2015-ci il) cavabdehlər 2 il 10 aydan çox müddət ərzində onun mülkiyyətindəki mənzildə yaşamış, 2018-ci ildən etibarən isə başqa mənzilə köçmüşdür. Hətta iddaçı bildirmişdir ki, onda olan şifahi məlumata görə A.İ.Trubiyevksi qeyri rəsmi ailə quraraq əri və uşaqları ilə birlikdə yaşayır. Lakin buna baxmayaraq cavabdehlər hələ də iddiaçıya məxsus mənzildə mülkiyyətdə qalmağa davam edirlər. İddiaçıya məxsus olan mənzildə X3, X5, X6 qeydiyyatda olmaları faktı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi tərəfindən verilmiş 26.07.2021-ci iil tarixli ******* saylı yaşayış yeri üzrə arayış ilə də təsdiq olunur. Cavabdehlərin sözügedən mənzilə qeydiyyatları formal xarakter daşıyır, eyni zamanda mülkiyyətçinin hüquqlarını pozur. Eyni zamanda cavabdehlərin sözügedən mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzillə bağlı sərəncam vermək hüquqlarını pozur. Cavabdeh özünün 10.08.2021-ci il tarixli məktubu ilə iddiaçının xahişini təmin etməmiş, ona inzibati məhkəmə icraatı qaydasında müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 16, ev 3/167, mənzil 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 16-cı məhəllədə istifadədə olan 0.0187 ha torpaq sahəsində yerləşən 3/167 nömrəli, bir mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.03 kv.m ümumi, 36.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyetr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 10.08.2021-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 05.11.2019-cu il tarixli və 18.11.2019-cu il tarixli arayışlardan görünür ki, X3 və onun himayəsində olan övladları X5, X7, X4 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı un adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X3, X5, X7 qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 10.08.2021- ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər X1, X2, X6 Sumqayıt şəhəri, Kotec qəsəbəsi,16-cı məhəllədə istifadədə olan 0.0187 ha torpaq sahəsinin üzərindəki 3/167 nömrəli,1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.03 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı bir nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X1, X2, X6 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi,16-cı məhəllədə istifadədə olan 0.0187 ha torpaq sahəsinin üzərindəki 3/167 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 56.03 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı bir nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar