Məhkəmə qərarları › İş №2-1(118)-1848/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1848/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1848/2022 08.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi İddiaçının vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə xx.xx.1998-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzil qeydiyyatından çıxarılması öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, xx.xx.1998-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzil qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 01 aprel 2022-ci il tarixli, 123-10134A-3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. X10 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzili Sumqayıt şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən 16 avqust 1982-ci il tarixli 09/823 saylı Order əsasında X1 verilmiş və həmin evdə ailəliklə yaşayırlar. Mərhum həyat yoldaşı X5 19 iyun 2020-ci ildə vəfat etmişdir. xx.xx.1998-ci il təvəllüdlü nəvəsi X10 iddiaçının məlumatı və xəbəri olmadan bu mənzilə qeydiyyata götürülmüşdür. Zarina Abbaslı mənzildə heç vaxt yaşamamış, bu mənzillə heç bir bağlılığı olmamış, onunla birgə təsərrüfat aparmamış və formal qeydiyyatda olmaqla özlərinin ayrıca mənzili vardır, onun harada yaşaması barədə məlumatları yoxdur. Cavabdehin mənzildə qeydiyyatda olması iddiaçının mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkməyinə səbəb olur. X6 mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə əlaqədar olaraq Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(060)-1071/2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra X4 mənzilində formal olaraq qeydiyyatda olmasını, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxs kimi mənzil qeydiyyatından çıxarılması üçün Azərbaycan Respublikası Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən verilmiş 123-10134 A-3222 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə onun mənzil qeydiyyatından çıxarılmasından əsassız olaraq imtina olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-ci maddəsinin 1-ci hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə- müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə- ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsinə inzibati qaydada müraciət etmək hüququ vardır. Bu məsələ “Yaşayış yeri və olduğu yer üzra qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında da müəyyən edilir ki, mülkiyyətçi ona məxsus yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün İnzibati orqana müraciət etməlidir. Daxili İşlər Nazirliyi şəxslərin yaşayış yeri üzra qeydiyyatdan çıxarılması üzrə səlahiyyətli inzibati orqandır. Daxili İşlər Nazirliyinin müvafiq ərazi qurumu kimi Polis İdarəsi ərazi üzra bu səlahiyyəti həyata keçirir. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzra qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasmda xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasmda qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərmə qoya bilər. Bununla yanaşı, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Göründüyü kimi, yaşayış sahəsindən kənar şəxslərin qeydiyyatdan çıxanlması üçün maraqlı şəxs məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxanlması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxanlması və ya yaşayış sahəsindən İstifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən təkəb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Mləcəllənİn 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həin də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə dair iddia) İnzibati aktın qəbul edilmdiyi hallara şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X11 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər X13 İcraiyyə Komitəsi tərəfindən verilmiş 16 avqust 1982-ci il tarixli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 37 saylı evin, 38 saylı mənzili 5 nəfər ailə üzvü ilə X2 istifadəsinə verilmişdir. AZ İİ seriyalı, 086438 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 iyun 2020-ci il tarixdə ölmüşdür. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1071/2022 saylı, 22 fevral 2022-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı cavabdeh X8 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, cavabsdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, göründüyü kimi cavabdeh həmin mənzilə köçürülməmiş, orada yaşamamış, ailə üzvü kimi birgə təsərrüfat aparmamışdır. Belə bir hüququn olmadığı halda həmin hüquqa xitam verilə bilməz və ya itirilmiş hesab edilə bilməz. Məhkəmə qərarı qanuni qüvvəsini almışdır. (Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1071/2022 saylı, 26 iyul 2022-ci il tarixli arayışı) Üçüncü şəxs hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxsin iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1071/2022 saylı, 22 fevral 2022-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı X4 mənzildən istifadə etmədiyi və istifadə hüququnun olmadığı müəyyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyəti” hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirilmişdir. Hazırki işdə də mənzil üzərində mülkiyyət hüququ verən order hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Belə ki, mənzil üzərində mülkiyyət hüququ rəsmiləşdirilməsə də mövcud order iddiaçının mənzili xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntisi üzrə əsas təşkil edir. Üçüncü şəxs X4 isə həmin mənzildən istifadə hüququnun olmadığı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı onun istifadəsində olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1998-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzil qeydiyyatından çıxarılması öhdəliyi Sumqayıt şəhəri Polis İdarəsinin üzərinə vəzifə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzil qeydiyyatından çıxarılması öhdəliyi Sumqayıt şəhəri Polis İdarəsinin üzərinə vəzifə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar