Məhkəmə qərarları › İş №2-1(118)-1849/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1849/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1849/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümyəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,08 ha olan torpağın mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqların X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,08 ha olan torpağın mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Fatmayi Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 05/539 saylı Qərarı ilə Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0.08 ha torpaq sahəsi iddiaçının mərhum qardaşı X2 ayrılmışdır. İddaçı qardaşının vərəsəsi olaraq və vərəsəlik hüquqlarının rəsmləşdirilməsi məqsədi ilə Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mərhum qardaşı X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 02.08.2021-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir. Lakin etdiyi müraciətdən 35 gündən artıq müddət keçdiyinə baxmayaraq Cavabdehndən iddiaçıya heç bir cavab verilməmişdir. Hesab olunur ki, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan iddiaçıya cavab veilmədiyi onun müraciətinə imtina sayılmaqla, qanunsuz və əsassızdır. Cavabdeh vəzifəli şəxslərinin hərəkətsizliyi iddiaçının torpaq sahəsi üzərində vərəsəlik hüquqlarını rəsmləşdirməyini məhdudlaşdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasmın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üizrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1849/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və iddiaya qarşı yazılı Abşeron rayonu, Fatmayi kəndində yerləşən X2 ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 03 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı, Fatmayi Bələdiyyəsi tərəfindən X2 0.08 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının 09 iyun 2020-ci il tarixdə verilməklə ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə təsdiqlənmədiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmai bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Eləcə də, hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçı tərəfindən 03.08.2021-ci il tarixli müraciətə imtina 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 06.08.2021-ci il tarixində hazırlanmışdır. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlan”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd olunur ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqısatqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydalarına Əlavədən - “Torpaqların alqısatqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsini 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habe torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqla əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqları özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında cavabdeh təmsil edilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının mərhum qardaşı X3 05.12.2020-ci il tarixdə vəfat etmişdir. - Abşeron rayon Fatmayi Bələdiyyəsinin 05/539 nömrəli, 30.04.2007-ci il tarixli qərarına əsasən Fatmayi bələdiyyəsi hüdudları daxilində 800 kvadrat metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mərhum qardaşı Tahir İsmayılova ayrılmışdır. - Torpağın alqı-satqısına dair müqaviləyə əsasən (mərhum Tahir İsmayılov və Abşeron rayon Fatmayi Bələdiyyəsi arasında) 0,08 hektar torpaq sahəsinə görə Tahir İsmayılov tərəfindən bələdiyyənin balansına 600 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 19.04.2007-ci il tarixli rəyinə əsasən X2 Fatmayi kəndi ərazisindən 0,08 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. - 02 may 2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, X3 tərəfindən X6 rayon Filialında 600 manat məbləğində torpaq rüsumu Fatmayı bələdiyyəsinin hesabına ödənilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 04 may 2007ci il tarixli aktına əsasən iddiaçının mərhum qardaşı X2 Fatmayi bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 05/539 saylı qərarı ilə fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilir. - Abşeron rayonu Fatmayi Bələdiyyəsinin 90 nömrəli, 09.06.2020-ci il tarixli məktubu ilə mərhum X5 bələdiyyəsinin 30.04.2007-ci il tarixli 05/539 saylı qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrıldığı müəyyən edilir. Həmin torpaq sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsinə Fatmayi bələdiyyəsi heç bir etiraz etmir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizəyə əsasən Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,08 ha olan torpağın mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair arayışın verilməsi xahiş edilmişdir. - Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının 5/x/1876 nömrəli, 29.11.2021-ci il tarixli məktubuna əsasən Abşeron rayon Fatmayi Bələdiyyəsinin 05/539 nömrəli, 30.04.2007-ci il tarixli qərarı ilə mərhum X2 ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən etiraz edilməmişdir. - Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 2334 saylı, 03.11.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya 17.09.2021-ci il tarixdə 2V/297 və 22V/298 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər vərəsələr notariat ofisinə müraciət edərək miras əmlakdan imtina etmişlər. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon Fatmayi Bələdiyyəsinin 05/539 nömrəli, 30.04.2007-ci il tarixli qərarı ilə mərhum X2 fərdi yaşayış evi tikmək məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 19.04.2007-ci il tarixli rəyi ilə mərhuma həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri olaraq 600 manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmiş və bununla bağlı torpağın alqı-satqısına dair müqavilə tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh isə iddiaya yazılı etiraz təqdim etmiş və etirazını 3 əsasla göstərmişdir:

1. müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi ərizəyə əlavə edilməmiş;

2. Fatmayi Bələdiyyəsi tərəfindən X2 0.08 ha torpaq sahəsi 30 aprel 2007-ci il tarixdə ayrılmasına baxmayaraq alqı-satqı aktı 09 iyun 2020-ci il tarixdə verilməklə ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə təsdiqlənməmiş;

3. müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmai bələdiyyəsinin yerquruluşu planından çıxarışı qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DT və XK-nın müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DT və XK-nın verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registerinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DT və XK-nın müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Nəzərə alınmalıdır ki, müvafiq rəyi verməyə səlahiyyətli olmuş qurum həmin müsbət rəyin sonradan verməsi onun iradə ifadəsini əks elətdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DT və XK-dan (əvvəlcədən və ya sonradan) alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi yanaşma əsassızdır. Yəni, torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin inşa edilməsi üçün ayrıldığından qanunvericiliyin tələbinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, həm də Abşeron rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi. Hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən qeyd olunan orqanların rəyi alınmış və həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Fatmayi bələdiyyəsinin hesabına köçürülmüş, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərtib edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Məhkəmə hesab edir ki, müvafiq rəylər sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı müsbət rəylər olmuş, başqa sözlə qeyd olunan orqanlar tərəfindən həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Yuxarıda qeyd olunan müddəada da əsas məqsəd bələdiyyə tərəfindən qərarın qəbul edilməsi üçün müvafiq orqanların müsbət rəylərinin olmasıdır. Cavabdeh təşkilat tərəfindən irəli sürülən digər yanaşmada Abşeron rayonu Fatmayi bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilməməsi qeyd olunmuşdur ki, bununla bağlı olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. İşdən göründüyü kimi iddiaçı ona ayrılmış 0,08 ha torpaq sahəsinin dəyərini ödəmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyi ilə torpaq sahəsinin iddiaçıya satılmasına etiraz olmamışdır. Abşeron rayon Fatmayi Bələdiyyəsinin yerquruluşu planından çıxarış isə Fatmayi Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,08 ha olan torpağın mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,08 ha olan torpağın mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar