Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1849/2025 09.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar Göbeklioğlu Mustafa, X1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bölgü sxeminin tərtib edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz oğlunun sədrliyi, Əzimova Pəri Mübariz qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar Göbeklioğlu Mustafa, X1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 14 iyul 2014-cü il tarixli, AA seriyalı, 023312 nömrəli Göbeklioğlu Mustafanın adına **********42 reyestr nömrəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 15 iyul 2014-cü il tarixli, AA seriyalı, 023394 nömrəli Göbeklioğlu Mustafanın adına **********39 reyestr nömrəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”.
3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 15 iyul 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədəli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 2,236 ha **********39 reyestr nömrəli torpaq sahəsi X1, İddiaçı2 və Göbeklioğlu Mustafanın xüsusi mülkiyyətindədir.
4. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 15 iyul 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədəli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 2,408834 ha **********42 reyestr nömrəli torpaq sahəsi X1, İddiaçı2 və Göbeklioğlu Mustafanın xüsusi mülkiyyətindədir.
5. 14 sentyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-1177 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X2, İddiaçı2 və X11 rayonu, Məmmədəli kəndi ərazisində yerləşən 2,408834 ha olan torpaq sahəsinin 0,2 ha hissəsini alıcı X3 mülkiyyətinə vermişdirlər.
6. 14 sentyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-1178 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X2, İddiaçı2 və X11 rayonu, Məmmədəli kəndi ərazisində yerləşən 2,236 ha olan torpaq sahəsinin 0,08 ha hissəsini alıcı X4 mülkiyyətinə vermişdirlər.
7. 14 sentyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-1179 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X2, İddiaçı2 və X11 rayonu, Məmmədəli kəndi ərazisində yerləşən 2,236 ha olan torpaq sahəsinin 0,02 ha hissəsini alıcı X10 mülkiyyətinə vermişdirlər.
8. 14 sentyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-1180 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X2, İddiaçı2 və X11 rayonu, Məmmədəli kəndi ərazisində yerləşən 2,236 ha olan torpaq sahəsinin 0,02 ha hissəsini alıcı X12 mülkiyyətinə vermişdirlər.
9. 14 sentyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-1181 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X2, İddiaçı2 və X11 rayonu, Məmmədəli kəndi ərazisində yerləşən 2,236 ha olan torpaq sahəsinin 0,035 ha hissəsini alıcı X13 mülkiyyətinə vermişdirlər.
10. 14 sentyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-1182 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X2, İddiaçı2 və X11 rayonu, Məmmədəli kəndi ərazisində yerləşən 2,236 ha olan torpaq sahəsinin 0,05 ha hissəsini alıcı X5 mülkiyyətinə vermişdirlər.
11. 14 sentyabr 2018-ci il tarixli, 3M-1494 reyestr nömrəli Göbeklioğlu Mustafa və X3 arasında 2,408834 ha torpaq sahəsinə dair bağlanmış “Torpaq sahəsinin bölgüsü haqqında saziş”.
12. 14 sentyabr 2018-ci il tarixli, 3M-1495 reyestr nömrəli Göbeklioğlu Mustafa və X6, X17, X19, X20, X5 arasında 2,236 ha torpaq sahəsinə dair bağlanmış “Torpaq sahəsinin bölgüsü haqqında saziş”.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin X14 göndərilmiş 17 aprel 2024-cü il tarixli, 32/332/2-4749/24 nömrəli məktubundan görünür ki, Məmmədli kəndi ərazisində 15 iyul 2014-cü il tarixli, **********42 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Göbeklioğlu Mustafanın ümumi birgə mülkiyyətində olan 2,408834 ha torpaq sahəsindən notarial qaydada bir hissəsi satıldıqdan sonra qalan hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilməsinə (torpaq sahəsinin döngə nöqtələrini təyin etmək mümkün olmadığı üçün) şərait yaradılmamışdır. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
14. İddiaçı Göbeklioğlu Mustafa (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 15 iyul 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, **********42 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində 2,408834 ha və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 15 iyul 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, **********39 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində 2,236 ha torpaq sahələrinin satılmasından sonra qalan hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi işin hallarına (§1-13) istinad edərək onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın mütəxəssisi torpaq sahəsinə baxış keçirmək üçün gəlmiş və iddiaçı tərəfindən torpaq sahəsinə birlikdə baxış keçirilməklə torpağın koordinatları göstərilsə də, cavabdeh texniki baxışın keçirilməsinə şəraitin yaradılmaması səbəbindən torpaq sahəsinin sxematik bölgüsünün aparılmasının mümkün olmadığını bildirmişdir. Bu məsələ ilə bağlı cavabdeh orqanın texniki şöbəsinin rəisinin qəbulunda olduqda, onun tərəfindən şifahi şəkildə bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində torpaq sahələri sistemləşdirilmə üzrə elektron qeydiyyata alındığı üçün bu işlər 2024-cü ilin yanvar ayına kimi tamamlanacaqdır. Cavabdehə yenidən bu tarixdən sonra müraciət edilməsini tövsiyə etmişdir. Belə olduqda iddiaçı tərəfindən təkrar olaraq cavabdehə mülkiyyətində olan torpaq sahəsinin satılmasından sonra qalan hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsi barədə müraciət edilmişdir. Cavabdeh orqanın mütəxəssisi təkrar olaraq torpaq sahəsinə baxış keçirmək üçün gəlmiş və torpaq sahəsinə birlikdə baxış keçirilməklə torpağın koordinatları göstərilsə də, bu dəfə də idarə yenidən iddiaçı tərəfindən texniki baxışın keçirilməsinə şəraitin yaradılmaması səbəbindən torpaq sahəsinin sxematik bölgüsünün aparılmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı tərəf hesab edir ki, dövlət idarəsi tərəfindən torpaq sahələrinə dair AA023312 və AA023394 saylı torpaq sahəsinin planı və ölçüsünə dair texniki pasportlar verildiyi halda hazırda bu sahələrin koordinatlarının müəyyən olunmasında sanki vəzifənin iddiaçı tərəfin üzərinə qoyulmasına cəhd etməsi əsassızdır.
16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 65.1, 65.3, 65.5, 65.7, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.5, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.1, 2.2.3, 34.1-ci maddələrinə istinad olunmuşdur.
17. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
18. Məhkəmənin 2 dekabr 2024-cü il tarixli, 2-1(118)-5306/2024 nömrəli tarixli qərardadı ilə iddiaçı tərəfin cavabdehə qarşı “bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iş ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçı tərəfin müraciətinə yenidən baxılması məqsədilə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 20 gün müddət təyin edilmişdir.
19. Məhkəmənin 1 yanvar 2025-ci il tarixli, 2-1(118)-5306/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iş üzrə X1 və İddiaçı2 (bundan sonra – “iddiaçılar”) iddiaçılar qismində məhkəmə icraatına cəlb edilmişdirlər.
20. Məhkəmənin 1 yanvar 2025-ci il tarixli, 2-1(118)-5306/2024 nömrəli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 15 iyul 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, **********42 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində 2,408834 ha sahəsinin satılmasından sonra qalan hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsi öhdəliyinin vəzifə olaraq cavabdehə həvalə olunması” olaraq icraata qəbul edilmişdir.
21. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
22. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, bölgü sxeminin tərtib olunması ilə bağlı texniki baxışın keçirilməsinə (döngə nöqtələrini təyin etmək mümkün olmadığı üçün) şəraitin yaradılmadığı müəyyən olunmuşdur.
24. Etirazın maddi hüquqi əsası kimi MM-in 139, 146, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 8, 9, 11.1, 15, 23-cü maddələrinə istinad olunmuşdur. c) Tərəflərin iştirakı və izahatları:
25. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçılar torpaq sahəsinin satıldığından sonra qalan hissəsinə çıxarış əldə etsələr də, plan və ölçü sənədi, həmçinin bölgü sxemini əldə edə bilməmişdirlər. Cavabdeh orqan əsassız və qanunsuz şəkildə müraciətin icrasından imtina etmiş, əsas olaraq sistemləşdirilmə işlərinin aparıldığını və altı ay gözləməyini bildirmişdir. Lakin cavabdeh orqan bir il müddətin keçməsinə baxmayaraq, əsassız səbəblərlə iddiaçının müraciətini icra etməmişdir. Qeyd etmişdir ki, torpaq sahəsinə baxış keçirmək üçün dəfələrlə şərait yaradılmışdır.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
28. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
29. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
30. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
31. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
32. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
33. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
35. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
37. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. (-)
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
42. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
43. Məhkəmə tərəfin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
44. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
45. İddiaçı tərəfin tələbinin əsası ondan ibarətdir ki, cavabdeh orqanın mütəxəssisi torpaq sahəsinə baxış keçirmək üçün gəlmiş və iddiaçı tərəfi ilə torpaq sahəsinə birlikdə baxış keçirilməklə torpağın koordinatları göstərilsə də, cavabdeh texniki baxışın keçirilməsinə şəraitin yaradılmaması səbəbindən torpaq sahəsinin sxematik bölgüsünün aparılmasının mümkün olmadığını bildirmiş, bundan əlavə, cavabdeh orqanın səlahiyyətli nümayəndəsi tərəfindən bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində torpaq sahələri sistemləşdirilmə üzrə elektron qeydiyyata alındığı üçün müvafiq işlər 2024cü ilin yanvar ayına kimi tamamlanacaqdır, lakin cavabdeh orqanın mütəxəssisi təkrar olaraq torpaq sahəsinə baxış keçirmək üçün gəlmiş və torpaq sahəsinə birlikdə baxış keçirilməklə torpağın koordinatları göstərilsə də, cavabdeh orqan yenidən iddiaçı tərəfindən texniki baxışın keçirilməsinə şəraitin yaradılmaması səbəbindən torpaq sahəsinin sxematik bölgüsünün aparılmasının mümkün olmadığı səbəbi ilə imtina verilmişdir.
46. Cavabdeh orqan iddia tələbinə dair etirazında isə bildirmişdir ki, bölgü sxeminin tərtib olunması ilə bağlı texniki baxışın keçirilməsinə (döngə nöqtələrini təyin etmək mümkün olmadığı üçün) şəraitin yaradılmadığı müəyyən olunmuşdur.
47. Məhkəmə tərəfindən iddia tələbinin və etirazın dəlilləri əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 15 iyul 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Məmmədəli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 2,408834 ha **********42 reyestr nömrəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olmuş, 14 sentyabr 2018-ci il tarixdə isə iddiaçılar və alıcı X7 arasında alqı-satqı müqaviləsi bağlanılaraq, 2,408834 ha olan torpaq sahəsinin 0,2 ha hissəsi satılmışdır. Həmçinin, tərəflər arasında notarial qaydada təsdiqlənmiş torpaq sahəsinin bölgüsü haqqında saziş bağlanılmışdır. Hazırda iddiaçılar alqı-satqıdan sonra onların mülkiyyətində qalan torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsini tələb edirlər.
48. Lakin cavabdeh tərəfindən texniki baxışın keçirilməsinə şəraitin yaradılmadığı səbəbi ilə iddiaçıların müraciətin icrasından imtina edilmişdir.
49. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin verdiyi izahatına görə müəyyən edilmişdir ki, torpaq sahəsinə cavabdeh orqanın nümayəndələri tərəfindən dəfələrlə baxış keçirilmiş, lakin keçirilmiş müayinələr müraciətin müsbət həlli ilə nəticələnməmişdir.
50. Eyni zamanda, məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilərək, iddiaçı tərəfin müraciətinə yenidən baxılması məqsədilə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İPM-in 67.1-ci maddəsinə uyğun olaraq, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə müddət verilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıların müraciətinə yenidən baxılıb-baxılmaması barədə məlumat verilməmiş, qərardada münasibət bildirilməmişdir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023cü il tarixli, 2-1(102)-420/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya planölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.
63. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.
64. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.”
52. Beləliklə məhkəmə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin mövcud olduğu halda cavabdeh tərəfindən bölgü sxemin tərtib edilməsi tələbinin icrası məqsədilə inzibati və məhkəmə icraatı zamanı hər hansı hərəkətin edilmədiyi üçün hesab edir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlili məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
53. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”
54. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-13), qanunvericiliyin normalarını (§36-42), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ
55. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. 15 iyul 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, **********42 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində 2,408834 ha sahəsinin satılmasından sonra qalan hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova