Məhkəmə qərarları › İş №2-1(118)-185/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-185/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-185/2020 12.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, cavabdeh təşkilatın nümayəndəsi X1 iştrakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinəqarşı “cavabdehin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli, **********156900 saylı qərarının ləğv edilməsi tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC (bundan sonra MMC) xx xxxxx 2016–cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. xx xxxxxx 2019cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri X2 vergilərin hesablanması haqqında **********156900 N–li qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 53.809.00 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəfimizdən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir. Hesab edir ki, cavabdeh tərəfındən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda göstərilən əsaslara görə həmin iddia ərizəsi ilə razılaşmır. Uçot–baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı cəmiyyətin xx.xx.2016-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı. ərizəsinə əsasən əsas fəaliyyətinin “Kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti”dən ibarət olduğu müəyyən edilmişdir. Vergilər Nazirliyi yanında 2 saylı X3 xx.xx.2018-ci il tarixli **********6980 nömrəli "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" Qərarına əsasən İddiaçı MMC–nin **********-31001 kodlu təsərrüfat subyektində xronometraj metodu ilə müşahidə aparılmış və xx.xx.2018-ci il tarixli VN- 14016303 nömrəli akta əsasən ümümilikdə orta günlük dövriyyə 44183,50 manat müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 305-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar" sətrinin cəmi olan (ƏDV daxil) 751839.53 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1104587.42 manat) məbləğindən 352747.89 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfındən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2019–cu il tarixli **********602700 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37–ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyun ayı üçün ƏDV bəyannaməsi'üzrə 53.809.00 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********156900 nömrəli “Vergilərin hesablanması barədə" Qərar göndərilmiş göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1–ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.3–cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Vergi Məcəlləsinin 15.1.13-cü maddəsində vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ təsbit edilmişdir. Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4–cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda(itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001–ci il 13 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş Xronometraj metodu ilə müşahidə aparılması qaydalarının 2.17-ci maddəsinə əsasən, müşahidənin nəticələri üzrə müəyyən edilmiş istehsal həcminin və mallarln (işlərin, xidmətlərin) satış dövriyyəsinin vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələrdə öz əksini tapmaması təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanması və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında kameral qaydada vergi yoxlaması aparılmasına əsas verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etirazından da göründüyü kimi, vergi orqanı tərəfındən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsiı zamanı vergi orqanı tərəfındən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı "xxxxxxxxxxxxx" MMC–nin iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş qərarlar, aktlar, cavabdehin etiraz ərizəsi və digər sənədlər. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, **********156900 saylı qərar qəbul edilmiş və vergi ödəyicisinə ümumilikdə 53.809.00 manat əlavə vergi məbləği hesablanmışdır.İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarları mübahisələndirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki,”xxxxxxxxxxxxxx” MMC-ti idxal olunmuş malların pərakəndə satışı ilə məşğul olur. 11 avqust,13 avqust və xx xxxxxx 2018-ci ildə “xxxxxxxxxxxxxx” MMC-nin satış bazasında xronometraj metodu ilə müşahidə aparılır və MMC-nin gündəlik satış dövriyyəsinin 44.183,50 manat olması müəyyən olunur. ”xxxxxxxxxxxxxx” MMC-ti iyun 2019-cu il üçün vergi orqanına bəyannaməsini təqdim edir, lakin vergi orqanı bəyannamədə göstərilmiş məbləğ ilə razılaşmayaraq, vergi ödəyicisindən 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidəsinin nəticəsi ilə müəyyən edilmiş 1.104.587.42 manatlıq dövriyyədən 352.747,89 manatının az olmasını bildirərək, MMC-yə 2019-cu ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 53.809,00 manat məbləğində əlavə vergi məbləği hesablayaraq, bu barədə xx.xx.2019-cu il tarixli **********156900 nömrəli “Vergilərin hesablanması barədə” Qərar qəbul etmişdir. Cavabdeh təşkilatın qeyd olunan qərarın qəbul edilməsinə dair gətirdiyi arqument ondan ibarətdir ki, ”xxxxxxxxxxxxxx” MMC-dən iyun ayı üçün təqdim edilmiş bəyamnamə üzrə şübhələr olduğuna görə MMC-dən siyahı üzrə sənədlər tələb edilmiş, lakin vergi ödəyicisi tələb edilən sənədləri təqdim etmədiyinə görə vergi orqanı Vergi Məcəlləsinin 37,67,83 və 166.1-ci maddələrini rəhbər tutaraq 2018-ci ilin avqust ayında keçirilmiş xronometrajın nəticəsinə uyğun ƏDV-ni hesablamışdır. Məhkəmə vergi orqanı tərəfindən gətirilən arqument ilə aşağıdakılara əsasən razılaşmır. Belə ki, Azərbyacan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Qeyd olunan maddənin tərifindən belə başa düşülür ki, əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur və axırda istehlakçının üzərinə düşür. Göründüyü kimi ƏDV-nin tutulması malların satışı, idxalı və dövriyyəsi nəticəsində həyata keçirilir. Bundan başqa hər bir vergi ödəyicisinin Vergi Məcəlləsinin 177.1-ci və 177.2-ci maddələrinə əsasən vergi ödəyicisi hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin bəyanaməsini vermək, bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Göründüyü kimi Vergi Məcəlləsinin 37.5-ci maddəsi vergi orqanının üzərinə vergilərin hesablanması zamanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin əsas götürülməsini vəzifə kimi deyil hüququ kimi qeyd etmişdir.Həmin Məcəllənin36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunan Məcəllənin 83.2-ci maddəsinə əsasən 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatlara; 2)bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumatlara; 3)vergi yoxlaması materiallarına; 4)vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara-yəni idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata əsaslanaraq vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini qeyd olunan məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır. Göründüyü kimi Vergi Məcəlləsi vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyatları barədə rəsmi məlumata istinad etmək hüququndanda istifadə edə bilərdi. Lakin hazır ki, inzibati mübahisə üzrə “xxxxxxxxxxxxxx” MMC-nin 2019-cu ilin iyun ayı üçün gömrük maya dəyəri 743.398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etməsi öz təstiqini tapmasına baxmayaraq, vergi orqanı 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə MMC-ti əlavə dəyər vergisinə cəlb etmişdir.”xxxxxxxxxxxxxx”MMC-nin 2019-cu ilin iyun ayında gömrük maya dəyəri 743.398.26 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etdiyi tədqirdə onun tərəfindən iyun ayında 1.104.587.42 manat dövriyyənin həyata keçirilməsi (satışın həyata keçirilməsi) mümkün deyil. Bundan başqa məhkəmə hesab edir ki, 2018-ci ilin avqust ayında keçirilmiş 3 günlük xronometraj “xxxxxxxxxxxxxx” MMC-nin gündəlik dövriyyəsinin müəyyən edilməsində bir o qədərdə əsaslı deyil. Belə ki, qanunvericiliyin tələbləri baxımından xronometrajın keçirilməsi üçün 3 gündən 15 günə kimi müddətin müəyyən edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən xronometraj 3 gün keçirilmiş və həmin 3 gün ərzində vergi ödəyicisinin anbarında satış yalnız bir gün, yəni xx xxxxxx 2018-ci ildə olmuş və vergi orqanı həmin gün həyata keçirilmiş satışdan əldə olunmuş məbləği vergi ödəyicisinin orta günlük satış dövriyyəsinin müəyyən edilməsində istifadə etmişdir. Halbu ki, vergi orqanı ona verilmiş səlahiyyətlər çərçivəsində xronometrajı bir neçə gün əlavə olaraq keçirmiş olsaydı qeyd olunan orta günlük satış dövriyyəsinin məbləği fərqli ola bilərdi. Bütün qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, inzibati orqan ona qanun ilə verilmiş hüquqlardan sui-istifadə edib. Belə ki, Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulub. Bundan başqa vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur. Belə ki, qeyd olunan Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla,yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.Mübahisə üzrə vergi orqanının gətirdiyi arqumentlərdən biridə ondan ibarət olmuşdur ki, “xxxxxxxxxxxxxx” MMC-ti tərəfindən xx xxxx 2019-cu ildə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktuba əsasən lazımi sənədlərin təqdim edilməməsi səbəbindən vergi orqanı tərəfindən əlavə dəyər vergisinin xronometraj yoxlamanın nəticəsi olaraq hesablanması zərurəti yaranamışdır. Göründüyü kimi qeyd olunan arqument “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan prinsipə ziddir. Bundan başqa həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İş materiallarına əlavə edilmiş şikayət ərizələrindən görünür ki, “xxxxxxxxxxxxxx” MMC-ti Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 müraciət edərək, idxal etdiyi malların Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi yanında İdxal- İxrac İdarəsi tərəfindən qeydiyyata alılnması və satdığı malların yalnız idxal etdiyi mallar olmasını bildirmişdir. Lakin vergi orqanı buna əhəmiyyət verməyərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsində göstərilən “Hüququn tətbiqindən imtinanın qadağan olunması” prinsipinin tələblərini pozmuşdur. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini pozmuşdur.Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75və 85.1maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinəqarşı “cavabdehin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli, **********156900 saylı qərarının ləğv edilməsi tələbinə” dair iddiası təmin edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar