Məhkəmə qərarları › İş №2-1(118)-185/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-185/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-185/2021 05.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1, Cavabdeh Söhüb Bələdiyyəsinin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Quba rayon Söhüb Bələdiyyəsinə qarşı “Quba rayon Söhüb bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli qərarının və bunun əsasında verilmiş xx xxxx 2020-ci il tarixli 05 saylı imtinasının əsassız hesab olunması və xx xxxx 2005-ci il tarixdə Quba rayonu Zıxır bələdiyyəsinin 06 saylı iclasının qərarı əsasında bağlanmış icarə müqaviləsinin yeni müddətə uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində rəsmi qeydiyyatda olsa da faktiki olaraq Hacıqabul rayonu Qarasu kəndində yaşayır və işləyir. Bütün qohumlarını əhatə edən 35 ailənin birləşdiyi fermer təsərrüfat yaratmışdır. Qış otlaq sahələri Hacıqabul rayonu ərazisindədir. Yay otlaq sahəsi isə Quba rayonu Söyüb (keçmiş Zıxır) bələdiyyəsinin yay otlaq sahəsində yerləşir. Həmin Müqavilə xx xxxx 2005-ci il tarixdə Quba rayonu Zıxır bələdiyyəsinin 06 saylı iclasının qərarı əsasında bağlanmışdır. Müqavilə dövlət reyestrində qeydə alınmış və müvafiq olaraq ona JN-9973 saylı 30322068 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Bu 15 ildə o torpaqdan təyinatı üzrə istifadə etmiş və hər ilin icarə haqqlarında vaxtlı-vaxtında ödəmişdir. 5 ay əvvəl isə Zıxır (hazırki Söyüb) bələdiyyəsinə müraciət edərək Müqavilənin uzadılmasını və bunun üçün tələb olunan yeni şərtləri və qaydaları iddiaçıya rəsmi olaraq bildirilməsini xahiş etmişlər. Lakin ona xx xxxx 2020-ci il 05 saylı məktubda Söyüb bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixdə onunla olan icarə müqaviləsini əslində heç bir səbəb olmadan uzatmaqdan imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, guya onun heyvanının sayı normadan artıqdır və saxladığı heyvanlar xırda buynuzlu deyil, iribuynuzlu mal-qaradır. Cavabdeh təşkilatın imtinası əsaslı deyil, bütün müqavilə müddəti o orada iribuynuzlu mal qara saxlamışdır. Əgər səbəb budursa elə icarənin birinci ilində cavabdeh ona pretenziya verib müqaviləni ləğv etdirə bilərdi. Sadəcə olaraq qonşu icarədarla onun heyvanları bir yerdə olduğundan bəhanə gətirir ki, guya bu heyvanlar yalnız ondadır. Qonşu icarədarın 100 hektar örüş sahəsi var, bütün heyvanlar həm onun həm də onun icarə götürdüyü torpaqda otarılır. Cavabdeh bildirir ki, xx xxxx 2020-ci il tarixdə icarənin son günüdür və heyvanlar ərazidən çıxartmalıdır. Bundan başqa onun Şöyüb bələdiyyəsi ilə bağladığı icarə müqaviləsi 2010-cu ildən 15 il müddətinə bağlanılıb, lakin Çöyüb bələdiyyəsinin hal hazırda sədri olan Hacıbala Hacıyev tərəfindən ona ƏMDKdə kötüyü olmayan və müqavilənin guya xx xxxx 2005-ci ildən bağlandığı qeyd olunan “Torpaq Şəhadətnaməsi” verilmişdir. Halbu ki, icarə müqaviləsi onunla Şöyüb Bələdiyyəsinin sədri Hacıbala Hacıyev arasında bağlanmış, o isə 2010-cu ildən Şöyüb bələdiyəsinə sədr seçilmişdir. Qeyd olunan “Torpaq Şəhadətnaməsi” ona bələdiyyə sədri Hacıbala Hacıyev tərəfindən təqdim edilmişdir. Bu isə bir daha qeyd olunan “Torpaq Şəhadətnaməsi”nin saxta yolla əldə edilməsinə dəlalət edir. Ona görədə hesab dir ki, Qanuna əsasən icarəçi icarə müddəti başa çatana kimi müqaviləni yeni müddətə uzada bilər. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmirlər. Belə ki, iddiaçı ilə Söhüb bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixdə 06 saylı qərar bəsasında icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsinin müddəti xx.xx.2020-ci ilə kimi nəzrədə tutulmuşdur. Göstərilən müddət bitdiyindən İddiaçı ilə icarə müqaviləsinin müddətinin uzadılması məqsədə müvafiq hesab edilməmişdir. Belə ki, Quba rayonun Zıxır kənd sakinlərinin heyvanlarının otlaması üçün torpaq sahəsi zərurət var və həmin kəndin sakinləri üçün nəzərdə tutulmuş torpaq sahəsinin başqa ərazinin sakininə heyvanlarının otlaması üçün ayrılması düzgün deyil. İddiaçı ilə Şöyüb Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin kötüyü bələdiyədə yoxdur və onunla xx.xx.2020-ci ilədək münasibətlərin davam etdirilməsinə əsas JN-9973 saylı kod 30322068 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməsi”nin olması səbəb olmuşdur. Qeyd olunan şəhadətnamə İddiaçı onun tərəfindən verilməmişdir və həmin şəhadətnamənin kötüyünün olmamasını məhkəmə araşdırmasından sonra bilmişdir. Qeyd olunanalara əsasən həmin torpaq sahəlsi ilə bağlı icarə müqaviləsinin uzadılmasından imtina edilmişdir. Ona görədə iddia tələbinin təmi edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən iclasında iştrak edən Söhüb bələdiyyəsinin sədri və məhkəmənin sonuncu iclasında iştrak edən Söhüb Bələdiyyəsinin vəkili etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2020-ci il tarixli, 05 nömrəli imtina məntubu, etiraz ərizəsi, DTXKnin Quba Rayon şöbəsinin tərəfindən verilmiş KOD 30322068, JN-9973 nömrəli Torpağın müvəqqəti istifadəyə verilməsi haqqında şəhadətnamənin surəti, Bələdiyyənin xx xxxxxx 2020-ci il tarixli, 02 nömrəli protokol qərarı, ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********83 nömrəli məktub, Dövlət Arxivinin Quba filialının xx xxxx 2021-ci il tarixli 204 saylı arxiv arayışı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı öz təsərrüfatında olan heyvanların saxlanması üçün Quba rayon Zıxır (indiki Söhüb) bələdiyyəsinin inzibati ərazisində yerləşən 180 hektar sahəsini xx.xx.2020-ci ildək yay otlaq sahəsi kimi istifadə edirdi. Tərəflərin hər ikisinində iddia etdiyi kimi, iddiaçıya həmin torpaq sahəsindən istifadə etmək üçün əsas zaman etibarı ilə qüvvədə olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-9973 saylı kod 30322068 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə əsas olmuşdur. Belə ki, həmin Şəhadətnamədə qeyd olunmuşdur ki, Quba rayonunun Zıxır bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı əsasında 180 hektar torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Quba rayonun Zıxır bələdiyyəsinin adı dəyişdirilərək sonradan Söhüb bələdiyyəsi olmuşdur. Qeyd olunan müddət bitənə yaxın iddiaçı Söhüb bələdiyyəsinə müraciət edərək həmin müqavilənin vaxtını yenidən uzadılmasını tələb etmişdir. Lakin cavabdeh müvafiq torpaq sahəsindən istifadəni bələdiyyənin yerli kənd sakinlərinin təsərrüfat ehtiyaclarını qarşılamaq üçün əsas gətirərək iddiaçı ilə yenidən icarə müqaviləsi bağlamaqdan imtina etmiş və xx xxxxxx 2020-ci il tarixli, 02 nömrəli protokol qərarı ilə həmin icarə müqaviləsinin vaxtını uzadılmasında imtina etmişdir. Məhkəmə araşdırması zamanı Quba rayonunun Zıxır bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin kötüyünü aşkar etmək mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən Quba arxiv idarəsinə və Söhüb bələdiyəsinə müvafiq sorğunun göndərilməsinə baxmayaraq, həmin müqavilənin mövcud olması öz təsdiqni tapmamışdır. Söhüb bələdiyyəsinin sədri tərəfindən məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, inzibati ərazi vahidlərinin dəyişdirilməsi zamanı Zıxır bələdiyyəsinin yerinə Söhüb bələdiyyəsi təsis edilmiş və o, Söhüb bələdiyyəsinə 2010-cu ildə sədr seçilmişdir. Ona təhvil verilmiş sənədlər arasında Zıxır Bələdiyyəsinin xx.xx.2005ci il tarixli 06 saylı qərarı və müvafiq icarə müqaviləsi olmamışdır. İddiaçı Söhüb bələdiyyəsinin inzibati ərazində yerləşən yay otlaq sahəsindən xx.xx.2005-ci il tarixinədək istifadə etməsi üçün əsas JN-9973 saylı kod 30322068 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə olmuşdur. Bundan başqa məhkəməninin araşdırması zamanı oda müəyyən edilmişdir ki, JN-9973 saylı kod 30322068 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin kötüyü Əmlak Məsələləri Dövlət Xidmətinin arxivlərində mövcud deyil. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsininin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 16 maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarım isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və va icarəçilərinə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. İlk öncə nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bundan başqa nəzərə alınmalıdır ki, Quba rayon Söhüb Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. İşin araşdırılan hallarından oda məlum olmuşdur ki, Quba rayon Zıxır və Dalqaya kənd sakinləri Söhüb bələdiyyəsinə müraciət edərək, Söyüb bələdiyyəsinin inzibati ərazisindən onlara otlaq sahələrinin ayrılmasını tələb etmişdirlər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56 maddəsinin 4-cü bəndinə əsasən Söhüb bələdiyyəsinə müraciət edən kənd sakinlərinin Hacıqabul rayonun Qarasu kəndinin sakini olan İddiaçı münasibətdə öz kəndinin otlaq sahəsindən torpaq sahəsinin ayrılması zamanı üstünlük hüquqları var. Bundan başqa oda nəzərə alınmalıdır ki, İddiaçı həmin torpaq sahəsinə dair Quba rayonun Zıxır bələdiyyəsi ilə icarə müqaviləsinin bağlanması və həmin müqavilənin etibarlığına dair heç bir dəlilini məhkəməyə təqdim etməmişdir. Halbuki, hazır ki, iddia tələbi məcburetmə haqqında iddia tələbinə aid olmadığına görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Cavabdeh Söhüb bələdiyyəsi isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu mümkün olmamasını torpaq sahəsi ilə bağlı kənd sakinlərinin üstünlük hüququnun olması ilə sübut edir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, örüş torpaqlarından istifadə qaydalarının xüsusiyətləri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsində öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 16 maddəsinin 4-cü bəndində xüsusi norma olaraq göstərilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda müqavilənin uzadılması yalnız hərrac vasitəsi ilə həyata keçirilə bilər. Yəni həmin Məcəllədə qeyd olunan başqa təyinatlı torpaq sahələrinin icarəyə verilməsi qaydasından fərqli olaraq örüş sahəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin müddətinin qurtarması səbəbi ilə həmin şərtlərlə müqavilənin uzadılması Qanunda nəzərdə tutulmamışdır. Göründüyü kimi örüş sahəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin vaxtının uzadılması yalnız hərrac vasitəsi ilə həyata keçirilə bilər. Quba rayonu Söhüb bələdiyyəsi özünün diskression səlahiyyətlərindən irəli gələn hüququndan istifadə edərək xx xxxxxx 2020-ci il tarixli qərarını qəbul etmişdir. Beləliklə, cavabdeh Quba rayon Söhüb bələdiyyəsi qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 02 nömrəli protokol qərarına əsasən İddiaçı ilə icarə müqaviləsinin yeniləməməsi zamanı qanun pozuntusuna yol verməmişdir. Buna görədə məhkəmə mübahisə edilən qərarın ləğv edilməsini məqsədəmüvafiq hesab etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba rayon Söhüb Bələdiyyəsinə qarşı “Quba rayon Söhüb bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli qərarının və bunun əsasında verilmiş xx xxxx 2020-ci il tarixli 05 saylı imtinasının əsassız hesab olunması və xx xxxx 2005-ci il tarixdə Quba rayonu Zıxır bələdiyyəsinin 06 saylı iclasının qərarı əsasında bağlanmış icarə müqaviləsinin yeni müddətə uzadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar