Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-185/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 17.07.2021-ci il tarixli, **********83 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Saray bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin 21.12.1999-cu il tarixli 47 saylı sərəncamına əsasən ona ayrılmışdır. Belə ki, həmin sərəncama əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992- ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsindən İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncam arxiv idarəsi tərəfindən təsdiq edilmiş, habelə torpaq sahəsinin yerləşmə yerini təsdiq edən sxem Saray bələdiyyəsi və Abşeron RİH tərəfindən təsdiq edilmiş və Saray bələdiyyəsinin həmin torpaq sahəsinə dair hüquqi sənəd verilməsi barədə 19 mart 2020-ci il tarixli, 05 saylı yazılı müraciəti təsdiq edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar 13 iyul 2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmişdir, müraciəti qəbul olunaraq ********** nömrə ilə qeydiyyata alınmış və 17 iyul 2021-ci il tarixli, **********83 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır və onun qanunla qorunan hüquqları pozulmuşdur. İdarənin imtinada yeganə dəlili “torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyətinin 28 sentybar 1992-ci il tarixli 488 saylı sərəncamı ilə ayrılması və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayənəliklərinin sərəncamlarının nəzərdə tutulmaması” olmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron Rayonu İcra Hakimiyyəti başçısının 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 34.7 ha torpaq sahəsindən İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir. Abşeron rayon Dövlət Arxivinin F-551 saylı, 10 iyun 2014-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamından çıxarışa əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron Rayonu İcra Hakimiyyəti başçısının 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 34.7 ha torpaq sahəsindən İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir. Abşeron Rayonu Saray bələdiyyəsinin 10.03.2020-ci il tarixli 05 saylı məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etmir. Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiq müəyyən edilmişdir və həmin sənəd Abşeron rayon İcra Hakimiyyəti və Saray bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh imtinasını bununla əsaslandırmışdır ki, qüvvədə olan torpaq qanunvericiliyinə görə Abşeron rayon İH-ti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin torpaq ayırmaq səlahiyyəti olmamışdır və səlahiyyətsiz şəxsin sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində şəxsin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması mümkün deyildir. Cavabdehin bu imtinası əsassızdır, çünki Abşeron rayon İH-tinin başçısı yuxarıda qeyd edilən 28.09.1992-ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə nümayəndəsinə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətdən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. Beləliklə də, ona torpaq sahəsinin guya səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdehin imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçı hesab edir ki, torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və bu torpaq sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınması tələbi qüvvədə olan qanunvericiliyinə uyğun olduğundan, cavabdehin müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Bundan başqa, iddiaçının qonşuları, bütün Saray qəsəbəsi, habelə Abşeron rayonunun tabeliyində olan bütün kənd və qəsəbələrdə yerləşən torpaq sahələri Abşeron Rayon İcra Hakimiyyəti başçısının müvafiq nümayandələrinin qərarları əsasında qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu üzrə Ərazi İdarəsi fəaliyyəti dövründə minlərlə torpaq sahələrini həmin sərəncamlar əsasında qeydiyyata almışdır. Belə olan halda, qeydiyyat orqanı tərəfindən imtina edilməsi ümumiyyətə qanunsuzdur. İnzibati icraat haqqında Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının tərəfdar çıxrığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından mərhum edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazılanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmişləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Mcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdın İmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qeyd olunan normaların tələbinə əsasən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, iddiaçı həmin torpaqdan qanuni əsaslarla istifadə edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclaslarında iştirak esədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı, iddiaçıya 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin sözügedən torpaq sahəsinə dair ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizənizə əlavə edilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Məmmədli kəndi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən “Əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun”. Hazırki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Məcəllənin 358-ci maddəsinə əsasən də səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Eləcə də, o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’’nin 36-cı maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyinə torpağ sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2- ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan- cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlarbu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Bundan başqa, AR MM-nin 139-1.1.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” müəyyənləşdirilmiş və Mülki Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Mülki Məcəllənin 179.4-cü maddəsinə əsasən əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə inzibati işi araşdıraraq hesab edir ki, iddia mümkün iddia olamqla bərabər, həmdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işdə də iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə vətəndaşın istifadəsinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ayrılmışdır. İnzibati orqanın imtinasının əsasını Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsinin səlahiyyətsiz şəxs olması və Abşeron rayon Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 21.12.1999-cu il tarixli 47 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə eidlmədiyi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı halda Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsi səlahiyyətsiz şəxs hesab oluna bilməz. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsinə torpaq ayırma səlahiyyəti verilməsə də, Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Nümayəndəliyinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsindən vətəndaşlara torpaq sahələrinin ayrılmasına dair sərəncam vermək səlahiyyəti verilmişdir. İş materiallarından göründüyü kimi vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Nümayəndəliyinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsindən İddiaçı qızına 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin sahədə ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Eyni zamanda torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, torpaq sahəsi ilə bağlı mübahisənin olmaması mübahisə olunmur. Abşeron Rayonu Saray bələdiyyəsinin 10.03.2020-ci il tarixli 05 saylı məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etmir. Eyni zamanda Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiq müəyyən edilmişdir və həmin sənəd Abşeron rayon İcra Hakimiyyəti və Saray bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Qeyd edilənlərə görə məhkəmə cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən dəlilləri əsasız hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Hazırkı mübahisədə də iddiaçının Abşeron rayon Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 21 dekabr 1999-cu il tarixli 47 nömrəli sərəncamı ilə mülkiyyətinə ayrılmış torpaq sahəsindən maneəsiz istifadə etməsi ilə bağlı mübahisənin olması, müvafiq dövlət orqanlarının bu hüquqa etiraz etməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, bu halda iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsinin reallaşmasının təminatındada mühüm rol oynayacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı qızına məxsus, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı qızına məxsus, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-185/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-185/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver