Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-185/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar rayon Həzrə bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Qusar rayon Həzrə bələdiyyəsinə qarşı “Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsinin iddiaçıya satılması barədə Həzrə Bələdiyyəsinin qərar qəbul etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsinin iddiaçıya satılması barədə Həzrə Bələdiyyəsinin qərar qəbul etməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 2018-ci ildə Qusar rayonu, Xuluq Bələdiyyəsinə ərizə ilə müraciət etmiş və uzun illər istifadəsində olan 10 sota yaxın torpağın ona satılmasını xahiş etmişdir. Xuluq Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 12 nömrəli protokolu ilə ona bələdiyyə mülkiyyətində olan Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsi satılmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Daha sonra qonşuluğunda olan X6 ona qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq “Xuluq Bələdiyyəsinin qərarının və çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Yalnız Qusar rayonu, Xuluq Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 12 nömrəli qərarı etibarsız sayılmışdır. Məhkəmə araşdırmasında məlum olmuşdur ki, Qusar rayonu, Xuluq Bələdiyyəsi xx.xx.2019-cu il tarixli 12 nömrəli qərarında Bələdiyyə tərəfindən olan imzalar saxtadır. Həmin qərardan kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, qanuni və vicdanlı alıcıdır. Qanunamüvafıq şəkildə onunla alqı- satqı keçirilmiş və tərəfindən ödəniş edilmişdir. Hal-hazırda onun adına olan çıxarış qüvvədədir. Lakin çıxarışın ləğv edilməsi tələbi ilə X6 yenidən Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-670/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda şikayət icraatdadır. Eyni zamanda, xx.xx.2023-cü il tarixdə ərizə ilə Qusar rayonu, Xuluq Bələdiyyəsinə müraciət etmişdir. Ərizədə bildirmişdir ki, Xuluq Bələdiyyəsi sənədləşmə işləri düzgün aparmadığına görə qanuni şəkildə əldə etdiyi torpaq sahəsini itirmək təhlükəsi var. Ona görə də, onun 2018-ci ildə müraciət etdiyi torpağın ona satılması barədə ərizəni nəzərə alaraq, onunla Bələdiyyə arasında 0.095 ha torpaq sahəsinin alqı-satqısının keçirilməsinə dair Bələdiyyə tərəfindən qərar verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Qusar rayon Xuluq Bələdiyyəsinin imtina məktubunda bildirilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 670/2023 saylı qərarı ilə adına verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarış ləğv edildiyinə görə və həmin çıxarışda olan torpaq sahəsi Xuluq kənd sakini X2 ümumi istifadəsində olduğuna görə birinci növbədə qanunvericiliyə uyğun olaraq həmin vətəndaşa təklif olunacaqdır. Həmin torpaq sahəsində rəsmi imtina edərsə, ondan sonra başqa vətəndaşa satıla bilər. Eyni zamanda X6 tərəfindən Xuluq Bələdiyyəsinə xx.xx.2023-cü il tarixdə ərizə daxil olmuş, ərizədə həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi xahiş edilmişdir. 2018-ci ildə ödədiyi 950 manat pul vəsaitinin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixdə 02 saylı qərarın Bələdiyyə tərəfindən qəbul olunduğu bildirilmişdir. Birincisi cavabdeh imtina məktubunda hələ qanuni qüvvəyə minməmiş Sumqayıt İnzibati Məhkəməsinin qərarına istinad etmiş və hələ ləğv olunmamış və qüvvədə olan çıxarışın olmasına baxmayaraq iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini X2 mülkiyyətinə vermək istədiyini bildirmişdir. İnzibati orqanın qanunsuz hərəkəti göz qabağındadır. Digər tərəfdən mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə X1 əvvəl 2018-ci ildə müraciət etmişdir. Həmin tarixdə əgər torpaq sahəsi X2 ümumi istifadəsində idisə, niyə Bələdiyyə ilk olaraq ona deyil, ona satmışdır sualı yaranır. Yuxarıda qeyd etdiyi məhkəmə proseslərində X6 verdiyi iddia ərizələrində bildirir ki, qayınatası X7 133.3 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Qayınatası 2007-ci ildə vəfat etmiş, həmin 133.3 kv.m torpaq sahəsi miras qalmış, üzərində ev tikərək ailəsi ilə hal-hazırda həmin evdə yaşayır. Həmçinin yaşayış evini qaynatası 60-70 il öncə tikib. İddiaçı faktiki olaraq illərdir həmin ünvanda yaşamayıb, torpaqdan istifadə etməyib. Zəbt etmə hadisəsi 2019-cu ildən başlayıb. Həmin illər rəsmi orqanlara ərizə ilə müraciət etmişdir. Bundan sonra iddia ərizələrində bildirmişdir ki, miras qalmış torpaq sahəsinin yanında 0.18 ha torpaq sahəsindən faktiki olaraq 1990-cı ildən istifadə edir. 2016-cı ildə Xuluq Bələdiyyəsinə müraciət etmiş və ona satılacağı barədə razılıq aldıqdan sonra həmin sahəni mişar daşı ilə hasarlayıb mal-qara saxlamaq məqsədilə tövlə inşa etmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi 100 kv.m-dır. X2 isə istinad etdiyi torpaq sahəsi 180 kv.m-dır. Göründüyü kimi torpaq sahələrinin ölçülərində fərq var. Digər tərəfdən isə əgər X6 həqiqətən 2016-cı ildə Bələdiyyənin razılığını alsaydı niyə iddiaçı 2018-ci ildə torpağın ona satılması barədə müraciət etdikdə Bələdiyyə onun iddiaçıya satılması barədə qərar qəbul etmişdir??? Sənədlərdə Bələdiyyə tərəfindən imza saxtakarlığının edilməsi iddiaçının günahından olmamışdır və bu hal onun mülkiyyət hüquqlarını poza bilməz. Ona görə də, Bələdiyyə iddiaçının birinci olaraq 2018-ci ilə müraciət etdiyi ərizəni nəzərə almaqla həmin torpaq sahəsinin ona satılması barədə qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iştirak etmiş, izahatında torpaq sahəsinin X2 istifadəsində olduğunu bildirirək iddia tələbinə etiraz etdiyini, torpağın ilkin olaraq X4 təklif edilməli olduğunu bildirmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Xulux kəndində yerləşən 0.095 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-670/2023 saylı qərarı ilə Qusar rayon Xuluq bələdiyyəsinin 12 saylı 25 dekabr 2019-cu il tarixli qərarı əsasında İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nöməli, xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(105)-409/2023 tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2- 1(102)-74/2024 saylı qərarı ilə apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Qusar rayon Xuluq bələdiyyəsinin 28 fevral 2023-cü il tarixli 02 №li protokol qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iş № e-2-1(118)- 670/2023 nömrəli qətnaməsində Xuluq kənd sakini İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, 0.095 ha torpaq sahəsinin çıxarışı ləğv edildiyinə görə Xuluq kənd sakini İddiaçı adından xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzi ilə ödənilmiş 950 manat pul vəsaitinin İddiaçı geri qaytarılması qərara alınmışdır. Qusar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-30RA/1-1xx-xx/2023 saylı arxiv arayışında qeyd edilmişdir ki, rayon arxivində saxlanılan Qusar rayonu Qılah kənd XDS İK-nın 1974-1976-cı illərin Xulux kəndi üzrə 1 №li təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 2 olan X5 təsərrüfatın şəxsi istifadəsində 1 yanvar 1974-cü il tarixdən 1976-cı ilin iyunun 1-də cəmi 0.18 hektar torpağın olduğu qeyd edilmişdir. Qusar rayon Xuluq bələdiyyəsinin 23 may 2023-cü il tarixli 33 saylı məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi uzun illərdən hal-hazıra kimi X3 istifadəsindədir, həmin torpaq sahəsində 110 kv.m olan mal-qara üçün nəzərdə tutulmuş tikili mövcuddur. Qusar rayon İcra Hakimiyyəti Başçısının Gilah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 58 saylı arayışında qeyd edilmişdir ki, X3 Xuluq kəndində şəxsi evində evə bitişik olan 110 kv.m yaxın mal-qara tövləsi mövcuddur. Həmin tövlədə xx.xx.2023-cü il tarixə 80 baş xırda buynuzlu heyvan saxlaması barədə nümayəndəliyin №01 təsərrüfatbaşına kitabının, №053 şəxsi hesabda qeyd aparılmışdır. Xuluq kənd sakinləri tərəfindən tərtib edilmiş Xuluq bələdiyyəsi tərəfindən təsdiq edilmiş 22 may 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, 0.095 ha torpaq sahəsi ata-baba dövründən hal-hazıra kimi Xuluq kənd sakini X2 istifadəsindədir. Həmin torpaq sahəsi hasarlanmışdır, 2016-cı ildən həmin torpaq sahəsində 110 kv.m olan malqara üçün nəzərdə tutulmuş tövlə mövcuddur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı iddia elədiyi torpaq sahəsi 0.095 hektar təşkil edir və həmin torpaq sahəsinə İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********5 reyestr nömrəli çıxarış işlənilmişdir. İddiaçının **********5 reyestr nömrəli çıxarışa əsasən iddia elədiyi torpaq sahəsi, X8 adına tərtib olunmuş texniki pasportunda göstərilən torpaq sahəsi, konfiqurasiyaları ilə eynilik təşkil edir. İddiaçının iddia elədiyi torpaq sahəsi JN-010A kod 30108028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətamədə göstərilən torpaq sahəsi ilə eynilik təşkil etmir, fəqli torpaq sahələridir. X8 adına tərtib olunmuş texniki pasportunda göstərilən torpaq sahəsi ilə JN-010A kod 30108028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eynilik təşkil etmir, fərqli torpaq sahələridir. Qeyd: Mübahisələndirilən torpaq sahəsi hal-hazırda İddiaçı mülkiyyətində olmaqla 0.095 hektar təşkil edir və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********5 reyestr nömrəli çıxarış verilmişdir, lakin hal-hazırda həmin torpaq sahəsi mülkiyyətçinin istifadəsində deyil və həmin torpaq sahəsində tikinti altı sahəsi 140 kv. metr olan tikilinin 120 kv. metr tikinti altı sahəsi inşa olunmuşdur (inşa olunmuş tikili tövlə kimi istifadə olunurdu), bundan əlavə torpaq sahəsinin bir tərəfi, uzunluğu 23.7 metr olmaqla mişar daşı hasarı ilə hasara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-27/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı ilə Qusar rayonunun Xuluq bələdiyyəsinin Qusar rayonunun Xuluq kənd ərazisində yerləşən 0.095 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarı etibarsız sayılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır (çünki qəbul edilmiş qərarın ləğv edilməsi nəticəsində məlumatların müvəkkil banka ötürülməsi baş vermir, beləliklə də iddiaçının hüquqi marağı təmin olunmur), iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Xulux kəndində yerləşən 0.095 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-27/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı ilə Qusar rayonunun Xuluq bələdiyyəsinin Qusar rayonunun Xuluq kənd ərazisində yerləşən 0.095 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarı etibarsız sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(102)-846/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-670/2023 saylı qərarı ilə Qusar rayon Xuluq bələdiyyəsinin 12 saylı 25 dekabr 2019-cu il tarixli qərarı əsasında İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2- 1(105)-409/2023 tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(102)-74/2024 saylı qərarı ilə apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Qusar rayon Xuluq bələdiyyəsinin 28 fevral 2023-cü il tarixli 02 №li protokol qərarı ilə İddiaçı adından xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzi ilə ödənilmiş 950 manat pul vəsaitinin İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçı Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsinin iddiaçıya satılması barədə Həzrə Bələdiyyəsinin qərar qəbul etməsini istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli İş №e-2-1(118)-670/2023 nömrəli qətnaməsinə əsasən iddiaçının adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli 0.095 ha torpaq sahəsinin çıxarışı ləğv edildiyinə görə və həmin çıxarışda olan torpaq sahəsi Xuluq kənd sakin X2 ümumi istifadəsində olduğuna görə, birinci növbədə qanunvericiliyə uyğun olaraq həmin vətəndaşa təklif olunacaqdır. Həmin vətəndaş torpaq sahəsinin alınmasına rəsmi imtina edilərsə həmin torpaq sahəsi sonra başqa şəxsə satılması nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Xuluq kənd sakin X6 tərəfindən Xuluq bələdiyyəsinə xx.xx.2023-ci il tarixli ərizə daxil olunmuşdur. İddiaçının adından sabiq bələdiyyə sədri tərəfindən sonradan xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzi ilə köçürülmüş 950 (doqquz yüz ənli ) manat pul vəsaiti geri qaytarılması barədə Xuluq bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 02 saylı qərarı qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh imtinasında haqlı olmuşdur. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 14.1ci maddəsinə əsasən bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi bələdiyyələr kollegial orqan kimi fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmçinin, işin hallarından görünür ki, sözügedən torpaq sahəsi hal-hazırda X3 istifadəsindədir, həmin torpaq sahəsində tikinti altı sahəsi 140 kv.m olan mal-qara üçün nəzərdə tutulmuş tikili mövcuddur. Qeyd edilən hal mütəxəssis rəyində də öz təsdiqini tapmışdır. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında torpaq sahəsinin X3 istifadəsində olduğundan ilkin olaraq satılması üçün ona təklif olunacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda qeyd edilən qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul etmək hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-185/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-185/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver