Məhkəmə qərarları › İş №2-1(118)-1851/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1851/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1851/2025 22.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan X3 və ortopediya İnstitutu” publik hüquqi şəxsinin 6 aprel 2024-cü il tarixli, ********** nömrəli İddiaçı dair arayış.

2. Sumqayıt Tibb mərkəzi publik hüquqi şəxs 1 nömrəli xəstəxana Radiologiya şöbəsinin İddiaçı dair ultrasəs müayinəsinə dair arayış.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı dair “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”lar.

4. İddiaçı dair “Dermatoveneroloqun müayinə vərəqi”.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21 avqust 2024-cü il tarixli, 3- 17-4/2-22738/2024 nömrəli məktubu ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti göndərilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3 oktyabr 2024-cü il tarixli, 3-17-4/3-1-22051/2024 nömrəli qərarından görünür ki, əlillik alt sistemində olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Sumqayıt Tibb Mərkəzi tərəfindən “İnsulindən asılı olmayan şəkərli diabet Artropatik psoriaz” diaqnozu ilə 27 iyun 2024-cü il tarixli, S00198396QZJ nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (Səbəb: Əsas diaqnozu və ağırlaşmanı təsdiq edən köməkçi müayinələrin nəticələri, status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsinə zərurət yarandığı) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, 3 oktyabr 2024-cü il tarixdə məhkəmə qərardadı əsasında, cavabdeh orqan tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. 3 oktyabr 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri ağızda qumluqdan, susuzluqdan, halsızlıqdan, diz oynaqlarında, əllərində, ayaqlarında ağrılardan, bədəninin müxtəlif nahiyələrində və başın tüklü hissəsində səpkilərdən olmuş, anamnestik olaraq bədənindəki səpkilərə görə mütəmadi olaraq dərmandan istifadə etdiyini, ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X3 və Ortopediya İnstitutunun 6 aprel 2024-cü il tarixli, ********** nömrəli arayışına əsasən diaqnoz “Psoriaz xəstəliyi, hər iki ayağın varus deformasiyası, sümüklərdə osteoporozu, İ daraq-falanga oynağının İ dərəcəli artrozu, sağ qayığabənzər sümüyünün qırmağı ayrı şəkildə qalması, sağ V əl daraq sümüyünün ətraf yumşaq toxumalarda 5-6 ədəd millimetrik yad cisimləri, daimi ağrı sindromu və yerişin çətinləşməsi.” şəkildə göstərilmiş, Respublika Dəri-Zöhrəvi Mərkəzinin 13 aprel 2024-cü il – 23 aprel 2024-cü il tarixli epikrizinə əsasən diaqnoz “Yayılmış psoriaz. Psoriatik artropatiya.” kimi qeyd edilmiş, Respublika Endokrinoloji Mərkəzin 29 aprel 2024-cü il tarixli Tibbi rəyinə əsasən diaqnoz “Şəkərli diabet tip 2, ağırlaşmalarsız” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, aşağı ətraflarında periferik ödem, şişkinlik, hiperemiya, hiperpiqmentasiya, durğunluq əlamətləri, tük örtüyünün seyrəlməsi izlənilməmiş, periferik nəbz dolğun olmuş, bədənin müxtəlif nahiyələrində kiçik ölçülü səpkilər izlənilsə də, pullu dəmrov, yayılma əhəmiyyətli təzahür edən yerli dəyişikliklər (dərinin əhəmiyyətli infiltrasiyası, çatlar), açıq sahələrin və əl dırnaqlarının geniş zədələnməsi müşahidə edilməmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən artropatik dəyişikliklər aşkarlanmamış, əlillik təyinatına əsas verən yayılmış, artropatik psoriaz müəyyən edilməmişdir. 3 oktyabr 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən vətəndaşa aşağı ətraf arteriaların dopplerografiyası (nəticə: Magistral tipli axınlar) və həkim-oftalmoloq (nəticə: VisOD = 0,8 (onda səkkiz) korreksiya ilə 1,0 (bir), VisOS = 0,9 (onda doqquz) korreksiya ilə 1,0 (bir). Diaqnoz: OU - Zəif dərəcəli hipermetropiya) müayinələri aparılmış, burada əldə edilmiş qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 105 mkmol/l müəyyən edilmiş və həmin müayinələrin nəticələrinə əsasən əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu müəyyən edilməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən 27 iyun 2024-cü il tarixli, S00198396QZJ nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 30 iyul 2025-ci il tarixli, 3446 nömrəli məktubundan görünür ki, İddiaçı iddiası ilə bağlı təyin edilən məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Tibb Mərkəzi PHŞ tərəfindən iddiaçı barəsində tərtib olunmuş S00198396QZJ nömrəli göndərişin tam doldurulduğunu müəyyən etməklə həmin göndəriş əsasında orqanizmin funksiyasının pozulması faizinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 iyul 1982-ci il tarixdə anadan olmuşdur. Səhhətində bir sıra xəstəliklər yaranmış və bu xəstəliklər orqanizminin normal fəaliyyətinə ciddi problemlər yaratmışdır, belə ki, şəkərli diabet 2-ci dərəcəli xəstəliyi ilə bərabər vulqar psoriaz, arterial hipertenziya, hər iki ayağın varus deformasiyası, yerişin çətinləşməsi, sümüklərdə osteoparoz və s. dair Sumqayıt tibb Mərkəzi PHŞ tərəfindən göndəriş hazırlanaraq cavabdeh orqana göndərilmiş və iddiaçının mobil telefonuna 10 iyul 2024-cü il tarixdə gəlmiş SMS məlumatından məlum olmuşdur ki, tibb müəssisəsi tərəfindən tərtib olunmuş S00198396QZJ nömrəli göndəriş natamam doldurulma səbəbindən cavabdeh orqan tərəfindən geri qaytarılmışdır. Cavabdeh orqanın bu imtinası tamamilə əsassızdır, belə ki, göndəriş ixtisaslı həkimlər tərəfindən tərtib olunmuş və iddiaçının xəstəlikləri, təyin edilmiş diaqnoz və bu diaqnozların qoyulmasına əsas vermiş instrumental araşdırmaların nəticəsi və bütün məlumatlar həmin göndərişə daxil edilmişdir. Elektron sistemdən əldə etdiyi arayışda cavabdeh orqan imtinanın səbəbini daha geniş təsvir edərək göndərişdə əsas diaqnoz və ağırlaşması təsdiq edən köməkçi müayinələrin nəticələrinin, status localis, mütəxəssislərin rəyinin, məlumatların olmadığını və TSEK-ə göndərilən zaman xəstənin vəziyyətinin dəqiqləşdirilməməsi və ətraflı qeyd olunmamasını göstərmişdir. Bu göndərişlə yanaşı iddiaçı özü də cavabdeh qurumda əyani müayinədə olmuş və bədənində olan psoriaz yerləri müayinə edilmiş, izah etmişdir ki, həkim tərəfindən təyin edilmiş dərman müalicələri aparılmadığı təqdirdə bədənində yaralar əmələ gəlir və hətta bu yaraların müalicəsi aylarla davam edir. Lakin cavabdeh orqan iddiaçının vəziyyətini əyani müayinə etdiyi və bütün sənədləri aldığı halda göndərişi natamam doldurulmasını səbəb kimi göstərməklə geri qaytarmışdır. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur və belə hesab edir ki, orqanizmin funksiyasının pozulması dərəcəsinin müəyyən olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

10. İddianın maddi hüquqi əsası kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 3.2, 3.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 2, 14, 35-ci maddələrinə istinad edilmişdir.

11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. Məhkəmənin 16 sentyabr 2024-cü il tarixli, 2-1(118)-5309/2024 nömrəli qərardadından görünür ki, iddiaçının cavabdehə qarşı “Sumqayıt Tibb Mərkəzi PHŞ tərəfindən iddiaçı barəsində tərtib olunmuş S00198396QZJ nömrəli göndərişin tam doldurulduğunu müəyyən etməklə həmin göndəriş əsasında orqanizmin funksiyasının pozulması faizinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiasına dair mübahisə ilə bağlı iddiaçının əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə 20 gün müddət təyin edilmişdir.

13. Məhkəmənin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-5309/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsə tapşırılmışdır.

14. Məhkəmənin 30 aprel 2025-ci il tarixli, 2-1(118)-1851/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə təkrar məhkəmətibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi cavabdeh orqanın ekspertləri və Respublika Psixiatriya Xəstəxanasından ekspert cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsə tapşırılmışdır.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri

16. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək, imtinanın səbəbini “əsas diaqnoz və ağırlaşması təsdiq edən köməkçi müayinələrin nəticələrinin, status localis, mütəxəssislərin rəyinin, məlumatların olmadığını və TSEK-ə göndərilən zaman xəstənin vəziyyətinin dəqiqləşdirilməməsi və ətraflı qeyd olunmaması” kimi qeyd etmiş, iş üzrə ekspertizanın keçirilməsini xahiş etmişdir.

17. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. Belə ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

35. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

37. İddia tələbinin əsaslarına görə, iddiaçının xəstəliklərinə dair göndəriş ixtisaslı həkimlər tərəfindən tərtib olunmuş və təyin edilmiş diaqnozlar, onların qoyulmasına əsas vermiş instrumental araşdırmaların nəticəsi və bütün məlumatlar həmin göndərişə daxil edilmişdir. Həkim tərəfindən təyin edilmiş dərman müalicələri aparılmadığı təqdirdə bədənində yaralar əmələ gəlir və hətta bu yaraların müalicəsi aylarla davam edir. Lakin cavabdeh orqan iddiaçının vəziyyətini əyani müayinə etdiyi və bütün sənədləri aldığı halda göndərişi əsassız olaraq geri qaytarmışdır.

38. Cavabdeh tərəfin mövqeyi olaraq isə bildirilir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 3 oktyabr 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən aparılmış əyani müayinəsi zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçının sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

39. İş materialında olan sənədlərlə və məhkəmə araşdırması zamanı əldə edilmiş məlumatlar ilə müəyyən edilir ki, 3 oktyabr 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən iddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı iddiaçı şikayətlərini ağızda qumluqdan, susuzluqdan, halsızlıqdan, diz oynaqlarında, əllərində, ayaqlarında ağrılardan, bədəninin müxtəlif nahiyələrində və başın tüklü hissəsində səpkilərdən olmuş, anamnestik olaraq bədənindəki səpkilərə görə mütəmadi olaraq dərmandan istifadə etdiyini, ambulator və stasionar müalicələr aldığını bildirmişdir. X3 və Ortopediya İnstitutunun 6 aprel 2024-cü il tarixli, ********** nömrəli arayışına əsasən diaqnoz “Psoriaz xəstəliyi, hər iki ayağın varus deformasiyası, sümüklərdə osteoporozu, İ daraq-falanga oynağının İ dərəcəli artrozu, sağ qayığabənzər sümüyünün qırmağı ayrı şəkildə qalması, sağ V əl daraq sümüyünün ətraf yumşaq toxumalarda 5-6 ədəd millimetrik yad cisimləri, daimi ağrı sindromu və yerişin çətinləşməsi.” şəkildə göstərilmiş, Respublika Dəri-Zöhrəvi Mərkəzinin 13 aprel 2024-cü il – 23 aprel 2024-cü il tarixli epikrizinə əsasən diaqnoz “Yayılmış psoriaz. Psoriatik artropatiya.” kimi qeyd edilmiş, Respublika Endokrinoloji Mərkəzin 29 aprel 2024-cü il tarixli Tibbi rəyinə əsasən diaqnoz “Şəkərli diabet tip 2, ağırlaşmalarsız” kimi qiymətləndirilmişdir. 3 oktyabr 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən iddiaçıda aşağı ətraf arteriaların dopplerografiyası müayinələri aparılmış, əldə edilmiş qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 105 mkmol/l müəyyən edilmiş və həmin müayinələrin nəticələrinə əsasən əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu müəyyən edilməmişdir. Nəticədə əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 3 mart 2025-ci il tarixli, T 145/2025 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən adına Sumqayıt Tibb Mərkəzi tərəfindən tərtib edilmiş 7 iyun 2024-cü il tarixli, S00198396QZJ saylı Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: 140.0 – Adi psoriaz. Vulqar psoriaz (Respublika Dəri Zöhrəvi Mərkəzi Tibbi rəy N:0590593); Ağırlaşmalar: M81.2 – Hərəkətsizliklə bağlı osteoporoz. Osteoporoz; M79.5 – Yumşaq toxumalarda qalmış yad cisim. Yumşaq toxumalarda qalmış yad cisim qalığı; M19.2 – Digər ikincili artroz. Digər oynaqların İİ-li artrozu; R52.1 – Müalicəyə tabe olmayan daimi ağrı. Daimi ağrı; L40.5 – Ar ropatik psoriaz (M07.0-M07.3, M09.0). Psoriatik artropatiya; M21.1 – Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Varus deformasiyası ayaqlarda; R26.2 – Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerimədə çətinlik; Yanaşı xəstəliklər: İnsulindən asılı şəkərli diabet. Ağırlaşmalarsız. Şəkərli diabet İİ tip” diaqnoz ona stasionarda qoyulsa da, cavabdeh orqan tərəfindən 3 oktyabr 2024-cü il tarixdə əyani müayinəsi zamanı qanın biokimyəvi analizinin nəticələrinə əsasən qanda “Kreatinin” miqdarının 105 mkmol/l müəyyən edilməsi və aşağı ətraf arteriyalarının doppleroqrafiyası və oftalmoloqun müayinələrinin nəticələrinə və hazırkı əyani müayinəsinə əsasən əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkar edilmədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir bəndini aid etməyə əsas verməmişdir.

41. Göründüyü kimi, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyindən müəyyən edilir ki, iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntu müəyyən edilməmişdir.

42. İddiaçı tərəf qeyd edilən ekspert rəyi ilə razı olmadığını bildirsə də, onun sağlamlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş təkrar tibbi ekspertizalarında iştirak etməmiş, bu səbəbdən ekspertizanın başa çatdırılması mümkün olmamışdır.

43. Məhkəmə işin hallarını, mövcud olan iş materiallarını və təqdim edilmiş ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən iddiaçıda əlilliyə gətirib çıxara biləcək xəstəliklər aşkar olunmadığı üçün əlilliyin təyin edilməsinə əsas yoxdur.

44. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

46. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar