Məhkəmə qərarları › İş №2-1(118)-1860/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1860/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1860/2021 16.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının mənzil növbəsinə qeydiyyata alınması və cavabdehə müraciət etdiyi tarixdən iddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə görə aylıq 250.0 manat kirayə haqqı məbləğinin cavabdehdən tutularaq ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı mənzil və torpaq sahəsi ilə təmin olunma, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın 13.01.2020-ci il tarixli, 22 №li məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının öz arzusu ilə ehtiyata buraxılmış olması göstərilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 09.08.1999-04.09.2019-cu ilədək AR DİN Daxili Qoşunlarında xidmət etmişdir. X3 müavini - X1 04.09.2019-cu il tarixli 1216 nömrəli əmrinə əsasən “Hərbi xidmət keçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. Xidmət etdiyi müddətdə mənzil növbəsində olmamış və həmçinin mənzil və torpaq sahəsi ilə də təmin olunmamışdır. Hal-hazırda evlidir və həyat yoldaşı, iki azyaşlı qız övladı ilə bərabər kirayə mənzildə yaşayır. Onun və həyat yoldaşının adında heç bir daşınmaz əmlak və torpaq sahəsi yoxdur. Ehtiyata buraxıldıqdan sonra “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25.12.1991-ci il tarixli 36 nömrəli Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası ilə iddiaçıya verilmiş hüquqdan istifadə edərək mənzil və ya torpaq sahəsinin ayrılması, mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əsassız olaraq ona mənzil və ya torpaq sahəsinin ayrılması, mənzil və ya torpaq sahəsi alanadək isə müvəqqəti olaraq mənzil kirayəsi xərclərinin ödənilməsindən imtina edilmişdir. Halbuki adını qeyd etdiyi Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası və 4-cü abzaslarında ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə təmin olunma barədə, habelə buna qədər müvəqqəti mənzil kirayəsi xərclərimin qarşılanması barədə hüquqlarının olması öz əksini tapmışdır. İddiaçı hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti imtina cavabı verməklə qanunvericiliklə nəzərdə tutulmuş hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, ölkənin digər rayon və şəhərlərində mənimlə eyni qaydada ehtiyata buraxılmış və müraciət etmiş əksər zabitlərin şəhər icra hakimiyyətləri tərəfindən müvəqqəti mənzil kirayəsi xərcləri qarşılanır. Təsadüfi deyil ki, analoji iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 02.10.2020-ci il tarixli 2-1(112)-2317/2020 nömrəli qərarla ehtiyata buraxılmış zabit yoldaşının iddia tələbi təmin edilmiş və kirayə pulunun verilməsi öhdəliyi rayon icra hakimiyyətinin üzərinə qoyulmuşdur. Qəbul edilmiş qərarı ədalətli hesab etmiş cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir. Məhz elə həmin qərarda məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası əsassızdır və cavabdeh tərəfindən iddiaçıya imtina edilərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25.12.1991ci il tarixli 36 nömrəli Qanununun 12-ci maddəsi düzgün tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 09.08.1999-cu il tarixdən 04.09.2019cu ilədək AR DİN Daxili Qoşunlarında xidmət etmiş, 04.09.2019-cu il tarixdə”Hərbi xidmət keçmə" haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) əsasən ehtiyata buraxılmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki,15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən 156-cı maddənin “j” bəndinə (öz arzusu ilə) əsassən ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənlməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçi İddiaçı tərəfindən Sumqayıt şəhər icra hakimiyyətinə daxil olmuş eyniməzmunlu müraciətə 13.01.2020-ci il tarixdə imtina cavabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçi İddiaçı iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı mənzil növbəsinə qeydiyyata alınmasını və cavabdehə müraciət etdiyi tarixdən iddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə görə aylıq 250.0 manat kirayə haqqı məbləğinin cavabdehdən tutularaq ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı 04.09.2019-cu il tarixdə”Hərbi xidmət keçmə" haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) əsasən ehtiyata buraxılmışdır. 156-cı maddənin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İstinad olunan Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndindən də göründüyü kimi ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ nəzərdə tutulmuşdur. Təhlil olunan normadan da göründüyü kimi qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində yeri gəldikdə qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Yuxarıda da qeyd edildiyi kimi adı çəkilən Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Göründüyü kimi qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Bu baxımdan qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur. Həmin xərclərin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilir. İddiaçı digər tələbləri yuxarıda qeyd edilən normalar nəzərə alındıqda əsaslı hesab edisədə, iddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə görə aylıq 250.0 manat kirayə haqqı məbləğinin ödənilməsi əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, kirayə haqqı məbləğinin hesablanması, məhkəmə qərarının icrası zamanı qanunvericilikdə nəzərdə tutulmuş hallara uyğun olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı İddiaçı mənzil növbəsinə qeydiyyata alınmaqla, cavabdehə müraciət etdiyi tarixdən iddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə görə qanunvericilklə müəyyən edilmiş məbləğdə kirayə haqqı məbləği hesablanması və ödənilməsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı İddiaçı mənzil növbəsinə qeydiyyata alınmaqla, cavabdehə müraciət etdiyi tarixdən iddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə görə qanunvericilklə müəyyən edilmiş məbləğdə kirayə haqqı məbləği hesablanması və ödənilməsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar