Məhkəmə qərarları › İş №2-1(118)-1861/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1861/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1861/2025 06.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: doğum akt qeydində düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək, doğum tarixinin 01 iyul 1957-ci il göstərilməklə, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək, doğum tarixinin 01 iyul 1957-ci il göstərilməklə, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçının doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində doğum tarixi xx xxxx 1960-cı il göstərilmişdir. Doğum tarixi hər iki sənəddə səhv göstərilmişdir. Bu faktı ərizəyə əlavə etdiyi Azərbaycan Respublikası X5 filialının xx.xx.2021-ci il tarixli, 885 saylı arxiv çıxarışı da təsdiq edir. Həmin arxiv çıxarışında göstərilir ki, 1957-ci ildə anadan olmuş, 1964-cü ildə Qam-Qam kənd natamam orta məktəbinə daxil olmuş, 1971-1972-ci dərs ilində həmin məktəbin Vİİİ sinfini bitirmişdir. Beləliklə, həm arxiv çıxarışı ilə, həm də adicə məntiqlə təsdiq olunur ki, 1957-ci ildə anadan olmuşdur. Belə ki, SSRİ dövründə məktəbin birinci sinifinə 7 yaş tamam olduqdan sonra qəbul mümkün idi. 1964-cü ildə Qam-Qam kənd natamam orta məktəbinin İ sinifinə daxil olmuşdursa, deməli, həmin vaxt artıq 7 yaşı tamam olmuşdu. Doğum sənədlərində göstərilən 1960-cı ildə anadan olsaydı, heç bir halda 1964-cü ildə, yəni 4 yaşında məktəbin birinci sinifinə gedə bilməzdi. Həmçinin Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, 536598 saylı diplom ilə təsdiq olunur ki, 1972-ci ildə Quba 103 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 1975-ci ildə bu məktəbin tam kursunu bitirmişdir. Bu halda da yuxarıda göstərdiyi əsaslarla və yenə də adi məntiqlə təsdiq olunur ki, 1972-ci ildə texniki peşə məktəbinə daxil olarkən artıq 15 yaşı tamam olmuşdu, çünki SSRİ dövründə texniki peşə məktəblərinə də qəbulun minimum həddi 15 yaş idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində həmin illərin doğumun qeydə alınması üçün əsas olmuş sənədlərin qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı üçün təqdim edilməsinin mümkün olmadığı bildirilmiş və iddiaçının doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 22 noyabr 1962-ci il tarixli doğum qeydlərinin bərpa aktında iddiaçının doğum tarixi xx.xx.1960-cı il olaraq qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı doğumu, nikahı, övladlarını doğumu haqqında məlumatlar məhkəməyə təqdim edilmişdir. Tədqim edilmiş sənədlərdə iddiaçının doğumu xx.xx.1960-cı il olaraq qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası X5 filialının 11 oktyabr 2024-cü il tarixli məktubu ilə arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Arxiv çıxarışında iddiaçının doğum tarixi 1957-ci il, məktəbə daxil olduğu tarix 1964-cü il, qiymətləri əsasən “3” (kafi) müəyyən edilmişdir. İddiaçının xx.xx.1975-ci il tarixli, 536598 saylı diplomunun surətindən görünür ki, 1972-ci ildə Quba 103 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 1975-ci ildə bu məktəbin tam kursunu bitirmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon X5 filialının 04 fevral 2025-ci il tarixl məktubunda Quba rayon Rustov kənd sovetinin 1962-ci il tarixli 814 saylı arayışının aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh 14 mart 2025-ci il tarixli məktubunda həmin illərin doğumun qeydə alınması üçün əsas olmuş sənədlərin qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı üçün təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçı onun doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamə verilməsini istəyir. İddiaçı iddia edir ki, o, 1960-cı ildə yox, 1957-ci il tarixdə anadan olmuşdur. Cavabdeh isə iddiaya münasibətində həmin illərin doğumun qeydə alınması üçün əsas olmuş sənədlərin qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı üçün təqdim edilməsinin mümkün olmadığını bildirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iddiaçının və onun ailə üzvlərinin sənədlərində onun doğum tarixinin xx.xx.1960-cı il qeyd edilməsinə baxmayaraq məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası X5 filialının 11 oktyabr 2024-cü il tarixli məktubu ilə təqdim edilmiş arxiv çıxarışından görünür ki, iddiaçının doğum tarixi 1957-ci il, məktəbə daxil olduğu tarix 1964-cü il, qiymətləri əsasən “3” (kafi) müəyyən edilmişdir. İddiaçının xx.xx.1975-ci il tarixli, 536598 saylı diplomunun surətindən görünür ki, 1972-ci ildə Quba 103 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 1975-ci ildə bu məktəbin tam kursunu bitirmişdir. İddiaçının da ərizəsində qeyd etdiyi kimi onun 1964-cü ildə məktəbə daxil olduğu tarixdə 4 yaşı olardı ki, həmin dövrün qanunvericiliyinə görə 4 yaşdan məktəbə qəbul edilməsi məntiqi uyğunsuzluğa səbəb olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə bir kənddə yaşayıb, bir yerdə böyüyüb, bir məktəbə gedib, 8-ci sinifi bir bitiriblər. İddiaçı həmyaşıdı olub. Hətta qohum-qonşunun dediyinə görə iddiaçı ondan 7-8 ay böyükdür. O dövrlərdə ancaq 7 yaş tamam olduqda məktəbə çağırırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə 1964-cü ildən 1972-ci ilə qədər bir yerdə oxumuşdur. O zamanlar 2 sinif var idi. 1-ci sinifdə bir yerdə oxumuşlar. O qədər də yaxşı oxuyan deyildi. Bu yaxınlarda pensiya məsələsi ilə bağlı söhbət edərkən bilmişdir ki, yaşına görə iddiaçıya pensiya təyin olunmur. Birinci sinifdən əvvəl hazırlığa da bir yerdə getmişlər. O zamanlar 7 yaşdan əvvəl məktəbə qəbul olmurdu. Həmçinin 22 noyabr 1962-ci il tarixli doğum qeydlərinin bərpa aktının verilməsinə əsas olan sənədlər və ilkin doğum aktı qeydiyyat şöbəsində və dövlət arxivində saxlanılmadığından əldə edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, sənədlərdə bu cür səhvlərin olması iddiaçıya konstitusion hüquqların, əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara əsasən:

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, aparılan araşdırma iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək, doğum tarixinin 01 iyul 1957-ci il göstərilməklə, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar