Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1862/2025 13.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Daşınmaz əmlaka dair mülkiyyət hüququnun tanınması və mərhuma arayışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli, 42 nömrəli qərarına əsasən mərhum X2 Qusar rayonu, X7 kəndində fərdi yaşayış evinin tikilməsi üçün satılmış 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının bacısı mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli, 42 nömrəli qərarına əsasən mərhum X2 Qusar rayonu, X7 kəndində fərdi yaşayış evinin tikilməsi üçün satılmış 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının bacısı mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli, 42 nömrəli qərarına əsasən mərhum X2 həmin ərazidə fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi satılmışdır. İddiaçı mərhum bacısı X1 torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və arayışın verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-4995/2024 nömrəli cavab məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 11.1 və 15-ci maddələrinə istinad edərək iddianın təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması xahiş etmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 12 mart 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin iddia tələbinə yazılı münasibət bildirərək onunla əsaslandırmışdır ki, Qusar rayonu, X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli, 42 nömrəli qərarı əsasında ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaqların alqı-satqısı dair Akt”ın tərtib etmə tarixinin olmaması, həmin alqı-satqı aktının ləğv edilmiş DT xə XK-nin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş aktların qeydiyyatı kitabında qeydiyyatdan keçməməsi, Qusar rayon X7 bələdiyyəsi tərəfindən tərtib olunmuş və Qusar rayon İcra Hakimiyyəti mermarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş 1:2000 miqyaslı yerquruluşu planında torpaq sahəsinin yerinin dəqiq göstərilməməsi, qeyri-müəyyənliyin olması səbəblərindən ərizənin icrası mümkün olmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan Qusar rayon X7 bələdiyyəsinin 16 noyabr 2004-cü il tarixli iclas protokolunda qeyd olunduğu üzrə mərhum X3 fərdi yaşayış evinin tikilməsi məqsədilə bələdiyyənin perspektiv inkişaf ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qusar rayon X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli mərhum X3 fərdi yaşayış evinin tikilməsi məqsədilə 0,12 ha torpaq sahəsinin ayrılması haqqında Qərarı işə əlavə edilmişdir. İşə əlavə edilmiş ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi ilə mərhum X3 fərdi yaşayış evinin tikilməsi məqsədilə 0,12 ha torpaq sahəsinin ayrılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. İşə 20 dekabr 2004-cü il tarixli 090 nömrəli “Torpaqların alqı-satqısına dair Akt” da əlavə edilmişdir. İşdə olan 748303 nömrəli qəbzlə Qusar rayon X7 bələdiyyəsinin hesabına 1.140000 (bir milyon bir yüz qırx min) manat məbləğində vəsaitin kassaya mədaxil edildiyi müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi Qusar rayon X7 ələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli qərarı ilə iddiaçının mərhum bacısı X3 ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Qusar rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Qusar rayonu X7 kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayonu X7 kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının mərhum bacısının istifadəsində olmuşdur. İddiaçı Qusar rayonu X7 kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum bacısı X3 aid olması ilə bağlı arayış almaq məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən aşağıdakı səbəblərdən ərizənin icrasından imtina edilmişdir:
1) Qusar rayon X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli, 42 nömrəli qərarı əsasında ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaqların alqı-satqısı dair Akt”ın tərtib etmə tarixinin olmaması; 2) Həmin “Torpaqların alqı-satqısı dair Akt”ın ləğv edilmiş DT xə XK-nin Qusar rayon şöbəsi tərəfindən cavabdehə təhvil verilmiş aktların qeydiyyatı kitabında qeydiyyatdan keçməməsi; 3) Qusar rayon X7 bələdiyyəsi tərəfindən tərtib olunmuş və Qusar rayon İcra Hakimiyyəti mermarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş 1:2000 miqyaslı yerquruluşu planında torpaq sahəsinin yerinin dəqiq göstərilməməsi, qeyrimüəyyənliyin olması.
Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, Qusar rayonu X7 kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum bacısı X3 aid olması ilə bağlı arayış almaq məqsədilə etidiyi müraciətdən imtina edilməsi halının əsassız olması səbəbindən iddia tələbi təmin edilməlidir. Belə ki, ilkin imtinaya münasibətdə məhkəmə bu qənaətə gəlmişdir ki, “Torpaqların alqı-satqısına dair Akt”ın qəbul edilməsi ilə bağlı tarixin qeyd edilməməsi halı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mövcud olmasını təsdiq edən sənədin verilməsinə mane olacaq arqument kimi qəbul edilməməlidir. O da qeyd olunmalıdır ki, həmin akta nəzər salsaq onun 2004-cü ilin 20 dekabrında DT və XK-nin torpaq şöbəsində qeydə alındığını görmək mümkündür. Habelə mərhumun “Torpaqların alqı-satqısına dair Akt”ı imzalayaraq bələdiyyənin bank hesabına müvafiq məbləğdə vəsaitin köçürülməsi yolu ilə torpaq sahəsini satın alması onun mülkiyyət hüquqlarının realizəsi kimi başa düşülməlidir. Növbəti imtinaya münasibətdə bildirilir ki, torpaq sahəsi qanunamüvafiq qaydada ayrılmış, yəni iddiaçının mərhum bacısı X4 tərəfindən 15 noyabr 2004-cü il tarixdə Qusar rayon X7 bələdiyyəsinə torpaq sahəsinin ayrılması barədə müraciət edilmiş və sonuncu tərəfindən 3 dekabr 2004-cü il tarixli 42 nömrəli qərarla torpaq sahəsi X3 ayrılmış və satılmışdır. Alqı-satqı ilə bağlı müvafiq akt tərtib edilmiş, müvafiq məbləğdə vəsait bələdiyyənin bank hesabına keçirilmişdir. Göründüyü kimi, Qusar rayon X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli, 42 nömrəli qərarı əsasında ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaqların alqı-satqısı dair Akt”ın ləğv edilmiş DT xə XK-nin Qusar rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş aktların qeydiyyatı kitabında qeydiyyatdan keçməməsi barədə cavabdeh orqanın etirazı mərhum X4 tərəfindən yol verilən səhvlikdən irəli gəlməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə2007-ci il 13 dekabr tarixli, §40 vəStolyarova Rusiya Federasiyasına qarşı iş üzrə2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə, sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkət edilmişdir. Yəni, tələb olunan sənədlər iddiaçı tərəfindən cavabdeh orqana və məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair əsas olmuş sənəd – Qusar rayon X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli 42 nömrəli qərarı da işə əlavə edilmişdir. Həmin qərarın mötəbərliyi isə arxiv arayışı ilə sübut olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan bələdiyyə qərarı daşınmaz əmlak üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə iddiaçının tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsi və üzərindəki daşınmaz əmlakı qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Son imtinaya münasibətdə isə məhkəmə qeyd edir ki, mütəxəssis tərəfindən tərtib edilmiş rəydə Qusar rayon X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli, 42 nömrəli qərarına əsasən mərhum X2 Qusar rayonu, X7 kəndində fərdi yaşayış evinin tikilməsi üçün satılmış 0,12 ha torpaq sahəsinin faktiki yerləşdiyi hissəsinə keçirilmiş baxış nəticəsində hər hansı bir fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmədiyi, mübahisəli torpaq sahəsinin yaşayış məntəqələrinə aid edilmiş torpaq sahələrinə aid olduğu bildirilmişdir. Hazırkı halda hüquqmüəyyənedici sənədlərin qanunazidd tərtib edilməsi barədə cavabdeh orqan tərəfindən irəli sürülmüş imtina əsasları sübuta yetirilməmişdir. Qeyd olunur ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulu ilə bağlı olmayan hərəkətlərin həyata keçirilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı “Torpaqların alqı-satqısına dair Akt”ın və Qusar rayon X7 bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli, 42 nömrəli qərarının mövcud olması, sözügedən torpaq sahəsinin iddiaçının uzun müddət istifadəsində olması, həmçinin, hər hansı bir şəxsin hüququna maneə olmaması halları hüququn qeydiyyata alınması üçün əsas kimi çıxış etdiyindən, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməli, Qusar rayonu X7 kəndi ərazisində iddiaçının bacısı mərhum X3 ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı Qusar rayonu X7 kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev