Məhkəmə qərarları › İş №2-1(118)-1863/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1863/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1863/2021 22.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 02 avqust 2021-ci il tarixli **********0 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialına qarşı iddia qaldıraraq “DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 02 avqust 2021-ci il tarixli **********0 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 65 yaşı var. Ona əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nun 11 saylı Reqional Ərazi İdarəsnə təqdim etmişdir. Ərazi idarəsi ərizəni baxılmaq üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filiala göndərmişdir. Əmək kitabçası olmadığından 02 avqust 2021-ci il tarixli **********0 saylı məktubla arxiv arayışlarına əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, DSMF-nin 11 saylı Reqional Ərazi idarəsinin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. İddiaçı xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuşdur. 26 may 1971-ci ildən Quşçu kənd Xaqani adına sovxozda əmək fəaliyyətinə başlamış və 21 may 1975-ci il tarixə kimi orada işləmiş, 06.06.1975-ci ildən 27.05.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 25 iyun 1977-ci ildə yenidən Xaqani adına sovxozda işə qəbul olunmuş və 26 may 1996-cı il tarixə kimi orada işləmişdir. Hal-hazırda Bu ilin fevral ayının 1-dən bu günə kimi Şamaxı rayon X2 İstehsalat müəssisəsində fəhlə işləyir. 1996-cı ilə qədər olan dövrə aid Əmək kitabçası yoxdur. 1980-ci ildə Xaqani adına sovxozun idarə binası yanmışdır, bu səbəbdən əmək kitabçaları, 1974-1980-ci ilə kimi sənədlər də yanmış və Arxivə təhvil verilməmişdir. Əmr kitablarından çıxarışlardan görünür ki, iddiaçı yalnız hərbi xidmətə getdiyi müddətdə işdən çıxmışdır .1974- 1975-ci ilin may ayının 21-nə kimi və 25 iyun 1977-ci ildən 26 may 1996-cı il tarixə kimi Xaqani adına sovxozda işləmişdir. 1974-1980-ci illərə dair sənədlərin arixvə təhvil verilməməsi onun günahı deyil. “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən həmin illər də sığorta stajına hesablanmalıdır. Bu ilin fevral ayının 1dən bu günə kimi Şamaxı rayon X2 İstehsalat müəssisəsində işlədiyi aylar da hesablandığı təqdirdə iddiaçının sığorta stajı 25 ildən çoxdur. Demək, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ var. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 02 avqust 2021-ci il tarixli **********0 saylı imtinası əsassız hesab olunmalı və ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı öz iddiasında Dövlət Arxivi arayışına və Şamaxı rayon Kommunal Təsərrüfat Çoxsahəli İstehsalat Müəssisəsində işləməsinə əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İddiaçı yaşa görə əmək pensiyası hüququ 07.03.2021-ci il tarixindən yaranmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin 25.01.2021-ci il tarixli, № 643 saylı arayışına əsasən 06.06.1975-27.05.1977-ci illər hərbi xidmət dövrü 1 il 11 ay 21 gün olmaqla, Milli Arxiv İdarəsinin Dövlət X6 11,12.2019-cu il tarixli, № 790 saylı arxiv arayışına əsasən 26.05.1971- 21.05.1975-ci illər, 25.06.1977-26.05.1996-cı illər işlədiyi dövr üzrə 22 il 10 ay 26 gün mübahisələndirilən dövr olmaqla 01.01.2006-cı il tarixinədək sığorta stajı 24 il 10 ay 17 gün təşkil edir. Eyni zamanda həmin arxiv arayışında vətəndaşın 1974-cü ildən 1980-ci ilədək əmək haqqı cədvəlləri və şəxsi hesab kitablarının X7 filialına təhvil verilmədiyi qeyd olunmuşdur. 2021-ci il fevral ayından iyul ayınadək vətəndaşın fərdi hesabının sığorta hissəsində 304.88 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, arxiv arayışlarındakı dövrlər, eyni zamanda 1974-1980-ci illərdə nəzərə alınarsa iddiaçının pensiya hüququ yaranar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 02 avqust 2021-ci il tarixli **********0 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən məkhəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir: Belə ki, qüvvədə olan qanunvericilik müəyyən hallarda vətəndaşların əmək pensiyası təminatı hüququnu tanımaqla bu hüququn gerçəkləşdirilməsi üçün həmin şəxslərə müxtəlif növ əmək pensiyası, o cümlədən yaşa, əlilliyə, ailə başçısının itirildiyinə görə əmək pensiyasının verilməsinin şərtlərini müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh qeyd edir ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin 25.01.2021-ci il tarixli, № 643 saylı arayışına əsasən 06.06.1975-27.05.1977-ci illər hərbi xidmət dövrü 1 il 11 ay 21 gün olmaqla, Milli Arxiv İdarəsinin Dövlət X6 11,12.2019-cu il tarixli, № 790 saylı arxiv arayışına əsasən 26.05.1971- 21.05.1975-ci illər, 25.06.1977-26.05.1996-cı illər işlədiyi dövr üzrə 22 il 10 ay 26 gün mübahisələndirilən dövr olmaqla 01.01.2006-cı il tarixinədək sığorta stajı 24 il 10 ay 17 gün təşkil edir. Eyni zamanda həmin arxiv arayışında vətəndaşın 1974-cü ildən 1980-ci ilədək əmək haqqı cədvəlləri və şəxsi hesab kitablarının X7 filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi 1974-1980-ci illərin əmək haqqı cədvəllərinin arxiv fonduna təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Faktiki olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 yuxarıda qeyd edilən arayışı ilə iddiaçının adı qeyd olunan sovxoza hansı dövrlərdə işə qəbul edilməsi və işdən azad edilməsi təsdiq edilir. Həmin dövrlərə dair müvafiq əmək haqqı cədvəllərinin müəyyən dövrlərdə arxivə təhvil verilməsi, müəyyən dövrlərdə isə təhvil verilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Buna görə məsuliyyəti iddiaçı deyil, inzibati orqan daşıyır. Bu səbəbdən də məhkəmə vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışda qeyd olunanların nəzərə alınmamasını yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və hesab edir ki, sözügedən arxiv arayışında qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan əlavə iddiaçı 2 ilə yaxın müddət ərzində hərbi xidmətdə olmuşdur. “Vətəndaşların PensiyaTəminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Habelə, Məhkəmə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Şamaxı rayon KTÇİM-in 06 sentyabr 2021-ci il tarixli 122 saylı Arayışa əsasən, İddiaçı 01 fevral 2021-ci il tarixindən Şamaxı rayon Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsində fəhlə işləmişdir. İddiaçının həmin dövrdən cavabdeh inzibati orqana pensiya təyinatı ilə bağlı müraciət etdiyi vaxta qədər olan dövrün sosial sığorta stajına daxil edilməsi işin mübahisə olunmayan halıdır. Yuxarıda qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alınanda, qanunvericiliklə tələb edilən 25 il sosial sığorta stajı yaranmış olur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Lakin cavabdeh inzibati orqan qanunvericilik normalarını düzgün tətbiq etməyərək, iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin; İddiaçı yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar