Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1864/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə (üçüncü şəxs – Qədiri Bəhruz Firuddin oğlu) qarşı “üçüncü şəxsin iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq Qədiri Bəhruz Firuddin oğluna qarşı iddia qaldıraraq onun mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, məhəllə 5, ev 18a/34-də yerləşən 3 nömrəli mənzilin əvvəlki mülkiyyətçisi olan Qədiri Bəhruz Firuddin oğlu alqı-satqıdan sonra qeydiyyatdan çıxacağını bildirsə də, formal olaraq həmin ünvanda qeydiyyatda qalmışdır. Bu isə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Hazırda həmin şəxsin harada yaşaması iddiaçıya məlum deyildir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfə hüquqi yardım edildikdən sonra iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin cavabdeh qismində, Qədiri Bəhruz Firuddin oğlunun üçüncü şəxs qismində cəlb edilməsini və üçüncü şəxsin iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Qədiri Bəhruz Firuddin oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının iddiasına dair etirazının olmadığını və qərar qəbul olunacağı təqdirdə icra olunacağını bildirmiş, lakin məhkəmə iclası barədə məlumatlandırılmasına və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin olunacağını bildirməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Üçüncü şəxsə məhkəmə iclası barədə göndərilmiş bildiriş rabitə orqanı tərəfindən “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 18a/39 saylı evin (iki otaqlı) 3 nömrəli mənzili mülkiyyət hüququ və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında İddiaçı və X3 məxsus olmuşdur. • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1982-ci il təvəllüdlü Qədiri Bəhruz Firuddin oğlu Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18a/39-da yerləşən 3 nömrəli mənzildə (bundan sonra - mübahisəli mənzil) qeydiyyatdadır. • Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təsdiq etdiyi və qonşular tərəfindən imzalanan akta əsasən Qədiri Bəhruz Firuddin oğlu mübahisəli mənzildə yaşamır. • Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla onun ərizəsinin icrasından imtina olunması və məhkəməyə müraciət olunmasının tövsiyə edilməsi müəyyən edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşə əlavə edilən poçt qəbzindən və ərizədən də görünüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs Qədiri Bəhruz Firuddin oğlu yaşayış sahəsində formal olaraq pasport qeydiyyatındadır. Belə ki, üçüncü şəxsin qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.1982-ci il təvəllüdlü Qədiri Bəhruz Firuddin oğlunun iddiaçının mülkiyyətində olan oğlu Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 27-də yerləşən yerləşən 10 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs - Qədiri Bəhruz Firuddin oğlunun iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1864/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1864/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver