Məhkəmə qərarları › İş №2-1(118)-1867/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1867/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1867/2022 12.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamənin mövcudluğundan xəbəri olmamış, bu səbəbdən də ötən dövr ərzində sözügedən sənəd itirilmiş saylırdı. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin oradan təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirərək, sənədin verilməsindən imtina etmişdirlər. Cavabdeh inzibati orqan imtinaya əsas kimi, doğulduğum ərazi üzrə Ağdam şəhər Qeydiyyat şöbəsində, doğunun qeydə alınma reyestrində ona aid doğum haqqında aktı qeydinin aşkar edilməməsi, eyni zamanda xx.xx.1958-ci il təvəllüdlü “X2”-nun 504 saylı doğum haqqında akt qeydinin aşkar edildiyi bildirilir. Göründüyü kimi, Ağdam şəhər Qeydiyyat şöbəsində 504 saylı doğum haqqında akt qeydinin onun doğum tarixim (il,ay və gün) ilə uyğun gəlsə də, adı, soyadı və ata adında səhvlərə yol verilmiş və hazırda onun adının, soyadının və ata adının - X6 olduğunu nəzərə alaraq onlara dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Eyni zamanda şəxsiyyətini təsdiq edən sənəd ilə bərabər digər sənədlərdə də (əmək kitabçası, hərbi bilet və sair) onun adı, soyadı və ata adının- X1 gedir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişdirərək, iddiaçının adına qeydə alınmış doğum akt qeydlərində onun adının “Qabil”dən “Habil” adına, Soyadının “Həşimov”dan “Haşimov” soyadına və ata adının “Bəhmən”dən “Əvəz” adına dəyişdirilməsi öhdəliyini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, bildirilir ki, Ağdam rayon qeydiyyat şöbəsinə xx.xx.2022-ci il tarixdə doğum haqqında akt qeydinin istənilməsinə dair 05-Q/3971/11 saylı sorğu göndərilmiş, lakin vətəndaşın barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Həmin ildə Ağdam rayon qeydiyyat şöbəsində atası “X5”, anası “X3” olan xx.xx.1958-ci il təvəllüdlü “X4”-nun 504 saylı doğum haqqında akt qeydi aşkar edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verdilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinə düzəliş olunmasına kifayət qədər əsaslar olmadığından Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi vətəndaşa yaşadığı yerin məhkəməsinə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh təşkilat məhkəmədən xahiş etmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılsın. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş 23 aprel 2022-ci il tarixli, 05/Q-1637/15 nömrəli imtina məktubu, etiraz ərizəsi, 504 nömrəli akt qeydinin surəti, Şəxsiyyət vəsiqəsinin surəti, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdikləri qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.2ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində Ağdam rayon VVAQ-da tərtib edilmiş 504 saylı doğum haqqında akt qeydində adı “Qabil”, soyadı “Həşimov” və ata adı “Bəhmən” kimi qeyd edilmişdir. Halbuki, iddiaçının adı Habil, soyadı Haşimov, ata adı Əvəzdir. Belə ki, bu fakt onun adına olan bütün rəsmi sənədlərdə öz təsdiqini tapır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı, soyadı və ata adı doğum qeydində adı “Habil”, soyadı “Haşimov” və ata adı “Əvəz” kimi qeyd olunub. Ona görə də iddiaçı Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarında əks olunmuş hüquqlarından istifadə edərək adının dəyişdirilməsi qərarına gəlib. Bunula bağlı iddiaçı Sumqayıt “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət edərək, adının “Qabil”dən “Habil” adına, Soyadının “Həşimov”dan “Haşimov” soyadına və ata adının “Bəhmən”dən “Əvəz” adına dəyişdirilməsi istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, Ağdam rayon VVAQ-da 504 nömrə ilə qeydə alınmış doğum akt qeydində iddiaçının adının “Qabil”dən “Habil” adına, Soyadının “Həşimov”dan “Haşimov” soyadına və ata adının “Bəhmən”dən “Əvəz” adına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçının adına qeydə alınmış doğum akt qeydlərində onun adının “Qabil”dən “Habil” adına, soyadının “Həşimov”dan “Haşimov” soyadına və ata adının “Bəhmən”dən “Əvəz” adına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar