Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1868/2022 03.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “iddiaçının adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "xxxx" ASC (ləğvetmə prosesindədir) ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə qalıq borcun həmin dövrə 1 ABŞ dollarının manata nisbətdə hesablanması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC ilə (hal-hazırda ləğvetmə prosesindədir, bundan sonra - Bank) arasında bağlanmış xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə illik 33 faiz olmaqla 6380 ABŞ dolları, xx.xx.2014-cü ildə 24 ay müdətinə illik 33 faiz olmaqala 4 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsi üzrə tərəfindən müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmiş, lakin xəstə anasının xaricdə müalicə almasının zəruriliyi səbəbindən ölkəni tərk etdiyindən yuxarıda qeyd edilən kredit tələbləri üzrə Bank tərəfindən məhkəməyə müraciət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarları ilə ondan ümumilkdə 7700 ABŞ dolan məbləğində pulun tutulması qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini almış və icra edilməsindən ötrü müvafiq qaydada icra qurumuna göndərilmişdir. Hazırkı iddia tələbilə bağlı hesab edir ki, adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməlidir. Bundan daha öncə o Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək, "xxxx" ASC ilə arasında bağlanmış 07 avqust və 07 noyabr 2014-cü il tarixli kredit müqavilələri üzrə bankdan götürdüyü 10630 ABŞ dolları kredit məbləği üzrə müəyyən ödənişləri etdiyi üçün və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərini əsas tutaraq 2014-cü ilin tarixindən "xxxx" ASCyə olan borcunun qeyd edilən fərmandan irəli gələn məsələlərin ona da şamil edilməsini devalvasiya nəticəsində manatla artmış artıq hissəsinin müəyyən edilib hesablanmasını xahiş etməyinə baxayaraq tələbi təmin olunmamışdır. Fərmanda qeyd edilən səlahiyyətlər hazırda (Maiyyə Bazarlarına Nəzarət Palatası) Azərbaycan Respublikasının Mərkəzi Bankına verildiyindən iki dəfə eyni məzmunlu tələblə bu orqana müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. Cavabdehin ona ünvanladığı xx.xx.2021-ci il tarixli son məktubu ilə imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kredit məbləğlərinin restrukturizasiya olunaraq 4300 manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixlərində bağlanmış kredit müqavilələri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, iddiaçıya birinci kredit müqaviləsi üzrə 3.564,37 manat, ikinci kredit müqaviləsi üzrə isə 2.592,66 manat kompensasiya məbləği hesablanmışdır. Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3.649,15 ABŞ dolları (6.203,55 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə isə 2.550,17 ABŞ dolları (4.335,29 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu qaldığından, yuxarıda hesablanmış kompensasiya məbləğləri Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada kredit borclarının ödənilməsinə (birinci müqavilə üzrə borca 3.624,25 manat, ikinci müqavilə üzrə borca isə 2.532,77 manat) yönəldilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə X3 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin prosesində iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, hal-hazırda onlara qarşı inzibati qaydada iddia qaldırıla bilməz və iddiaçının tələbinin təmin edilməsi üçün iddiaçı tərəfindən onlara ərizə ilə müraciət olunmalıdır. Qeyd olunan ərizə onlara təqdim edilməsi Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın onlara tətbiq edilməsi mümkün deyil. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; Cavabdehin - 01-2-2021-209 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, qətnamələrin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Mərkəzi Bankının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Mərkəzi Bankın hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüş şəxslərə müvafiq ödənişlərə nəzarət Mərkəzi Bankın səlahiyyətlərinə aiddir. Belə olduğu təqdirdə Mərkəzi Bankın hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Mərkəzi Banka müraciət etmiş və cavabdehin 01-2-2021-209 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının təhsil illərinin əmək stajına daxil edilməsi məhkəmə iclasının gedişatı zamanı təmin edilsəydi iddia tələbi qeyri mümkün hesab edilmə idid. Lakin hazırkı tələb cavabdeh təşkilat tərəfindən iddia ərizəsi məhkəməyə daxil olana gədər həllini tapdığına görə iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarmadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: -2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; -2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; -2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1 -ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mərkəzi Bankın məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixlərində bağlanmış kredit müqavilələri Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, iddiaçıya birinci kredit müqaviləsi üzrə 3.564,37 manat, ikinci kredit müqaviləsi üzrə isə 2.592,66 manat kompensasiya məbləği hesablanmışdır.Həmçinin, Mərkəzi Bankın məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə iddiaçıya aid xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3.649,15 ABŞ dolları (6.203,55 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə isə 2.550,17 ABŞ dolları (4.335,29 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu qaldığından hesablanmış kompensasiya məbləğləri Fərmanın 2-ci hissəsinə uyğun olaraq kredit borclarının ödənilməsinə (birinci müqavilə üzrə borca 3.624,25 manat, ikinci müqavilə üzrə borca isə 2.532,77 manat) yönəldilmişdir.İ ddiaçıya münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, cavabdeh təşkilat tərəfindən Prezidentin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanını iddiaçıya şamil olunduğundan, İddiaçı tərəfindən artıq qazanılmış hüququn yenidən məhkəmədən tələb edilməsi yolverilməzdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçıya Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın tam şəkildə icrası ilə bağlı Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki mühakimə qaydasında iddia tələbi qaldırmaq vəzifəsi izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1- ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kredit məbləğlərinin restrukturizasiya olunaraq 4.300 manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1868/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1868/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver