Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-187/2025 14.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X2 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ədliyyə orqanlarında xidmət etdiyi 28 iyul 1994-cü il tarixindən 29 iyun 2017-ci il tarixinə qədər olan dövrlərdə ona ödənilməli olan kirayə və köçürülmə pulunun, müalicə xərcinin və geyim forması əvəzinə kompensasiyanm ödənilməsi və pensiyaya çıxarkən xəstəliyi ilə əlaqədar əlavə 5% təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ədliyyə orqanlarında xidmət etdiyi 28 iyul 1994-cü il tarixindən 29 iyun 2017-ci il tarixinə qədər olan dövrlərdə ona ödənilməli olan kirayə və köçürülmə pulunun, müalicə xərcinin və geyim forması əvəzinə kompensasiyanm ödənilməsi və pensiyaya çıxarkən xəstəliyi ilə əlaqədar əlavə 5% təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyul 1994-cü il tarixində Ədliyyə orqanlarında xidmətə başlamış, Abşeron rayonun Xırdalan şəhərində qeydiyyatda olmağına baxmayaraq müxtəlif rayonlarda yerləşən müəssisələrdə: 28 iyul 1994-cü ildən 01 mart 1996-cı ilə qədər Siyəzən rayonunda fəaliyyət göstərən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində, 21 may 1996-cı ildən 02 sentyabr 1997-ci ilə qədər Quba rayonunda fəaliyyət göstərən 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində, 10 noyabr 1997-ci ildən 16 mart 2012-ci ilə qədər Xaçmaz rayonunda fəaliyyət göstərən 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində və 16 mart 2012-ci ildən 29 iyun 2017-ci ilə qədər Şabran rayonunda fəaliyyət göstərən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində xidmət etmiş, 29 iyun 2017-ci il tarixində qulluq illərimə görə pensiyaya çıxmağımla əlaqədar olaraq Penitensiar Xidmətin Şabran rayonunda fəaliyyət göstərən 3 saylı məntəqə tipli çəzaçəkmə müəssisəsinin əməliyyat-rejim şöbəsinin rəisi vəzifəsindən azad edilərək ədliyyə qanlarında qulluq keçməyimə xitam verilmişdir.Xidmət etdiyi müddət ərzində hüquqları pozulmuşdur.Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 oktyabr 2022-ci il tarixli, 17/7-16742 nömrəli cavab məktubuna əsasən kirayə və köçürülmə pulunun, müalicə xərcinin və geyim forması əvəzinə kompensasiyanın ödənilməsindən imtina edilmişdir. İmtina qanunsuz olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Penitensiar xidmətdə qulluqda olmuş, qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı işlədiyi dövrdə kirayə mənzildə yaşadığı barədə rəsmi müraciət etməmiş, təsdiqedici zəruri sənədləri (notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşın xidmət etdiyi müvafiq orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında arayış) təqdim etməmişdir.İddiaçı 2016 və 2017-ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin verilməsi üçün müraciət etməmişdir.İddiaçı 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim şöbəsinin rəisi vəzifəsində işləyərkən xx.xx.2017-ci il tarixdə raportla müraciət edərək qulluq illərinə görə pensiyaya çıxarılmasını xahiş etmişdir. Raporta baxılması ilə əlaqədar ondan alınmış izahatında İddiaçı pensiyaya çıxmasının qulluq illəri ilə əlaqəli olduğunu və hərbi-həkim komissiyasından keçməyə ehtiyacının olmadığını göstərmişdir.Penitensiar xidmət üzrə xx.xx.2017-ci il tarixli 941ş/h saylı əmrlə qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-ci və 13.2-ci maddələrinə əsasən “konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli qərarı ilə “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası” təstiq edilmişdir.Həmin Qaydanın 2-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardı: əməkdaşın raportu; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında arayış; yaşayış sahəsinin onun mülkiyyətçisindən və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisindən (bundan sonra — müvəqqəti mənzil) kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd; xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin olunub olunmaması haqqında arayış; əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış.Yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşı kirayədə yaşaması barədə raportla müraciət etdikdən sonra bu tələb olunan sənədləri təqdim etməlidir. Kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili işlər orqanının rəhbərinin kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təstiq edilmiş “Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarı ilə təstiq edilmiş ‘‘Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli qərarı ilə təstiq edilmiş “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” yuxarıda göstərilən sənədlərin təqdim edilməsini tələb edir.“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Həmin maddənin ikinci cümləsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir.Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 26.4-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Maddənin mətnindən göründüyü kimi bu norma icra edilməsi tələbinə görə dispozitiv normadır (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur) və inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Penitensiar xidmətinin qulluqçusunun istifadə edilməmiş kirayə haqqı, müailcə pulu və s görə kompensasiyasını almaq üçün xidmət etdiyi müəssisədə təyin edilmiş qaydada sənədləri toplamalı və aidiyyəti üzrə müraciət etməli idi.Qeyd olunanlardan istifadə etməməyinin əvəzi pul kompensasiyasının alınması üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə tərxis olunduqdan xeyli müddət sonra Xidmətə qarşı iddiası əsassızdır. Nəzərə alınmalıdır ki, müvafiq pul kompensiyasının ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 5 ildən (əvvəlki xidmət illərinə görə müraciət etmə müddəti 30 ilə yaxındır) çox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X3
Məhkəmə qərarları › İş №2-1(118)-187/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-187/2025
14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver