Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1871/2022 23.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün onun mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün onun mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 22 aprel 2022-ci il tarixli, **********91 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 2003-cü ilin oktyabr ayında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində ərazinin Baş planına uyğun olaraq fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti müsbət qarşılandığından Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır.Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt Bələdiyyəsinin müraciətinə cavab olaraq Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 10 dekabr 2003-cü il tarixli, 02/577 saylı rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasının mümkün olduğu bildirilmişdir. Bundan sonra iddiaçı torpağın tələb olunan alqı- satqı haqqı olan 1 500 000 (bir milyon beş yüz min) manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinin hesabına ödəmiş və Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2003-cü İİ tarixli 100 nömrəli qərarı ilə Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 44 saylı həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt Bələdiyyəsi tərəfindən “Torpaq sahəsinin ayrılmasına dair inşaat Pasportu” da hazırlanaraq iddiaçıya verilmişdir. Ancaq iddiaçı hüquqi savadsızlığından hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq onun mülkiyyətindədir. Bu səbəbdən iddiaçı bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişdir. Ancaq sonradan o, torpağın sənədləşmə işlərini tam başa çatdırmadığını öyrənərək torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Belə ki, cavabdeh iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydiyyatından imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin müraciətinə verdiyi 22 aprel 2022-ci il tarixli, **********91 saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtinanı torpaq sahəsinin ayrılması zamanı yerli icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması, eləcə də torpaqların alqı-satqısına dair aktın tərtib edilməməsi, yerquruluşu planından çıxarışın və ya torpaq sahəsinin planı və ölçüsünün ərizəyə əlavə edilməməsi ilə əsaslandırılmağa çalışılmışdır. İddiaçı hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası tamamilə əsassız və qanunaziddir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi kassa mədaxil orderinin surətindən də görünür ki, iddiaçı hələ 2003-cü ildə torpağın alqı-satqı haqqı olaraq 1 500 000 manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinə ödəmiş və sonuncu həmin pul ödənişini ondan qəbul etmişdir. Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 100 saylı qərarından da görünür ki, qanunvericiliyə əsasən torpağın alqı-satqı aktının tərtib edilməsi iddiaçının deyil, Sumqayıt Bələdiyyəsinin səlahiyyətinə aid edilmişdir. Sözügedən alqı-satqı aktının bələdiyyə tərəfindən tərtib edilməməsi nəticəsində iddiaçının hüququ pozulmamalı olduğu kimi tərəfindən hələ 2003-cü ildə torpağın alqı-satqı haqqı olaraq 1 500 000 manat məbləğində pulun Sumqayıt Bələdiyyəsinə ödənilməsi onunla Sumqayıt Bələdiyyəsi arasında mübahisələndirilən torpaq sahəsinə dair alqı-satqı aktının mövcudluğunu özü-özlüyündə ehtiva edir. Cavabdehin hüququmun dövlət qeydiyyatından imtina üçün yerquruluşu planından çıxarışın və ya torpaq sahəsinin plan və ölçüsünün ərizəyə əlavə edilməməsini əsas gətirməsi də qanunaziddir. İlk olaraq bildirmək istəyir ki, torpağın yerquruluşu planı hələ Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 10 dekabr 2003-cü il tarixli,02/577 saylı rəy verilərkən rəyə əlavə olunmuşdur ki, həmin sənəd də iddiaçı tərəfindən cavabdehə müraciət edilərkən təqdim edilmişdir. O ki qaldı torpaq sahəsinin planı və ölçüsünə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində həmin sənəd qeyd edilsə də, hal-hazırda bu sənədin hüquqi qeydiyyat aparılanadək verilməsinin hüquqi tənzimlənməsi mövcud deyildir. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanına əsasən hüquqi qeydiyyat aparılanadək torpaq sahəsinin planı və ölçüsünün hazırlanması Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətində olmuşdur. Lakin “Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ölkə başçısının 29 sentyabr 2015-ci il tarixli,630 nömrəli Digər Fərmanı ilə ləğv edilmiş, əvəzində “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı qəbul edilmişdir. Sözügedən Fərmanda isə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilmişdir ki, bu təsvir də hüququn qeydiyyatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi tərəfindən hazırlanaraq hüquq sahibinə təqdim edilən torpaq sahəsinin planı və ölçüsünün təsviridir. Nəzərə alınsa ki, daşınmaz əmlak üzərində istər hüquqi, istərsə də texniki sənədlərin hazırlanması sahəsində qüvvədə olan qanunvericiliyə əsasən yeganə səlahiyyət sahibi ləğv edilmiş iki qurumun bazasında yeni yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsidir, bu halda cavabdehin yuxarıda qeyd edilən əsasa söykənərək hüququnun qeydiyyatından imtinasının nə dərəcədə məntiqsiz olduğu anlaşılır. Eyni sözləri cavabdehin torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti orqanının rəyinin alınmaması dəlilinə də şamil edə bilər, çünki sözügedən sənədləşmə işlərinin aparılması yerli özünüidarə orqanının səlahiyyətlərində olan bir məsələ olduğundan, torpaq sahəsinin ayrılması üçün müraciət etmiş şəxs aidiyyəti inzibati orqan tərəfindən həmin sənədləşmənin aparılmasına görə məsuliyyət daşıya bilməz. Həmçinin, cavabdeh iddiaçının müraciətinə baxarkən bu cür işlər üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi də nəzərə almamışdır. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında xüsusi olaraq vurğulanmışdır ki,”...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə,mövcud texniki normalara,habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla,ictimai maraqlara xələl gətirməyən,qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından,inzibati akt xüsusiyyətlərinə malik deyil.Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla,yekun inzibati aktin qəbul edilməsinə yardım edir.inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir.Belə ki,’’İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir.Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır(“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)...Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.“İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur, inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “inzibati icraat haqqında” Qanunun 67.5- ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Göründüyü kimi, yuxarıda sadalananlardan da aydın olur ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmasına dair inzibati akt qüvvədə olduğu təqdirdə, cavabdehin hüququn qeydiyyatından imtinası qanuni və əsaslı sayıla bilməz. Həmçinin, onu da qeyd etmək istəyir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə, əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Cavabdehin hüquqi varisi olan Cavabdeh publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə desək, qüvvədə olan qanunvericiliyin tələbinə görə Cavabdeh publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.Cavabdehin imtina məktubunda istinad etdiyi halların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1ci maddənin tələblərində göstərilən halların heç biri ilə uzlaşmadığından, iddiaçının hüququnun qeydiyyatından cavabdehin imtinası qanuni,əsaslı və ədalətli hesab olnuna bilməz. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövqe onun tərəfindən “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki,“inzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 30.03..2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı X1 bildirilmişdir ki, müraciətə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, eləcə də torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin yerquruluşu planından çıxarışı və ya torpaq sahəsinin plan və ölçüsü müraciətə əlavə olunmamışdır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddələrinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla mbəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 10.2-ci mədəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavadehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinə etirazı müdafiə etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün onun mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, eləcə də torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin yerquruluşu planından çıxarışı və ya torpaq sahəsinin plan və ölçüsü müraciətə əlavə olunmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini iddianın təmin edilməməsi üçün əsas hesab etmir . Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin xx.xx.2003-cü il tarixli, 02/577 saylı rəyi ilə Sumqayıt şəhərinin Baş Planına əsasən fərdi ev tikmək üçün 21-ci mikrorayon ərazisindən İddiaçı 600 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə Sumqayıt şəhər şöbəsi etiraz etməmişdir. Sunmqayıt şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli 100 saylı Portokol qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin rəyi nəzərə alınaraq şəhər bələdiyyə torpaq komissiyasının 11 dekabr 2003-cü il tarixli 91 saylı protokoluna əsaslanaraq, Sumqayıt 13-cü mikrorayon, ev 29, mənzil 49-da yaşayan İddiaçı baş plan əsasında, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər Sumqayıt Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 114272 saylı, CZX seriyalı kassa mədaxil orderindən göründüyü kimi torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin torpaq sahəsi ayrılmasına dair 1089 saylı inşaat pasportu da iş materiallarına əlavə edilmişdir. Bundan əlavə iş materiallatına əlavə edilmiş Sumqayıt bələdiyyəsinin 08 aprel 2022-ci il tarixli, 1057 saylı məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün bələdiyyənin qərarı və onlarla bağlanılan müqavilələr əsasdır. İddiaçıya alqı-satqı aktı 2014-cü ilin aprel ayınadək verilə bilərdi. Hal-hazırda isə 2014-cü ildə torpaq qanunvericiliyinə dair normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə torpağın alqı-satqı aktlarının verilməsi müddəası ləğv edilərək notarial qaydada təsdiq edilən alqı-satqı müqavilələrinin verilməsi ilə əvəz olunduğundan, həmçinin həmin alqı-satqı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özü də ləğv edildiyindən, torpağın alqı-satqı aktının verilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Belə ki, cavabdehin dəlillərini torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmamış olması, eləcə də torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin yerquruluşu planından çıxarışın və ya torpaq sahəsinin plan və ölçüsünün müraciətə əlavə olunmaması təşkil edir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli 100 saylı Portokol qərarı ilə ayrıldığı halda, torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmamış olması, eləcə də torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin yerquruluşu planından çıxarışın və ya torpaq sahəsinin plan və ölçüsünün müraciətə əlavə olunmaması səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1871/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1871/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver