Məhkəmə qərarları › İş №2-1(118)-1873/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1873/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1873/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Qafarova Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 134, mənzil 10-da yaşayan), Cavabdehin nümayəndəsi X1 (Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatı Hüquq şöbəsində məsləhətçi işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan və 14.10.2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə -14.10.2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv m torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 2 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin imtinasını qanunsuz hesab etməklə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan və 14.10.2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə- 14.10.2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv m torpaq sahəsinin üzərində obyektin tikintisinə dair sərəncamın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan və 14.10.2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə -14.10.2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv m torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izah etdi ki, onunla Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsi arasında 14 oktyabr 2014-cü il tarixdı bağlanmış 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0.008 ha torpaq sahəsi 10 il müddətinə onun icarəsinə verilmişdir. Onun torpaq sahəsi üzərində icarə hüquqları DƏDRX Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan başqa Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 30.10.2014-cü il tarixli B-21 saylı icazə məktubu əsasında razılaşdırılmış eskiz layihəsinə əsasən ona həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikntisinə icazə verilmiş və ******* nömrəli 17.06.2021-ci il tarixli istismara hazırlıq aktı tərtib olunmuşdur. O, öz vəsaiti ilə inşa edilmiş həmin tikili üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin ona ünvanlanan cavab məktubunda bildirilmişdir ki, onun inşa etdirdiyi tikinti obyektinə dair sənədləşmənin aparılmasına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq kodu alındıqdan sonra baxıla bilər. O, bundan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin ona izah olunmuşdur ki, qeyd edilən ərazidə tikintinin aparılmasına icazə verilməsinə dair Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı təqdim edildikdən sonra həmin kodun verilməsi mümkündür. Lakin cavabdeh Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tikintinin aparılması ilə bağlı rəsmi icazə sərəncam şəklində deyil, məktub şəklində ona təqdim olunmamışdır. Bu isə bu gün obyekt üzərində hüquqların dövlət qeydiyyatına alınmasında bir sıra çətinliklər yaradır. Buna görə də, iddiaçı cavabdeh təşkilata müraciət edərək ona qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində tikintinin aparılmasına dair sərəncamın surətinin verməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Həmin sərəncamın surətinin iddiaçıya verilməməsi səbəbindən o, ona qanuni əsaslarla ayrılmış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarımı rəsmiləşdirə bilmir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçıya məxsus olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil olan məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları”na uyğun olaraq yuxarıda göstərilən tikinti obyektinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq kod aldıqdan sonra iddiaçının təkrar müraciəti əsasında qeyd olunan məsələyə yenidən baxıla bilər. Eyni zamanda mövcud Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazənin verilməs üzrə icraatı nəzərdə tutulan XİV fəslində artıq inşa edilmiş və uzun müddət istismar olunan tikintisi obyektinin tikintisinə icazə verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinin 06 saylı 05 may 2014-cü il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma İdarəsinin 138 nömrəli 30.04.2014-cü il tarixli və Azərbaycan Respublikası DTXK Sumqayıt şəhər şöbəsinin 02/360 saylı 02.05.2014-cü il tarixli rəylərini nəzərə alaraq Hacı Zeynalabdin bələdiyyəsinin ümlkiyyətində olan 80 kv m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə icarə hüququ qaydasında verilməsi ilə bağlı müsabiqənin keçirilməsi üççün torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma İdarəsi tərəfindən verilmiş 30.04.2014-cü il tarixli 138 nömrəli rəydən görünür ki, Hacı Zeynalabdin bələdiyyəsinin 85 saylı 10 aprel 2014-cü il tarilxli müraciətinə əsasən Hacı Zeynalabdin qəsəbəsi ərazisində sahibkarlıq məqsədi ilə 80 kv m torpaq sahəsinin ayırlmasına etiraz edilmir. -DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeyduyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX № ******* seriyalı 16.10.2014cı il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdın qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır. -Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.10.2014-cü il tarixli B-21 saylı məktubdan görünür ki, hüquqi şəxs X2 tərəfindən (lisenziya № 081421) tərtib edilmiş və Memarlıq və şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən iddiaçıya məxsus olan Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə etiraz edilmir. - 2014-cü ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsinə məxsus olan İddiaçı icarəsinə verilmiş 80 kv m torpaq sahəsi üzərindəki obyekt barəsindədir. - Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşı O.Şıxıyev, sifarişçi İddiaçı və layihəçi Babək Atakişiyev tərəfindən tərtib edilmiş 17.06.2021-ci il tarixli ÖD04736 nömrəli istismara hazırlıq aktından görünür ki, tikintisinə 30 may 2014-cü il tarixdə başlanmış və 03 may 2016-cı il tarixdə başa çatmış Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi üzərində inşa edilən ümumi həcmi V=576,0 kub metr, ümumi sahəsi S=131,04 kv m, tikinti sahısi 80,0 kv m olan 2 mərtəbəli binanın müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsi arasında bağlanmış 14.10.2014-cü il tarixli icarə müqailəsinə əsasən 0.008 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Həmin torpaq sahəsi iddiaçının icarə hüququları daşınmaz ımlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra iddiaçı həmin torpaüq sahəsində obyekt inşa etmək üçün icazə almaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Saumqayıt şəhər İcra Hakimiyytəti Memarlıq və Şəhərsalma İdarəsi 30.10.2014-cü il tarixli məktubu ilə tikinitnin aparılmasına etiraz edilmədiyini bildirmişdir. İddiaçı tikinti obyektini inşa edərək başa çatdırmış, bundan sonra tikili üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını istədikdə ona bildirilmişdir ki, tikiliyə Şəhərsalma və Arxitektura Komitəsindən kod alınması zəruridir. Həmin komitədən isə imtina cavabı verilərək bildirilmişdir ki, tikintiyə icazə verilməsinə dair sərəncam mövcud olmadığından kodun verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının inşa etdiyi tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində sadalanan tikikililərə aid olmadığından onun inşası üçün icazənin verilməsi zəruri olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin : -75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. - 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. Göstərilən normaların məzmunundan göründüyü kimi müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazənin məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı əsasında verildiyi nəzərdə tutulmuşdur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Bununla yanaşı məhkəmə qeyd edir ki Şəhərsalma və Tikinti Məcəlləsində artıq inşa edilmiş tikiliyə dair icazənin verilməsi nəzərdə tutulmamışdır. İddiaçı isə hazırki iddia tələbində artıq inşası 2016-cı ilin may ayında başa çatmış obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar