Məhkəmə qərarları › İş №2-1(118)-1877/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1877/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1877/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Poliklinikaya qarşı “15.08.1966-cı il təvəllüdlü X2 10.03.2021-ci ildə Sumqayıt şəhərində ölməsini təsdiq edən ölüm haqqında şəhadətnamənin alınması üçün tələb olunan tibbi şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt şəhər 3 saylı Poliklinikaya həvalə edilməsi” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Poliklinikaya qarşı “15.08.1966-cı il təvəllüdlü X2 10.03.2021-ci ildə Sumqayıt şəhərində ölməsini təsdiq edən ölüm haqqında şəhadətnamənin alınması üçün tələb olunan tibbi şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt şəhər 3 saylı Poliklinikaya həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 15.08.1966-cı il təvəllüdlü qardaşı X5 10.03.2021-ci ildə yaşadığı Sumqayıt şəhəri,3-cü m/n,ev 16/13,mən.44-də vəfat etmişdir. Qardaşının halı pisləşərkən şəhər Təcili və X4 Stansiyasına müraciət etmiş və onların verdikləri arayış əsasında mərhumu Sumqayıt qəbirstanlığında dəfn etmişdirlər. Sahə həkimindən Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə tələb olunduğundan, hazırda qardaşının vəfatını təsdiq edən Ölüm haqqın şəhadətnamə ala bilmir. Şəhadətnamə iddiaçıya vərəsəliklə bağlı lazımdır. Pretenziya qaydasında Sumqayıt şəhər 3 saylı Poliklinikanın baş həkiminə ərizə ilə müraciət etmişdir. Poliklinikada Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsi ilə birbaşa məşğul olmuş və ərizəsinə baxılması poliklinikanın baş həkimi tərəfindən həvalə edilən baş həkim müavini Zenfira xanım Sanıyevanın qəbulunda olmuş, lakin o, tibbi şəhadətnamə verilməsindən poçt vasitəsi ilə göndərdiyi ərizəni cavablandırmaqdan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı və onun vəkilinə hüquqi yardım edilmiş, iddiaçı və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdirlər ki, onlar Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsələrdə onların işinə baxılmamaışdır. Ona görədə məcbur qalaraq inzibati məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mövcud iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid deyil. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi digər məsələlərlə yanaşı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları da müəyyən edir. Həmin Məcəllənin ”Ölümün qeydə alınması qaydası” adlanan 193cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndində ölümün qeydə alınması qaydaları göstərilmişdir. Həmin qaydalara əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır (8.1). Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır (8.2).Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır (8.3). Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir(8.5). Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir(8.6).Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir (8.7). Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir(8.14). Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur(8.15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, ölüm haqqında tibbi şəhadətnamə tibb müəssisələri tərəfindən verilir ki, həmin şəhadətnamənin və ya arayışın verilməsi ilə bağlı həmin müəssisələrə qarşı iddialara da ümumi məhkəmələr tərəfindən baxılır. Belə ki, inzibati məhkəmə icraatını xarakterizə edən xüsusiyyətə görə bu icraatda bütün hallarda tərəfin biri kimi və bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda Sumqayıt şəhəri 3 saylı Poliklinikası inzibati orqan kimi müəyyən olunmamışlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq ümumi məhkəməyə təkrar müraciət edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar