Məhkəmə qərarları › İş №2-1(118)-1878/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1878/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1878/2022 15.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunda 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldıraraq “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunda 2ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi yazılı vəsatət təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda sığorta ödənişinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına əsasən vətəndaşın əlillik dərəcəsinə uyğun olaraq ona müvafiq məbləğdə birdəfəlik ödəmə proaktiv qaydada icra edilmişdir. Eyni zamanda Fondun Dövlət icbari şəxsi sığorta məsələləri departamenti tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, vətəndaşın adına “Azərbaycan Beynəlxalq Bankı”nın sosial ödəniş kartı olduğu halda, birdəfəlik ödəmə məbləği həmin karta köçürülür. Belə kart olmadığı halda isə, “Azərbaycan Beynəlxalq Bankı”nın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə birdəfəlik ödəmə məbləği köçürülmüş kartı əldə edə bilər. İddiaçı hal-hazırda məhkəməyə sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə müraciət etməsinə baxmayaraq işin mahiyyəti üzrə mübahisə mövcud olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunda 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar