Məhkəmə qərarları › İş №2-1(118)-1883/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1883/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1883/2022 04.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı işdən çıxarılması ilə bağlı Laçın rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2022-ci il tarixli, 107 №li “İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi haqqında sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin Laçın rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddia qalıdraraq işdən çıxarılması ilə bağlı Laçın rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2022-ci il tarixli, 107 №li “İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi haqqında sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin Laçın rayon İcra Hakimiyyətinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Laçın rayon icra Hakimiyyəti başçısının 20 aprel 2022-ci il tarixli, 107 №-li "U.Ş.Eyvazovanın Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi haqqında" sərəncamı ilə Laçın rayon icra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməklə, işlədiyi vəzifədə dövlət qulluğuna xitam verilmişdir. Sərəncamda qeyd edilmişdir kı, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli Qanunun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün “Dövlət qulluğu haqqında" Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022-cı il 20 aprel tarixdən Laçın rayon icra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə ış şöbəsində məsləhətçi vəzifəsindən azad edilsin və həmin tarixdən onun Laçın rayon icra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilsin. İddiaçı hesab edir ki, onun işdən çıxarılmağı tam qanunsuz və əsasızdır. Belə kı o, xx.xx.2008-ci il tarixindən 14 il müddətində Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir. Dövlət qulluqçularının əmək haqlarının artırılması barədə məlum sərəncamdan dərhal sonra rəhbərlik tərəfindən ona qarşı psixoloji təzyiqlər başlamışdır. Belə kı, 14 ildir Bakıda işlədiyi halda Laçın Rayon İcra Hakimiyyətinin başçısı X9 onun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının ış yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır. Əvəzində “Ya-Ağcabədıyə işləməyə gəlməlisən, ya da öz xahişinlə işdən azad olunma barədə ərizə yazmalısan” şərtini qoymuşdurlar. Bu şərtləri etməyəcəyi halda isə Ağcabədidə işə çıxmamağı barədə akt tərtib ediləcəyi, 14 illik dövlət qulluğu stajına ləkə olacaq maddə ilə onu işdən azad ediləcəyini bildirmişdirlər. xx.xx.2008-ci il tarixdən işlədiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahının və işçilərinin mövcudluğu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakıda olan yeganə işçisi (məsləhətçi) olmağı, Bakı, Sumqayıt və Abşeron rayonunda məskunlaşan təxmini 50 min nəfər Laçın rayon sakinlərinin qəbullarının Ağcabədidə deyil məhz həmişəki qaydada Bakıda davam etdirilməsi, təxminən 6 ay bundan qabaq başçının yaxını olan bir nəfərin texniki işçi olaraq işə alınıb işi öyrənməsi məqsədilə yanına yerləşdirilməsi və işlərinin ondan alınıb ötürülməsi, bütün bu olanların əmək haqlarının artırılmasından dərhal sonra baş verməsi iddiaçıda əsaslı olaraq bu göstərişin qanuniliyinə və dürüstlüyünə şübhə yaratmışdır. Bundan sonra qərarın yazılı formada ona təqdim edilməsi məqsədilə başçıya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizə və pozulmuş hüquqlarının bərpası üçün yazdığı xx.xx.2022-cı ıl tarixli şikayət məktubu cavablandırılmamışdır (qoşma olaraq əlavə edildi). xx.xx.2022-ci il tarixdə yenidən iddiaçı, yoldaşı və himayəsində böyüdüyü 1-cı Qarabağ müharibəsi veteranı olan dayısı ilə (iddiaçı azyaşlı vaxtından ailənin tək övladı olaraq valideynlərinin himayəsindən məhrum olmuşdur) birlikdə başçının qəbuluna düşmək niyyəti ilə Ağcabədi rayonuna getmişdir. Başçının qəbulunda olarkən əgər zərurət varsa müvəqqəti olaraq müəyyən müddət ərzində Ağcabədidə işləyə biləcəyini qeyd etmişdir. Lakın başçı Ağcabədidə işinin müvəqqəti deyil, daimi olacağını, artıq Bakıda yerləşən Rayon Qərargahında vətəndaşların qəbulu şöbəsinə ehtiyac olmadığını bildirmişdir. “Xoşun gəlmirsə ərizəni yaz çıx” fikrini söyləmişdir. Bir sözlə iddiaçının ailə vəziyyəti, 14 illik iş təcrübəsində heç bir nöqsana yol verməməyi, kollektiv arasındakı xoş rəftarı və hörməti, aldığı fəxri fərman icra başçısı tərəfindən nəzərə alınmamışdır. Hüquqlarının müdafiəsi üçün söylədiyi fikirlər icra başçısı tərəfindən neqativ qarşılanmış və ona “mənimlə qanunla danışma” deyərək əslində özü Azərbaycan Respublikasının qanunlarına hörmətsizlik etmiş olmuşdur. Eyni zamanda “ailə vəziyyətindən, daimi yaşayış yerindən, staj və təcrübəsindən, tutduğu qulluq vəzifəsindən, əmək funksiyasından asılı olmayaraq kimin harada və hansı işi görməsi barədə qərar vermək mənim səlahıyyətimdədır, mən bilərəm”. Son bir ay ərzində rəhbərlik tərəfindən müxtəlif psixoloji təzyiqlərə məruz qalmağına baxmayaraq işdən azad olunduğu son günə qədər (xx.xx.2022 - xx.xx.2022) həmişəki qaydada Bakı şəhərində yerləşən Rayon Qərargahına işə çıxmışdır. Bu müddət ərzində ona heç bır yazılı göstəriş, bildiriş, xəbərdarlıq təqdim edilməmiş, izahatı alınmamış və könüllü ərizə yazmadığı üçün xx.xx.2022-cı il tarixdə onun iştirakı və xəbəri olmadan “Dövlət qulluğu haqqında” AR Qanunun 25.2.6-ci maddəsi (intizam tənbehi) ilə dövlət qulluğundan azad edilmişdir. İşdən azad edilərkən belə AR Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq əmrin surəti, əmək kitabçası xx.xx.2022-cı il tarixdə poçtla göndərilmiş və son haqq-hesab məbləği 2 gün gec xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına yüklənmişdir (poçt zərfinin surəti və əmək haqqı kartıma mədaxil qəbzi əlavədədir). Eyni zamanda son haqq-hesab olaraq əmək haqqı kartına mədaxil edilən 132.49 manat məbləğinin də düzgün hesablanmasına şübhəsi var. Ümumiyyətlə, Laçın rayon İcra Hakimiyyətində kadr məsələlərinə bu cür səhlənkar yanaşma birinci dəfə deyil. Belə ki, stajının 10 ilinin tamamında vəzifə maaşına əlavə edilməli olan 20% əlavə haqq 3 il hesablanmamışdır. Sonradan onun israrı ilə maaşına əlavə edilsə də həmin 3 ilin əlavələri ona ödənilməmişdir. Onun Ağcabədiyə getməyi üçün orada işlərin çox olması əsas kimi gətirilsə də son 6 ayda Bakıda yerləşən Rayon Qərargahına iki nəfər yeni işçi götürülmüşdür. Əgər rayonda işlər çox idisə nəyə görə işçilər Bakı şəhərində yerləşən Qərargaha götürülür? Nəyə görə onun işini alıb verdikləri yeni işçini yox, 14 ildir Bakıda işləyən onu Ağcabədiyə çağırırlar? Müqavilə üzrə iş yerinin Ağcabədidə olması əsas kimi gətirilir. Bəs onda o, 14 il Bakı şəhərində yerləşən Qərargahda müqavilədən kənarmı işləmişdir? Hansı hüquqi sənəd əsasında Bakı şəhərində yerləşən Qərargahda işləmişdir və nə dəyişmişdir? Və hal-hazırda müvafiq Qərargahda işləyən işçiləri orda saxlayan hansı hüquqi sənəddir ki, o iddiaçıya şamil olunmamışdır? Göstərilənlərdən aydın olur kı, işdən çıxarılmaqla bağlı cavabdeh tərəfindən verilmiş “vəzifədən azad edilmə haqqında” sərəncamda faktiki olaraq işə çıxmağına baxmayaraq guya 20 gün ərzində işə çıxmadığı əsas gətirilməklə dövlət qulluğuna xitam verilməsinə dair qeydlərin aparılması tamamilə qərəzli və ədalətsizdir. İddiaçı həmişə intizam qaydalarına əməl etmiş bir əməkdaş olmuşdur və həmin 20 gün ərzində Bakı şəhərində yerləşən Qərargahda işə çıxmışdır. Sadəcə onun adını başçının göstərişi ilə işə davamiyyət tabelindən çıxarmışdılar və bu səbəbdən tərəfindən tabelə qol çəkilməmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək: b) əmək intizamına və müəssısədaxili intizam qaydalarına əməl etmək. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bır üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əlavə olaraq qeyd edir ki, 20 aprel 2022-cı il tarixli, 107 №-li sərəncam həqiqəti əks etdirmir, odur ki, konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında onun dövlət qulluğuna xitam verilmişdir. Belə ki, o, dövlət qulluğuna qəbul edildiyi gündən 14 il müddətində Laçın rayon icra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işləmişdir. Sərəncamda qeyd olunan 2022-cı il 1-20 aprel tarixlərdə də əvvəlki 14 il ərzində olduğu kimi Laçın rayon icra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işdə olmuşdur. İddiaçının Laçın rayon icra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında deyil, məhz Ağcabədi rayonu Taxta-körpü qəsəbəsindəki inzibati binasında işləməyə göndərilməyi ilə bağlı hər hansı rəsmi qaydada tərtib olunmuş sərəncam və ya göstərişlə tanış olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Eyni zamanda “insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 14-cü maddəsinə görə ayrı-seçkiliyin qadağan olunması bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, sıyası və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, xx.xx.2022-ci il tarixli sərəncam ləğv edilməli, onun işə bərpa olunmağı və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Republikasının Konstitusiyasının 35-ci maddəsinə görə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və ış yeri seçmək hüququ təsbit edilsə də, mən bu hüququmdan məhrum edilmişəm. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndırilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 38.1 -ci maddəsinə əsasən mübahisələndırmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 58.7-cı maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibatı aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibatı icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç bırının olmadığı təqdirdə isə ilkin inzibatı aktı qəbul etmiş inzibatı orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həli edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının Laçın rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış 01 aprel 2022ci il tarixli ərizəsində qeyd edilir ki, “Bu gündən etibarən iddiaçının adı işə davamiyyət tabelinə yazılmır və onun vəzifə səlahiyyətləri məhdudlaşdırılmışdır. Belə ki, onun adından Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Eldəniz Qasımov şifahi olaraq ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə işə çıxmalıdır. Lakin ailə vəziyyəti ilə bağlı bunun mümkün olmayacağını bildirmişdir. Belə ki, himayəsində iki azyaşlı övladının olmağı, onların təhsil müəssisələrinin, daimi yaşayış yerinin, həyat yoldaşınin iş yerinin Bakıda olmağı bunu mümkünsüz edir. Eyni zamanda xx.xx.2008-ci il tarixdən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işlədiyinin nəzərə alınmasını xahiş etmişdir. Lakin bunların heç biri nəzərə alınmayaraq xx.xx.2022-ci il tarixindən onun bütün vəzifə səlahiyyətləri məhdudlaşdırılmışdır. 14 illik dövlət qulluğu stajının bitməsi ilə nəticələnə biləcək bu göstərişin nə dərəcədə qanuni və əsaslı olmağı onda şübhə doğurduğu üçün "Dövlət qulluğu haqqında" AR Qanunun 19.0.11-ci maddəsini əsas tutaraq (19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək) verilmiş göstərişin yazılı formada ona təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişdir.” İddiaçının Laçın rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış 15 aprel 2022ci il tarixli ərizəsində qeyd edilmişdir ki, “xx.xx.2022-ci il tarixdə məlum məsələ ilə bağlı ərizəsinə hələ də cavab verilməmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında qəbulda olmuşdur, müvafiq ərizədə qeyd etdiyi məsələlələr barədə yenidən bildirmişdir, lakin dəyişən bir şey olmamışdır. Bununla belə xx.xx.2022-ci il tarixdə ona şifahi olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə barəsində xx.xx.2022-ci il tarixdən işə gəlməmə barədə akt tərtib ediləcəkdir. Qanuniliyinə və dürüstlüyünə şübhə etdiyi bir göstərişin yazılı formada ona təqdim edilməsi barədə yazdığı ərizəyə cavab verilmədən belə bir aktın tərtib edilməsi nə dərəcədə qanuni və əsaslıdır? "Dövlət qulluğu haqqında" AR Qanunun 26.2-ci maddəsinə əsasən rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur. İddiaçı aprel ayının 1-dən bu günə qədər tam olaraq həmişəki qaydada Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahına işə çıxmışdır. Çünki ona bu günə qədər Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə işə çıxmalı olduğu ilə bağlı heç bir yazılı sənəd təqdim edilməmişdir. Baxmayaraq ki, ona şifahi olaraq bildirilən bu göstərişin qanuniliyinə və dürüstlüyünə şübhə etdiyini xx.xx.2022-ci il tarixdə ərizəsində açıq şəkildə bildirmişdir və göstərişin ona yazılı şəkildə təqdim edilməsini istəmişdir. Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin işçisi olaraq bir tək o qalmışdır. Bakı, Sumqayıt və Abşeron rayonunda məskunlaşan təxmini 50 min nəfər Laçın rayon sakinlərinin qəbullarının Ağcabədidə deyil məhz həmişəki qaydada Bakıda yerləşən qərargahda davam etdirilməsini nəzərə alınsa olmayan bir neçə məqam yaranır. Onun qulluq vəzifələrinin məhdudlaşdırıldığı bu müddət ərzində Laçın rayon sakinlərinin qəbulları davam etdirilmiş, lakin bu işləri o deyil digər şöbənin əməkdaş(lar)ı icra etmişdir. Əgər vətəndaş qəbulu həmişəki qaydada davam etdirilirsə və Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin işçisi olaraq bir tək o qalmışdırsa, nəyə görə bu işi 14 illik dövlət qulluğu stajına malik olan o yox, bu işlərdə lazımı təcrübəsi və səriştəsi olmayan digər işçi(lər) etməlidir? "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" AR Qanunun 21.2.3-cü maddəsinə əsasən dövlət orqanının rəhbəri tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır. xx.xx.2022-ci il tarixdən ona heç bir yazılı xəbərdarlıq edilmədən öz qulluq vəzifələrindən uzaqlaşdırılmışdır, bu isə AR Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə (əmək, funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsi, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir) ziddir. "Dövlət qulluğu haqqında" AR Qanunun 19.0.2-ci maddəsinə əsasən (19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;) iddiaçının qulluq vəzifələrinin yazılı şəkildə ona təqdim edilməsi və onların icrası üçün şərait yaradılması barədə müvafiq göstərişin verilməsini xahiş etmişdir. Pozulduğunu iddia etdiyi hüquqlarının bərpası barədə idarə daxilində heç bir tədbir görülməzsə "Dövlət qulluğu haqqında" AR Qanunun 19.0.9-ci maddəsinə əsasən (19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;) hüququndan istifadə edib bu və ya digər məsələlərin obyektiv şəkildə araşdırılması üçün müvafiq orqanlara şikayət məktubu ilə müraciət edəcəkdir. Bu qərarın verilməsi onun üçün nə qədər çətin olsa da, indiyədək müraciətlərinə Sizin tərəfinizdən heç bir humanist yanaşmanın olmaması, əksinə işdən çıxarılmağı ilə nəticələnə biləcək göstərişlərin verilməsi onu buna məcbur etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili X10 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Laçın rayon İcra Hakimiyyətinin Başçısı aparatının 03 noyabr 2022-ci il tarixli, 5/238 saylı cavabdehin nümayəndəsi X1 imzaladığı məktubunda qeyd edilmişdir ki, Laçın rayonu xx.xx.1992-ci il tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra Laçın şəhərində fəaliyyətdə olmuş Laçın RİH öz fəaliyyətini müvəqqəti olaraq, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində davam etdirməyə məcbur olmuş, Laçın rayonundan olan məcburi köçkün əhalinin ölkəmizin 58 şəhər və rayonunda, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda müvəqqəti məskunlaşması nəzərə alınaraq, Laçın RİH başçısı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Laçın RİH-nin qərargahı təşkil olunaraq, fəaliyyəti təmin edilmişdir. Məlumat üçün bildirir ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 X6 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əmədaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur. Laçın RİH-nin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş strukturuna əsasən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin dörd əməkdaşından iki nəfəri, X5 və İddiaçı Bakı şəhərində müvəqqəti məskunlaşdıqlarından tələblərə əsasən onların Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində fəaliyyətlərinə davam etmələri zərurəti yaranmışdır. Bu barədə Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşları X2 və Ülkər Şahin qızına Eyvazovaya tərəfimdən şəxsən ətraflı məlumat verilmiş, onların rih.gov.az portalının tətbiqi ilə bağlı yaranmış işlərin çoxluğu ilə əlaqədar xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyətlərinə davam etmələri bildirilmişdir. Bu tapşırıqdan sonra Laçın RİHnin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşı X5 xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsinə gələrək, həmin ünvanda yerləşən Laçın RİH-nin inzibati binasında fəaliyyətinə davam etmiş, hazırda da həmin tarixdən bu günədək öz vəzifəsini adıçəkilən ünvanda yerinə yetirir. Lakin, Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış digər əməkdaşı İddiaçı ona ətraflı şəkildə məlumat verilməsinə baxmayaraq, o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələbini pozaraq, heç bir üzürlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyinə, bununlada “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-İQ nömrəli Qanununun 18.0.3- cü maddəsinin tələbini pozaraq, həmin Qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün Laçın RİH başçısının xx.xx.2022-ci il tarixli 107 nömrəli müvafiq sərəncamı ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022-ci il 20 aprel tarixdən Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilmiş, həmin tarixdən onun Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatındakı dövlət qulluğuna eyni əsasla xitam verilərək, əməkhaqqı üzrə sonhaqq hesabı bank kartına ödənilmiş, əmək kitabçası poçt vasitəsilə ev ünvanına göndərilmişdir. Vakansiya yaranmış həmin vəzifəyə yeni kadr təyin olunmuş, həmin şəxs Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otağında Laçın Rayonu icra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsini yerinə yetirir. Laçın Rayonu İcra Hakimiyyəti üzrə fəaliyyət göstərən informasiya sistemləri, sənəd dövriyyəsi, kargüzarlıq xidməti və sair işlər Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında həyata keçirildiyi üçün Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının Laçın RİH-nin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən qərargahında fəaliyyət göstərmələrinə heç bir ehtiyac yoxdur. Ona görə də Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşları hazırda tam tərkibdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xidməti vəzifələrini yerinə yetirirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, məhkəməyə təqdim edilmiş yazılı mövqeyi müadfiə edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti Başçısının 20 aprel 2022-ci il tarixli, 20 aprel tarixli Sərəncamı ilə, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-İQ nömrəli Qanununun 33.1.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci, 4.19cu və 6.8-ci yarımbəndlərini rəhbər tutaraq qərara alınmışdır: “1. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələbini pozaraq, heç bir üzürlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyinə, bununlada “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-İQ nömrəli Qanununun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin Qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün “Dövlət qulluğu haqqında" Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022- ci il 20 aprel tarixdən Laçın Rayonu icra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilsin və həmin tarixdən onun Laçın Rayonu icra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilsin.

2. İddiaçı əməkhaqqı üzrə son haqq-hesabının çəkilməsi Laçın Rayonu icra Hakimiyyəti başçısı aparatının sektor müdiri - baş mühasibinə (Babək Quluyev) tapşırılsın.

3. Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (Eldəniz Qasımov) və Laçın Rayonu üzrə Maliyyə Şöbəsinə (Orxan Məmişzadə) tapşırılsın ki, bu sərəncamla bağlı öz vəzifələri və səlahiyyətləri daxilində bu sərəncamdan irəli gələn və müvafiq qanunvericiliklə nəzərdə tutulan məsələləri həll etsinlər.” İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2022-ci il tarixli, 107 №li “İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi haqqında” sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsini istəyir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının işdən azad olunmasının səbəbi olaraq, onun 1-20 aprel 2022-ci il tarixlərində üzürlü səbəb olmadan işdə olmamasını göstərir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iyirmi gün müddətində dövlət qulluqcusunun üzürlü səbəb olmadan işdə olmaması onun işdən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi üçün əsas təşkil edir. Bunun hüquqi əsasını aşağıda qeyd edilən normalar təşkil edir. Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununa əsasən : Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; ------------- 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; ------------- 18.0.12. etik davranış qaydalarına əməl etməlidir.

Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: .... 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: .... 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin əsasən: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. ....... Qeyd edilən normaların mənasında göründüyü kimi iyirmi gün müddətində dövlət qulluqcusunun üzürlü səbəb olmadan işdə olmaması onun işdən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi üçün əsas təşkil edir və məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın hüquqi əsası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə hesasb edir ki, hazırkı iddianın əsaslı olub-olmaması iddiaçının iyirmi gün müddətində işdə olub-olmamasından və olmamışdırsa bunun üzürlü səbəbdən olmasından, vəzifə funksiyalarını icra edib etməmsindən asılıdır. Məhkəmə hesab edir ki, iddiaçının 1-20 aprel 2022-ci il tarixlərində vəzifə səlahiyyətlərini icra etməməsi iddianın rədd edilməsi üçün əsas təşkil edir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçının dövlət qulluğuna qəbul edildiyi inzibati orqan Bakı şəhərində yox, Ağcabədi rayonunda yerləşir. İnzibati orqan iddiaçı ilə əmək müqaviləsi bağlayarkən onun iş yerinin Bakı şəhərində yerləşəcəyi ilə bağlı öhdəlik götürməmişdir. Bundan əlavə iddiaçı əmək müvaviləsi şərtlərindən başqa, dövlət qulluqcusu statusu olduğu üçün dövlət qulluğu ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmək vəzifələri daşıyır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək, dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək dövlət qulluqçusunun vəzifəsi olaraq müəyyən edilmişdir. İddiaçı özü iddia ərizəsində və inzibati orqana müraciətlərində vəzifə səlahiyyətlərini icra etməməsini etiraf edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “İcra Hakimiyyətinin başçısı X9 onun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının ış yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır. Əvəzində “Ya-Ağcabədıyə işləməyə gəlməlisən, ya da öz xahişinlə işdən azad olunma barədə ərizə yazmalısan” şərtini qoymuşdurlar. Bu şərtləri etməyəcəyi halda isə Ağcabədidə işə çıxmamağı barədə akt tərtib ediləcəyi, 14 illik dövlət qulluğu stajına ləkə olacaq maddə ilə onu işdən azad ediləcəyini bildirmişdirlər.” Eyni zamanda iddiaçının Laçın rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış 01 aprel 2022-ci il tarixli ərizəsində qeyd edilir ki, “bu gündən etibarən iddiaçının adı işə davamiyyət tabelinə yazılmır və onun vəzifə səlahiyyətləri məhdudlaşdırılmışdır.” Məhkəmə hesab edir ki, bu qeyd edilənlər iddiaçının faktiki olaraq iyirmi gün müddətində vəzifə səlahiyyətlərini icra etməməsinin sübutu kimi qiymətləndirilməli, buna görədə iddiaçı barəsində qəbul edilmiş inzibati akt qanuni hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununa 18.0.4-cü maddəsinə əsasən dövlət qulluqçusu başqa dövlət qulluqçularının işini çətinləşdirən hərəkətlərə yol verməməlidir. Məhkəmə hesb edir ki, iddiaçının iyirmi gün müddətində vəzifə səlahiyyətlərini icra etməməsi qanunvericiliyin qeyd edilən tələbinində pozulması ilədə nəticələnmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı iyirmi gün müddətində rəhbərliyin göstərişlərini yerinə yetirmədiyinə görə Dövlət Qulluğu haqqında qanunun 18.0.5, 18.0.6 və 18.0.10-cu maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə əsasən dövlət qulluqçusu; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməlidir. Lakin iddiaçı iyirmi gün müddətində rəhbərliyin göstərişlərini icra etmədiyinə görə, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini pozmuşdur. Halbu ki, iddiaçının qnunvericiliyin tələblərini pozmadan aşağıda qeyd ediləcək daha səmərəli hüquq müdafiə vasitələrindən istifadə etmək imkanı olmuşdur. Məhkəmə hər bir halda iddiaçının iddianın təmini ilə bağlı dəlillərinə münasibət bildirməyi vacib sayır. İddiaçı qeyd edir ki, “İcra Hakimiyyətinin başçısı X9 onun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının iş yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır.” Məhkəmə hesab edir ki, iddiaçının ailə vəziyyəti ilə bağlı ona gözəşt tətbiq ediməsini istəməsi başa düşülən olsada, bu istəyin iyirmi gün müddətində göstərişləri yerinə yetirmədən, faktiki olaraq vəzifə səlashiyyətlərinin icra edimədən tələb edilməsi əsaslı hesab edilə bilməz. İnzibati orqan qeyd edir ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 X6 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əmədaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur. Laçın RİH-nin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş strukturuna əsasən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin dörd əməkdaşından iki nəfəri, X5 və İddiaçı Bakı şəhərində müvəqqəti məskunlaşdıqlarından tələblərə əsasən onların Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində fəaliyyətlərinə davam etmələri zərurəti yaranmışdır.” Məhkəmə ilkin olaraq qeyd edir ki, vətəndaş müraciətləri ilə bağlı yeni elektron portalın yaradılması işin mübahisə olunmayan halıdır. Bu halda məhkəmə hesab edir ki, iş yükünün əvvəlkindən fərqli formada bölüşdürülməsi zərurətinin olması qəbuledilən hesab edilə bilər. İddiaçının yuxarıda göstərdiyi dəlillərin, yəni ailə vəziyyətinin nəzərə alınaraq ona iş yeri ilə bağlı güzəştin nəzərə alınması məhkəmə araşdırmasının predmeti o vaxt ola bilərdiki, iddiaçı 20 gün müddətində qanunvericiliyin tələblərini pozmadan hüquq müdafiə vasitələrindən istifadə etmiş olaydı. Beləki iddiaçının dövlət qulluqcusu olaraq işlədiyi orqan rəsmi olaraq Ağcabədi rayonunda yerləşir. İddiaçının Ağcabədi rayonunda işini davam etdirməsi ilə əlaqədar gösəriş verilən zaman, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri kimi inzibati məhkəməyə müraciət edərək, məhkəmə qaydasında nəzərədə tutulan hüquq müdafiə vasitəsindən istifadə edə bilərdi və ya Ağcabədidə müvəqqiti olaraq işə davam edərək, onun Bakıda işini davam etdirə bilməsi üçün yenə inzibati məhkəmə icraatı qaydasında mövcud ola biləcək hüquq müdafiə vasitələrindən istifadə edə bilərdi. Bu zaman məhkəmə tərəfindən onun Bakı şəhərində işini davam etdirə bilməsi üçün şərtlərin olmasını yoxlamaq əsasları yaranmış olardı. Lakin iddiaçının faktiki olaraq iyirmi gün müddətində əmək fəalyyətndə olmaması qəbuledilməz hesab edilməli və buna gərədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçının iddiasını təmini üçün əsas dəlillərindən biri “Dövlət qulluğu haqqında" AR Qanunun 19.0.11-ci maddəsinə istinad edərək inzibati orqana müraciət etməsi təşkil edir. İddiaçı qeyd edir ki, “14 illik dövlət qulluğu stajının bitməsi ilə nəticələnə biləcək bu göstərişin nə dərəcədə qanuni və əsaslı olmağı onda şübhə doğurduğu üçün "Dövlət qulluğu haqqında" AR Qanunun 19.0.11-ci maddəsini əsas tutaraq (19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək) verilmiş göstərişin yazılı formada ona təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişdir.” Məhkəmə hesab edir ki, qanunvericiliyin bu qeyd edilən normasının tətbiqi baxımında iddiaçıya inzibati orqan tərəfindən yazılı məlumat verilməli olması inzibati orqanın vəzifəsi olsada, iddiaçıya yazılı cavab verilməməsi iyirmi gün müddətində əmək funksiyalarını icra etməməyə əsas verə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, qanunvericiliyin bu norması iddiaçının əmək fəaliyyətlərini ümumilikdə həyata keçirməməsi halına şamil ediləcək formada geniş təfsir edilməməlidir. Bu norma daha çox əmrin və ya göstərişin üçüncü şəxslərə və dövlətə qarşı yaradacağı hüquqi nəticələrin təhlükəli olscağı hallara aid edilə bilər. Hazırkı halda isə qanunsuz əmrin və ya göstərişin nəticələrinin təhlükəli olacağı ehtimalı olan bir hal müəyyən edilmir. Şifahi göstərişlər olduğu halda iddiaçının yazılı cavab gözləyərək, iyirmi gün əmək fəalyyəti ilə öhdəliklərini icra etməməsi mübahisələndirlən inzibati aktın qanuni olduğunu göstərir. Yuxarıda qeyd edilənləridə nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri kimi hüquq müdafiə vasitələrindən istifadə etmək imkanı, eyni zamanda əmək funksiyalarını Ağcabədi rayonunda icra edərək ailə vəziyyətinin nəzərə alınaraq Bakı şəhərində işləməsinin davam etdirilməsi istəklərinin inzibati məhkəmə icraatı qaydasında tələb etmək hüquqları olsada, iyirmi gün müddətində faktiki olaraq əmək funksiyalarını icra etməmsi hazırkı iddianın əsassız olduğunu göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar