Məhkəmə qərarları › İş №2-1(118)-1887/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1887/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1887/2022 19.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X10 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 57-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X16 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokol qərarına əsasən fərdi mənzil tikmək üçün ayrılmış Şabran şəhəri, 31-ci məhəllədə yerləşən 500 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən fərdi mənzil tikmək üçün adına rəsmiləşdirilmiş Şabran (Dəvəçi) şəhəri, 31ci məhəllədə yerləşən 500 kv m torpaq sahəsinin özəlləşdirilməsi və mülkiyyət hüququnun qeydə alınması ilə bağlı dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən fərdi mənzil tikmək üçün ayrılmış Şabran (Dəvəçi) şəhəri, 31-ci məhəllədə yerləşən 500 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi bələdiyyəsinin 26 oktyabr 2001-ci il tarixli 10 saylı iclas protokolunun qərarına əsasən, şəhərin 31-ci məhəlləsində yerləşən 500 kv m torpaq sahəsi tərdi mənzil tikmək üçün iddiaçının qohumu X3 ayrılmışdır. X7 ilə iddiaçı arasnda olan razılaşmaya əsasən həmin torpaq sahəsi X8 tərəfindən iddiaçıya bağışlandığından X7 və iddiaçı xx.xx.2006-cı il tarixində müvafiq ərizə ilə Dəvəçi bələdiyyəsinə müraciət edərək, həmin torpaq sahəsinin iddiaçının adına keçirilməsini xahiş etmişlər. Dəvəçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən X2 və iddiaçının ərizəsi nəzərə alınaraq Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən 500 kv m torpaq sahəsi fərdi mənzil tikmək üçün iddiaçının adına keçirilməsi qərara alınmış və torpağın müddətsiz şəxsi mülkiyyətinə verilməsindən ötrü DƏDRX-də müvafiq sənədləşmənin aparılması iddiaçıya həvalə edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeuydə alınması məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə müraciət etmişdir. Həmin idarədən iddiaçının adına xx.xx.2022-ci il tarixli imtina məktubu verilərək, torpaq sahəsinin adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Z.Abbasov iddia tələbini müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhəmədən xahiş etdi. Cavadehin nümaynədsi X15 iddianı qəbul emədi və izah etdi ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,05 ha torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, Dəvəçi bələdiyyəsi tərəfindən həyətyanı məqsədi üçün ayrılması nəzərdə tutulan 0.05 ha torpaq sahəsinə dair DTXK-nın Şabran rayon şöbəsinin rəyi, Şabran Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyi, alqı-satqı aktı, torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri və Şabran bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 saylı qərarının qüvvədə olması barədə arayışı ərizəyə əlavə olunmamışdır. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, idarəyə ancaq bələdiyyə qərarı təqdim edilmişdir, digər sənədlərə ərizəyə əlavə olunmamışdır. İş materiallarında olan : - Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 46 saylı arxiv arayışından görünür ki, Dəvəçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən X6qa Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən fərdi mənzil tikmək üçün 500 kv m torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinin qohumu İddiaçı adına keçirilməsi qərara alınmışdır. -Dəvəçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokolundan görünür ki, Dəvəçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən X6qa Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən fərdi mənzil tikmək üçün 500 kv m torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi qohumu İddiaçı adına keçirilməsi qərara alınmışdır. - Məhkəmənin sorğusuna əsasən Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Dəvəçi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 saylı qərarına əsasən Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən 500 kvm torpaq sahəsi fərdi mənzil tikmək üçün X4 ayrılmışdır.həmin qərara DTXK-nin Şabran (keçmiş Dəvəçi) rayon şöbəsinin rəyi, 2005-ci ilin niyabr ayında tərtin edilmiş alqı-satqı aktı, yerquruluşu planı və sonradan torpaq sahəsinin həmin torpaq sahəsinin İddiaçı adına keçirilməsi barədə xx.xx.2006-cı il tarixli 10 saylı qərar əlavə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının, DTXK-nin Şabran (keçmiç Dəvəçi) rayon şöbəsinin rəyinin və alqı-satqı aktını nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi həqiqətən də 2005-ci ildə X1. Daha sonra bələdiyyənmin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə iddiaçının adına keçirilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən fərdi mənzil tikmək üçün adına ayrılmış Şabran (Dəvəçi) şəhəri, 31-ci məhəllədə yerləşən 500 m2 torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən ayrılmış Şabran şəhəri, 31-ci məhəllədə yerləşən 500 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar