Məhkəmə qərarları › İş №2-1(118)-1888/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1888/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1888/2025 27.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 3 aprel 2023-cü il tarixli, **********099000 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ödədiyi sosial sığorta haqları üzrə ödənişlər şəxsi hesab vərəqədə “Sosial sığorta üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində qeyd olunmuş və gələcək dövrlərdə təqdim edəcəyi hesabatlara müvafiq olaraq təyinatı üzrə bölüşdürüləcəkdir. Eyni zamanda nəzərə çatdırılmışdır ki, 3 aprel 2023-cü il tarixə sosial sığorta haqqı üzrə borc məbləği mövcud deyildir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 aprel 2023-cü il tarixli, **********048100 nömrəli İddiaçı göndərilmiş məktubu ilə 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövr üzrə ödənişlər barədə məlumat cədvəl formasında qoşma şəklində göndərilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 may 2024-cü il tarixli, 3-17-1/2-M-104153/2024 nömrəli İddiaçı göndərilmiş “Fərdi şəxsi hesab haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti tərəfindən ötürülən məlumatlara əsasən “Fərqlənmə nişanı” əldə etməklə İddiaçı tərəfindən (VÖEN: **********) 2022-ci ilin iyul, sentyabr ayları üzrə minimum aylıq əmək haqqına nisbətdə müəyyən edilmiş faizlə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 6 dekabr 2023-cü il tarixli, 3-17-1/2-M-286534/23 saylı İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, təqdim edilən əmək kitabçanın və hərbi biletinin surətlərinə əsasən (31 oktyabr 1976-cı il tarixdən 5 noyabr 1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) ümumi sığorta stajı 24 il 4 ay 2 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 3 ay 2 gün sığorta stajına uyğun olaraq 21.538,37 manat, 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 555,91 manat olmaqla ümumilikdə 22.094,28 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və 28 mart 2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.

5. xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı məxsus 21 oktyabr 1976-cı il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

6. Məmmədov Eyyub Natiq oğluna (VÖEN: **********) dair “Şəxsi hesab vərəqəsi”.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını 29 avqust 2024-cü il tarixli, 3-17-1/2-207048/2024 saylı məktubla İddiaçı münasibətdə aparılmış inzibati icraat materiallarını təqdim etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 noyabr 2023-cü il tarixli, 3-17-1/1-M-296594/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar”ından görünür ki, İddiaçı qanunvericiliyə uyğun olaraq tələb olunan pensiya kapitalı və 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. Müavinət alır. - İddiaçı sığorta stajına və pensiya kapitalına dair cədvəl. - İddiaçı sosial sığorta stajına dair “Pensiya təyinatı alt sistemi”ndən elektron çıxarışlar. - 6 dekabr 2023-cü il tarixli, 3-17-1/2-M-286534/23 saylı İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub (§4). - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 24 noyabr 2023-cü il tarixli “Müraciət vərəqəsi”. - İddiaçı məxsus 21 oktyabr 1976-cı il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli, 3-17-1/1-M-111286/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar”ından görünür ki, İddiaçı qanunvericiliyə uyğun olaraq tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası hüququ yaranmır. Sosial müavinət alır. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İddiaçı dair 065833 nömrəli “Pensiyaçının uçot vərəqəsi”.

8. “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşınmaların həyata keçirən fiziki şəxslər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat”ın elektron çıxarışdan görünür ki, İddiaçı 2022-ci il üzrə 1 iyul 2022-ci il və 1 sentyabr 2022-ci il tarixlərdə hər ay üçün 36 manat məbləğində MDSS haqqını ödəmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21 noyabr 2024-cü il tarixli, 3-21-2-1/2-7402/2024 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində İddiaçı tərəfindən qeydiyyatda olduğu vergi orqanına fərdi sahibkar kimi 2020-ci ilin İ-İV rübləri üçün təqdim edilmiş hesabatlara əsasən 2020-ci ilin fevral ayından dekabr ayınadək 428,75 manat məcburi dövlət sosial sığorta haqqı hesablandığı və ödənildiyi, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Dövlət Vergi Xidmətinə fərqlənmə nişanı əldə edən şəxslər ilə bağlı təqdim edilmiş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən yalnız 2022-ci ilin iyul və sentyabr ayları üçün “Fərqlənmə nişanı” əldə edilərək 72 manat məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müəyyən edilmişdir. Lakin İddiaçı tərəfindən ödənilmiş 602,05 manat məcburi dövlət sosial sığorta haqları üzrə “Fərqlənmə nişanı”nın əldə edilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat daxil olmamışdır. Eyni zamanda bildirilmişdir ki, 2022-ci ilin iyul və sentyabr ayları üzrə “Fərqlənmə nişanı” alınarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə müvafiq məlumatların İddiaçı fərdi şəxsi hesabında əks etdirilməsi məqsədi ilə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna 28 aprel 2023-cü il tarixli, **********048100 nömrəli məktubla müraciət edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

10. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının pensiya hüququnun yarandığı (65 yaşının tamam olduğu) 28 mart 2023-cü il tarixdən təyin edilməsi və 28 mart 2023-cü il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1958-ci il tarixdə doğulmuşdur. 31 oktyabr 1976-cı il – 5 noyabr 1978-ci il tarixlərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətə getməmişdən əvvəl 9 mart 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış və 1999-cu ilin mart ayındadək əmək müqavilələri əsasında müxtəlif iş yerlərində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 28 mart 2023-cü il tarixdə, yəni altmış beş yaşı tamam olduğunda yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bundan sonra iddiaçı 2023-cü ilin aprel ayında rəsmi qaydada ərizə və ona əlavə edilmiş pensiya hüququnu təsdiq edən müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. İddiaçı daha öncə cavabdehə müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət etmiş və fərdi sahibkar statusunda sərnişindaşıma sahəsində fəaliyyət göstərdiyi müddətdə 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək məcburi dövlət sığorta haqlarını ödədiyini bildirmiş və həmin müddətin də iddiaçının sosial sığorta stajına hesablanmalı olduğunu cavabdehin nəzərinə çatdırmışdır. Ancaq iddiaçının müraciətlərinə verilmiş cavablarda iddiaçının həmin dövrlərdə həqiqətən də məcburi dövlət sığorta haqlarını ödədiyi təsdiqlənsə də, müvafiq “fərqlənmə nişanı” əldə etmədiyi üçün, həmin sığorta məbləğlərinin sığortaolunan kimi iddiaçının fərdi şəxsi hesabına işlənməsinin təmin edilmədiyi bildirilmişdir. Halbuki “fərqlənmə nişanı” alıb-almamağının 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək dövrlərdə ödədiyi sosial sığorta haqlarının fərdi hesabına köçürülməməsi və həmin dövrlərin yaşa görə əmək pensiyasına təyin edilməsi üçün sığorta stajına hesablanmaması üçün əsas ola bilməz. Təqdim edilən sənədlərdən, o cümlədən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Ödəniş barədə məlumatın verilməsi haqqında sənəddən görünür ki, iddiaçı fərdi sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmiş (VÖEN: **********) və 2020-ci ilin fevral-aprel və iyun-dekabr ayları ərzində, 2021-ci ilin yanvar, mart-sentyabr və noyabrdekabr ayları dövründə, 2022-ci ilin isə yanvar, mart, may, sentyabr ayları müddətində məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri aidiyyəti üzrə ödəmişdir. Başqa sözlə, 2020-2022-ci illər ərzində məcburi sosial sığorta haqlarını ödədiyim 2 il 1 ay (25 ay) müddəti sosial sığorta stajına hesablanmalıdır ki, belə olan halda iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajı yaranmış olur. Lakin qeyd edilən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin tərəfindən aidiyyəti üzrə ödənilərək iddiaçıdan qəbul edilməsinə baxmayaraq, cavabdeh həmin ödənişləri həyata keçirildiyi müddəti əsassız olaraq sığorta stajına hesablamaqdan imtina edir. Cavabdehin həmin dövrləri sığorta stajına hesablamamasını “fərqlənmə nişanı”nı alıbalmamağı ilə əlaqələndirməsi yolverilməzdir. Belə ki, bu nişanı alıb-alımamağı iddiaçının yalnız sərnişindaşıma fəaliyyətilə ilə bağlı olan məsələ olduğundan, fərdi sahibkar kimi fəaliyyət göstərərək məcburi sosial sığorta haqlarını ödədiyi müddətin sığorta stajına hesablanmaması üçün əsas ola bilməz. Lakin cavabdeh qanunun istinad edilən normalarına əməl etməyərək iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdeh inzibati icraat üzrə qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya tamamilə əsassız olaraq yaşa görə əmək pensiyası əvəzinə yaşa görə sosial müavinət təyin etmişdir ki, bu hərəkətləri ilə iddiaçının qanunla müəyyənedilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddiaçı pozulmuş hüququnun bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 7.1, 21.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2, 13.1, 13.2, 15.2, 24.1, prosessual hüquqi əsası kimi isə İPM-in 46-cı maddələrinə istinad olunmuşdur.

13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu 28 mart 2023-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 21 avqust 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. Məhkəmənin 19 avqust 2025-ci il tarixli, 2-1(118)-1888/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı iddiaçının cavabdehə qarşı qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

17. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 28 mart 2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərində və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 24 il 4 ay 2 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 3 ay 2 gün sığorta stajına uyğun olaraq 21.538,37 manat, 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 555,91 manat olmaqla ümumilikdə 22.094,28 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, Sığortaolunanların Altsistemindən əldə edilmiş məlumatlara əsasən, iddiaçı tərəfindən 1 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir (11 ay). Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 27 may 2023-cü il tarixli, 3-17-1/2- 119395/2023 nömrəli müraciətinə 21 iyun 2023-cü il tarixli, **********406700 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları 30 iyun 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək dövrü əhatə etmişdir (2 ay). Qeyd olunan səbəblərə görə, iddiaçının 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 13 ay sığorta stajı mövcüddür. Həmçinin bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və 28 mart 2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2, 7, 22-1.1, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.10, 14.6-1, prosessual hüquqi əsası kimi isə İPM-in 47.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən 2022-ci il tarixin iyul və sentyabr ayları üzrə ödəniş aparılmış, müvafiq ödənişlərə dair sənədlərin alt sistemdə görünməsi üçün vergi orqanı tərəfindən ötürülmə həyata keçirilməlidir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

26. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 27 ay ərzində 2.000 manatdan çox məbləğdə vergi və sığorta ödənişi həyata keçirmiş, bu müddət ərzində dövlət orqanlarına etimad etmiş, vergi orqanı tərəfindən köçürülmənin edilməməsi iddiaçının təqsiri deyil, ödənişlərə dair qəbzlər də mövcuddur.

27. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq iddiaçının 2020-ci il tarixdə 10 ay, 2021-ci il tarixdə 10 ay və 2022-ci il tarixdə 7 ay olmaqla, ümumi 27 ay ərzində məcburi dövlət sığorta haqları ilə yanaşı, hətta icbari tibbi sığorta haqlarınının ödədiyini, cavabdeh orqan tərəfindən 27 aydan yalnız 13 ayının hesablandığını, lakin digər 14 ayının hesablanmadığını, vergi orqanın müvafiq köçürmələrin həyata keçirməməsinin iddiaçının təqsiri olmadığını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

29. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

30. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

32. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni, iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir.

33. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozmuş olsun. Bundan əlavə, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu; iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər).

34. Hazırkı iş üzrə müəyyən olunur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)

37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər

1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. (-)

Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.

2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

4. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. (-)

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarında (bundan sonra – “Qaydalar”) aşağıdakılar qeyd olunmuşdur:

1. Ümumi müddəalar

1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. ...

2. Əmək kitabçalarının hazırlanması və verilməsi 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.2. Əmək kitabçalarının hazırlanması ilə əlaqədar vəsaitin ayrılmasını Respublika Maliyyə Nazirliyi həll edir.

2. Əmək kitabçasının doldurulması

3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.

4. İş haqqında məlumatların daxil edilməsi 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. ...

9. Əmək kitabçalarının uçotu

9.1. Doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: Əmək kitabçaları və əlavə içliklər hərəkətinin uçotu kitabı işə qəbul və işdən çıxarılmasını rəsmiyyətə salan şəxs tərəfindən aparılır. Əmək kitabçaları, (əlavə içliklər) mədaxil-məxaric və onların hərəkətləri, uçotu kitablarında qeydə alınır. Mədaxil-məxaric kitabına əmək kitabçalarının və əlavə içliklərin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır (seriya və nömrələr göstərilir). Kitab işəgötürənlərin mühasibatı tərəfindən aparılır. Mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. 9.2. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Əmək kitabçalarının uçotunun aparılmasına məsuliyyət daşıyan şəxs hər ay əmək kitabçalarının, (əlavə içliklərin) vəziyyəti, əmək kitabçalarına (əlavə içliklərə) çəkilmiş xərclərin dəyərinə görə alınmış məbləğlər haqqında (kassaya mədaxil edilməklə) (-)

39. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

(-) 221.4. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarına görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: (-) 221.4.7. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. “Fərqlənmə nişanı” vergi ödəyicisinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir. (-)

40. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: (-) 14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün 2026-cı il yanvarın 1-dək: (-) 14.5.1-1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında;

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

(-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

42. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

Məhkəmənin mövqeyi:

44. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

45. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

46. Belə ki, iddiaçı 9 mart 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış və 1999-cu ilin mart ayındadək əmək müqavilələri əsasında müxtəlif iş yerlərində əmək fəaliyyəti ilə məşğul olduğunu, fərdi sahibkar statusunda sərnişindaşıma sahəsində fəaliyyət göstərdiyi 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək məcburi dövlət sığorta haqlarını ödədiyini, ödənişlərin müvafiq sistemə əlavə olunmamasının iddiaçının nöqsanın olmadığını bildirir.

47. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının sığorta stajı 24 il 4 ay 2 gün təşkil edir, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 3 ay 2 gün sığorta stajına uyğun olaraq 21.538,37 manat, 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 555,91 manat olmaqla ümumilikdə 22.094,28 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır.

48. Həmçinin, cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı tərəfindən 1 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmiş (11 ay), üçüncü şəxs tərəfindən təqdim edilmiş məlumata əsasən “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları 30 iyun 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək dövrü əhatə etmişdir (2 ay). Qeyd olunan səbəblərə görə, iddiaçının 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 13 ay sığorta stajı mövcüddür.

49. Göründüyü kimi, cavabdeh orqan iddiaçının 1 yanvar 2006-cı il tarixədək 23 il 3 ay 2 gün eyni zamanda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumatın mövcud olduğu üçün 1 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək və 30 iyun 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək olan dövr, ümumilikdə 24 il 4 ay 2 gün iş stajını mübahisələndirmir.

50. Lakin iddiaçı onun tərəfindən 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək məcburi dövlət sığorta haqlarını ödənildiyini iddia edir.

51. İş materiallarına əlavə edilmiş, həmçinin məhkəmənin sorğuları nəticəsində əldə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 24 noyabr 2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, yuxarıda göstərilən səbəblər əsasında pensiyanın təyin edilməsindən imtina edilmiş, yaşa görə sosial müavinət təyin edilmişdir.

52. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumata görə iddiaçı tərəfindən qeydiyyatda olduğu vergi orqanına fərdi sahibkar kimi 2020-ci ilin İ-İV rübləri üçün təqdim edilmiş hesabatlara əsasən 2020-ci ilin fevral ayından dekabr ayınadək 428,75 manat məcburi dövlət sosial sığorta haqqı hesablandığı və ödənildiyi, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Dövlət Vergi Xidmətinə fərqlənmə nişanı əldə edən şəxslər ilə bağlı təqdim edilmiş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən yalnız 2022-ci ilin iyul və sentyabr ayları üçün “Fərqlənmə nişanı” əldə edilərək 72 manat məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən ödənilmiş 602,05 manat məcburi dövlət sosial sığorta haqları üzrə “Fərqlənmə nişanı”nın əldə edilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat daxil olmamışdır.

53. Eyni zamanda, Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya təqdim edilmiş 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövr üzrə ödənişlər barədə məlumat cədvəlindən görünür ki, iddiaçı 2020-ci il üzrə fevral, mart, aprel, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci il üzrə yanvar, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr, dekabr, 2022-ci il üzrə yanvar, mart, may, iyun, iyul, avqust, sentyabr, ümumilikdə 27 ay üçün məcburi dövlət sosial sığorta ödənişini həyata keçirmişdir. Bununla da, iddiaçının 25 il 6 ay 2 gün ümumi iş stajı müəyyən olunur.

54. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 8 may 2020-ci il tarixli, 89-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Qanunun 14.5.1-1.10-cu maddəsinə uyğun olaraq “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üzrə məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli, 1046 nömrəli Fərmanı ilə qüvvəyə minmişdir.

55. Qanunun 14.6-1-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı” alınarkən məcburi dövlət sosial sığorta haqları ödənilir.

56. Lakin iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş “Fərqlənmə nişanı”nın mövcud olmamasına baxmayaraq, onun tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmiş olmasını tərəflər mübahisələndirmir.

57. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq ödənişlərin edilməsi mübahisə doğurmadığı halda, “Fərqlənmə nişanı”nın mövcud olmadığı üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat daxil olmaması əsası ilə həmin dövrün ümumi iş stajına daxil edilməməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

58. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

59. Aparılmış qiymətləndirmə əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh orqanın etirazında qeyd etdiyi dəlillər iddiaçıdan asılı hal olmadığından, iddia tələbi təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

60. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu 28 mart 2023-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar