Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1892/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 aprel 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş (3-48-DA-10F/2-246/2023; №29 mart 2023-cü il tarixli) çıxarışından görünür ki, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İclasının 40 nömrəli protokolu ilə qeyd olunmuş 7 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarına əsasən, Corat qəsəbəsi, ev 179 ünvanında yaşayan İddiaçı fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılıb verilmişdir.
2. Corat Bələdiyyəsinın sədri E.N.Ədilovun imzası və Bələdiyyənin Memarlıq və Tikinti bölməsinin möhürü ilə təsdiq olunmuş mövqe planından görünür ki, Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında İddiaçı 600 kv.m torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı nümayəndəsinə gödərilmiş 17 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-3557/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 7 dekabr 1990-cı il tarixli, 7 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən torpaq sahəsinin naturada sərhədləri müəyyən olunub mövqe planı tərtib olunmalı idi. Lakin mövqe planı Sumqayıt şəhəri Corat Bələdiyyəsi tərəfindən tərtib olunmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 65.2-ci maddəsinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə, həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin icrasından imtina edilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 noyabr 2023-cü il tarixli, 3-21- 3-31/2-3987/2023 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınması məqsədilə İddiaçı ********** nömrəli ərizəsi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş və işin icrasının mümkün olmaması səbəbindən imtina verilmişdir. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə heç bir torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
5. 7 sentyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, həmin akt 29 mart 2023-cü il tarixli çıxarış əsasında müraciət edən İddiaçıya verilmişdir. Aktda qeyd edilib ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 179 ünvanında yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0,0645 ha təşkil edir. Torpaq sahəsinin bir tərəfi yol, digər tərəfləri qonşudur. Dörd tərəfi mişar daşı ilə hasarlanıb. Texniki inventarlaşma işləri aparılmışdır. Torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Ümumi tikili altı sahəsi 105.0 kv/m olan tikili mövcuddur.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28 fevral 2024-cü il tarixli, 3-21-3- 31/2-765/2024 nömrəli məktubu ilə iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda (ətrafında) fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas olan sənədlər qoşma ilə göndərilmişdir. Həmin sənədlər: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən, AZ 5021, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir və o, tam payının sahibidir. Həmin əmlak 2 mart 2021-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X2 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində X4 mülkiyyətində olan 0,0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,46 kv.m yaşayış, 6,46 kv.m köməkçi sahədən ibarət 165B nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X5, X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 15 oktyabr 1999-cu il tarixli, 718 nömrəli sərəncamı ilə 1958-ci ildə tikilmiş, yaşayış sahəsi 105,5 kv.m, köməkçi sahəsi 111 kv.m, faktiki torpaq sahəsi 1.761 kv.m olan 165 saylı fərdi yaşayış evi X7 verilmişdir.
7. Mübahisəli ərazinin yerləşdiyi sahədə qeydiyyata alınaraq, çıxarış verilmiş qonşu ərazilər barədə iddiaçı tərəfindən də sənədlər təqdim edilmişdir: **********84- 10301 reyestr nömrəli Daşınmaz əmlakın texniki pasportuna əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış ev X12 və X8 məxsusdur, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində X4 mülkiyyətində olan 0,0179 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,46 kv.m yaşayış, 6,46 kv.m köməkçi sahədən ibarət 165B nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X5, X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbinin əsası kimi qeyd edilmişdir ki, cavabdeh tərəfindən Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 7 dekabr 1990-ci il tarixli, 7 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair mövqe planının Corat Bələdiyyəsi tərəfindən tərtib olunması əsas gətirilərək tələbin icrasından imtina edilməsi qanunsuz və əsassızdır. Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 7 dekabr 1990-cı il tarixli, 7 nömrəli qərarı ilə iddiaçıya torpaq ayrılanda və təhvil-təslim ediləndə ayrıc aktı da tərtib edilmişdir. Daha sonra Corat Bələdiyyəsi tərəfindən ona torpaq vergisini ödəməli olduğu bildirilmiş və həmin zaman bələdiyyə əməkdaşları tərəfindən torpaq sahəsi ölçülərək plan tərtib edilmişdir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1, 13.2, 13.3, 13.4, 13.5-ci maddələrinə, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzıbatı Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Gashi Xorvatiyaya qarşı iş üzrə 13 dekabr 2007-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 29 yanvar 2015-ci il Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.2, 2.2.3, 33.1, 33.2, 34.1, 73.1-ci maddələrinə istinad olunmuşdur.
11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(118)- 5699/2023 saylı qərardadı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi hazırki iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
14. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, TM-in 65.2 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddələrinə istinad edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazın dəlili kimi qeyd olunmuşdur ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti icraiyyə Komitəsi tərəfindən 7 deakbr 1990-cı il tarixli, 7 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən torpaq sahəsinin naturada sərhədləri müəyyən olunub mövqe planı tərtib olunmalı idi. Lakin mövqe planı Sumqayıt şəhəri Corat Bələdiyyəsi tərəfindən tərtib olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə (§ 9) uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh orqanın bildirdiyinin əksinə olaraq mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahələri qeydiyyata alınaraq, çıxarışlar verilir (§ 7).
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdırlar. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmənin 14 dekabr 2023-cü il tarixli və 2 fevral 2024-cü il tarixli iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair mövqe planı iddiaçıya Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilməli olduğu halda, Sumqayıt Bələdiyyəsi tərəfindən verilmişdir. Halbuki, torpaq sahəsi bələdiyyəyə məxsus deyildir. Qərar əvvəlki tarixə aid olsa belə, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpaq sahəsinin sxemi tərtib olunmalı, möhür vurulmalı və təqdim edilməli idi. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi yenidən sxemi verə bilər. Bu döngə nöqtələrinin hardan olduğu, sahələrin haradan ayrılmalı olduğunu bilmək üçün aktın olması önəmlidir. Mübahisəli torpaq sahəsinə qonşu olan ərazilərdə heç bir torpaq sahəsi qeydiyyata alınmamış, çıxarış verilməmişdir. Həmin ərazidə məktəbin yerləşməsi isə ordakı torpaq sahələrinin qeydiyyata alındığını deməyə əsas vermir. Torpaq sahəsinin konkret yerləşdiyi yeri müəyyən etmək üçün ayrıc aktının və ya hansısa texniki sənədin olması vacibdir. Həmin torpaq sahəsi ilə bağlı mübahisə, üst-üstə düşmə kimi hallar mövcud deyildir. Əgər belə hallar olsa idi, bu barədə müayinə aktında qeydlər olardı. Göstərilən səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
19. Məhkəmənin 2 fevral 2024-cü il tarixli iclasında iştirak edərək izahat vermiş üçüncü şəxsin nümayəndəsi X6 bildirmişdir ki, iddia tələbi əsaslıdır. Cavabdehin imtinasının isə əsası yoxdur. Çünki, cavabdehin istinad etdiyi halla bağlı iddiaçının heç bir təqsiri yoxdur. Belə ki, 1990-cı illərdə fəaliyyət göstərən İcraiyyə Komitəsi artıq mövcud deyildir. Əgər 1990-cı il tarixdə sözügedən sənəd olmamışdırsa, bu gün torpaq sahəsi ayıran quruma icazə verilmir ki, həmin sənədi vətəndaşa verə bilsin. Yalnız ayrıc aktı olduğu, lakin möhür olmadığı hallarda müvafiq qurum bununla bağlı sorğu göndərir, arxiv sənələrinə baxılır, əgər arxivdə həmin sənəd mövcuddursa, sənədə möhür vurulur. Bu səbəbdən də Corat Bələdiyyəsinin mövqe planını tərtib etməsi imtina üçün əsas ola bilməz. Əgər həmin torpaq sahəsi ilə bağlı digər şəxslərin hüququ pozulmursa, torpaq sahəsi qeydiyyata alınmalı və çıxarışı verilməlidir. Mövqe planı texniki sənəddir. Bələdiyyə də tərtib edə bilər. Bələdiyyənin öz mütəxəssisi var, boşluğu özləri doldura bilər.
20. Məhkəmənin 2 fevral 2024-cü il tarixli iclasında iştirak edərək izahat vermiş üçüncü şəxsin nümayəndəsi X9 izahatında bildirmişdir ki, 1989-cu ildən etibarən idarədə mühəndis vəzifəsində işləyir. Həmin vaxtlarda idarədə “Hacıbala” adlı işçi bu sənədləri hazırlayırdı. Hazırda həmin şəxs idarədə işləmir. O, ölçdüyü yerə bütün lazımi sənədləri verirdi. Mövqe planı həmişə qərar alınan kimi verilirdi. Memarlıq İdarəsinin işçisi qərardan sonra icra edirdi. Qərardan sonra vətəndaş özü gəlib müvafiq işçini dəvət edirdi. İlk sənəd Sumqayıt şəhəri, 16-cı mikrorayon, Corat qəsəbəsi və Kotej adlanan ərazilərə verilib. Həmin ərazilərin sənədləri var, hansı ki, həmin sənədlərdə hansı şəxslərə hansı torpaq sahəsinin ayrılması barədə məlumatlar vardır.
ƏSASLANDİRMA HİSSƏSİ a) İddianın mümkünlüyü:
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. ...”
“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...”
“Maddə 8. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ...”
“Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...”
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsi (qüvvədən düşmüş):
Maddə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər.
Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər.
Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər.
Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır.
Maddə 23. Torpaq sahələrinin verilməsi
Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir.
Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır.
Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.
Maddə 30. Torpaq üzərində mülkiyyət hüququnu, sahiblik və daimi istifadə hüququnu təsdiq edən sənədlər Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (hazırda qüvvədə olan):
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...”
“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...”
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.” “Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”
“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”
33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
34. İş materiallardan görünür ki, iddiaçı Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 7 dekabr 1990-ci il tarixli, 7 nömrəli qərarına istinad edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin isə etirazının əsasında mövqe planının Corat Bələdiyyəsi tərəfindən tərtib olunması durur.
35. Hazırki mübahisədə araşdırılmalı olan hal “mövqe planı”nın bələdiyyə tərəfindən tərtib olunması Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 7 dekabr 1990-ci il tarixli, 7 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin qeydiyyata alınması və s. üçün imtinaya əsas verir və ya vermir.
36. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
37. İş materialında olan sənədlərdən, o cümlədən cavabdehin nümayəndəsinin izahatından da aydın olur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair hər hansı bir mübahisə mövcud deyildir və iddiaçı tərəfin daimi istifadəsində olan torpaq sahəsidir və torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir.
38. Hazırda qüvvədə olmayan TM-in 29-30-cu maddələrinin məzmunundan aydın olur ki, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir.
39. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan torpaq qanunvericiliyi vətəndaşların mülkiyyət hüquqlarının yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə mindiyini müəyyən edilmişdir.
40. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. ... Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.”
41. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazının dəlili kimi mübahisə predmeti olan torpaq sahəsinə dair mövqe planı iddiaçıya Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilməli olmasını bildirmişdir. Lakin qeyd olunan idarənin nümayəndəsi cavabdehin imtinasının əsassız olduğunu, iddiaçının təqsirinin olmamasını, hazırda mövcud olmayan qurumun qərarına görə onlar tərəfindən mövqe planının hazırlanmasının mümkün olmadığını, təcrübədə belə olan halda bələdiyyələr tərəfindən mövqe planının hazırlanmasının geniş yayıldığını bildirərək, cavabdehin dəlilini əsassız olduğunu məhkəmənin diqqətinə çatdırmışdır.
42. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
43. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.
28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?
29. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
31. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
32. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.
33. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.”
44. İş materialına əlavə edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda olan fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, cavabdedin qeyd etdiyi “Sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə heç bir torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.” hal mövcud deyildir.
45. Belə ki, Daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən, AZ 5021, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir, həmin əmlak 2 mart 2021-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X2 mülkiyyətinə verilmişdir. MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində X4 mülkiyyətində olan 0,0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,46 kv.m yaşayış, 6,46 kv.m köməkçi sahədən ibarət 165B nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X13 və X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir.
46. Bununla da, məhkəmə yuxarıda sadlanmış normaların da tələblərini (§ 26- 33) nəzərə alaraq cavabdehin imtinasını “formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması” kimi qiymətləndirir.
47. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
48.Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova