Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1893/2025 27.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış bina üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış bina üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 2 sentyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid **********19 reyestr nömrəli 1,218201 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payının sahibidir.
2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 1 sentyabr 2020-ci il tarixli, AA seriyalı, 537764 nömrəli İddiaçı adına **********19 reyestr nömrəli 1,218201 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3 iyul 2024-cü il tarixli, 32/332/2-8823/24 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı sözügedən qeyri-yaşayış binasının dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin hazırkı müraciətinə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa, müayinə baxışı keçirilən zaman aşkarlanan tikililərin ümumi tikintialtı sahəsinin bir hissəsinin faktiki torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquq rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 12 may 2025-ci il tarixli, 3-21-3-32/2-7582/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan-ölçü sənədinə düzəliş olunmamış, dürüstləşmə işlərindən sonra necas elektron məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən tikililərin **********19 reyestr nömrəli torpaq sahəsinin yerləşməsi ilə üst-üstə düşməyən hissəsi baş planda öz əksini tapmışdır. Elektron məlumat bazasına əsasən sorğuda qeyd olunmuş kənara çıxan hissə TEKUİS (X1 X3) məlumatlarında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq qeyd olunmuşdur. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - 25 iyun 2024-cü il tarixli İddiaçı adına **********19 reyestr nömrəli çıxarışa dair tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü texniki göstəricilər və hüquq müəyyənedici sənəd üzrə 1,218201 ha, faktiki 1,2676 ha olaraq göstərilmişdir; - torpaq sahəsinin ortofoto görüntüsü; - torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlər.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
5. İddiaçı (bundan sonra - “iddiaçı R.Balayev”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və 2 sentyabr 2020-ci il tarixli, ********** saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışla iddiaçının adına qeydiyyata alınmış 1,218201 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikililərin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus torpaq sahəsinin bir hissəsində heyvandarlıq təsərrüfatı yaratmış və saxladığı iri və xırda buynuzlu mal-qara üçün müxtəlif təsərrüfat tikililəri (tövlələr, kölgəliklər, yem anbarı və s.) inşa etmiş və hal-hazırda da orada heyvandarlıqla məşğul olur. Torpaq sahəsinin qalan hissəsində isə üzümlük salınmışdır. Bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi qeyriyaşayış binasının hüquqmüəyyənedici və texniki sənədləri mövcud olduğu halda, cavabdehə eyni xahişlə müraciət edilməsi lüzumsuzdur. Qeydiyyata alınması üçün müraciət etdiyi tikilərin hamısı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh hansı tikilinin və hansı hissədə faktiki torpaq sahəsindən kənarda yerləşdiyini imtina məktubunda göstərməmişdir. Bundan başqa, cavabdehin imtina məktubunda göstərdiyi “faktiki torpaq sahəsi” ifadəsinin mənası anlaşılmır, imtina cavabında qeyd edilən və imtina üçün 3-cü əsas kimi çıxış edən cümlənin (qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasının aşkar edilməsi) də mənası və cavabdehin nəyi nəzərdə tutduğu başa düşülmür.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2, 8.0.10-1, 15, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3, 12.1, 58.7-ci maddələrinə istinad olunmuşdur.
8. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən əmlak kompleksi kimi müəssisəyə dair tələb olunan əsaslar üzrə hüquq müəyyənedici və texniki sənədlərin müraciətə əlavə olunmadığı, müayinə baxışı keçirilən zaman aşkarlanan tikililərin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyi, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir.
12. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 8.0.10.1, 9, 11.1, 15, 23-cü maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı torpaq sahəsinə dair çıxarış əldə etmiş, zəbt torpaq sahəsi mövcud deyildir, torpaq sahəsi sürüşmə ilə Əjdərov Xanlar adlı şəxsin torpaq sahəsinə düşmüş, cavabdeh orqan tərəfindən yanlış hesablanma aparılmışdır.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
16. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
17. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
18. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq, iddiaçı tərəfin cavabdeh orqan tərəfindən təqdim olunan mütəxəssis aktı ilə razı olmadığını, akt tərtib edilərkən bu barədə iddiaçıya məlumatın verilmədiyini, cavabdeh orqan tərəfindən təqdim olunmuş imtina məktubunda qeyri-dəqiq ifadələrdən istifadə olunduğunu bildirmişdir.
20. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X2 etirazın dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mütəxəssis X4 iş üzrə təqdim edilmiş mütəxəssis rəyinə uyğun izahat verərək bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilmiş və torpaq sahəsinin baş plan ölçüsü hazırlanmış, müayinə akı təqdim edilmiş, torpaq sahəsi 2005-ci il tarixdən iddiaçının istifadəsindədir, köhnə koordinatlarla hazırkı koordinatların üst-üstə düşməsi və sürüşmənin nə zaman baş verdiyi məlum deyildir. Həmçinin, iddiaçının çıxarış aldığı torpaq sahəsindən əlavə 500 kv.m torpaq sahəsinin zəbt etdiyini, torpaq sahəsində sürüşmənin mövcud olmadığını, elektron qeydiyyat aparılarkən torpaq sahəsinin koordinatlarının faktiki yerləşməsinə uyğunlaşdırıldığını qeyd etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; (-) 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; (-)
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-) Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
32. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
33. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir.
35. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
36. İddiaçı tərəfin iddia tələbi, həmçinin məhkəmə iclasında verdiyi izahatları ilə bildirilmişdir ki, iddia edilən qeyri-yaşayış binaları iddiaçıya məxsus torpaq sahəsi üzərində inşa edilmiş, ona məxsus ərazinin kənarında yerləşməmiş, torpaq sahəsi zəbt olunmamış, sürüşmə halı nəticəsində digər şəxsin ərazisinə düşmüş, torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən yanlış hesablanma aparılmışdır. Odur ki, cavabdeh orqanın imtinası əsassızdır.
37. Cavabdeh isə etirazının əsası kimi aşağıdakıları qeyd edir: - mübahisə predmeti olan qeyri-yaşayış binalara dair tələb olunan əsaslar üzrə hüquq müəyyənedici və texniki sənədlər müraciətə əlavə olunmamışdır; - müayinə baxışı keçirilən zaman aşkarlanan tikililərin ümumi tikintialtı sahəsinin bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda yerləşir. - torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir.
38. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən təqdim edilmiş, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 2 sentyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid **********19 reyestr nömrəli 1,218201 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən plan və ölçü sənədi tərtib edilmişdir.
39. Məhkəmə araşdırılması zamanı əldə edilmiş cavabdeh orqanın mütəxəssis rəyindən, eyni zamanda məhkəmə iclasında iştirak edən səlahiyyətli qurumunun mütəxəssisin ifadəsindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmış, dürüstləşmə işlərindən sonra necas elektron məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən tikililərin **********19 reyestr nömrəli torpaq sahəsinin yerləşməsi ilə üst-üstə düşməyən hissəsi baş planda öz əksini tapmış, həmçinin elektron məlumat bazasına əsasən qeyd olunmuş kənara çıxan hissə X1 X3 məlumatlarında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq qeyd olunmuşdur.
40. Eyni zamanda, təqdim edilmiş müayinə aktından və torpaq sahəsinin ortofoto görüntüsündən iddiaçı tərəfindən inşa edilmiş və hazırda iddia olunan tikililərin 2 sentyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarından kənar yerləşdiyi müəyyən olunur.
41. İPM-in 12 və 13-cü maddələrinin tələbləri əsas götürülərək, etirazda qeyd edilən halların mövcud olduğu məhkəmə iclasında proses iştirakçıları ilə müzakirə olunmuş və izah edilmiş, lakin iddiaçı tərəf torpaq sahəsini zəbt olunmadığını, sürüşmə halı nəticəsində digər şəxsin ərazisinə düşməsini bildirmişdir.
42. İş materialında olan kifayət qədər sübutlarla iddia edilən qeyri-yaşayış binaların altında yerləşən torpaq sahəsinin bir hissəsinin zəbt edildiyi halı öz təsdiqini tapmışdır. Həmin zəbt olunmuş torpağa dair isə iddiaçının heç bir hüquqmüəyyənedici və ya hər hansı bir texniki sənədi mövcud deyildir.
43. Belə olan halda, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd edilənləri işin faktiki hallarına tətbiq etməklə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
NƏTİCƏVİ HİSSƏ
44. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova