Məhkəmə qərarları › İş №2-1(118)-1894/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1894/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1894/2022 19.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Koronavirus (COVİD-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin əlavə olaraq ona ödənilməmiş 2 ay 190 manat olmaqla ümumi 380 manat birdəfəlik ödənişin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “Koronavirus (COVİD-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin əlavə olaraq ona ödənilməmiş 2 ay 190 manat olmaqla ümumi 380 manat birdəfəlik ödənişin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, “Koronavirus (COVİD-19)" pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin ona təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Sumqayıt şəhər Məşğulluq Mərkəzinin ona cavab olaraq göndərdiyi məktubda qeyd edilmişdir ki, Əliyev X2 Məşğulluq Xidmətinin Sumqayıt Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır, lakin İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, torpaq mülkiyyətçisi olduğuna görə ona 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında məlumat əldə edərkən, düzgün və ətraflı araşdırma aparmayaraq işlərinə məsuliyyətsiz yanaşmış və nəticə də onun Dövlət tərəfindən ayrılan maddi yardımı almaqdan məhrum edilməsinə səbəb olmuşdular. O, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, onun mülkiyyətində heç-bir əmlak yoxdur. Ona görə də xx.xx.2022-ci il tarixdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarında müəyyən edilmiş 4 ay üzrə aylıq 190 manat olmaqla ümumi 760 manat birdəfəlik ödənişi tam şəkildə ona ödəmişdir. “Koronavirus (COVİD-19)" pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmə 4 aydan əlavə olaraq dekabr və yanvar aylarında da verilmişdir. Həmin əlavə iki ay ona da şamil olunduğundan, ona ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dekabr və yanvar ayları üçün aylıq 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia aşağıda göstərilən səbəblərə görə mümkünsüz hesab edilməlidir:

1. İlkin olaraq qeyd edilməlidir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisə ilə bağlı məhkəmə icraatı olmuşdur. Belə ki, Bakı inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-6314/2020 nömrəli qərarı (hak. Şəlalə Həsənova) ilə iddiaçının iddia tələbi təmin olunaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 4 ay, aylıq 190 manat olmaqla 760 manat ödənişin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması təsbit edilmişdir. Daha sonra cavabdeh tərəfindən verilən apellyasiya şikayəti ( Bakı Apellyasiya Məhkəməsi, hak. Vidadi Məmmədov, xx.xx.2021-ci il tarixli, 2-1 (103)-897/2021 nömrəli qərar) və kassasiya şikayəti (Hak. Kəmaləddin Bədəlov, xx.xx.2021-ci il tarixli, 2-1(102)-2245/2021 nömrəli qərar) təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsində saxlanılmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən qərarla üzərinə qoyulmuş 760 manat məbləğində ödənişin ödənilməsi tam şəkildə həyata keçirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası təmin edilmişdir. Göründüyü kimi eyni tərəflər arasında eyni iddia predmeti ilə əlaqədar məhkəmə prosesi olmuş və nəticə etibarilə qanuni qüvvəyə minmiş məhkəmə qərarına münasibətdə qərarın icrası cavabdeh tərəfindən tam təmin olunmuşdur. Bu da öz növbəsində eyni tərəflər arasında və eyni predmetlə əlaqədar yeni məhkəmə mübahisələrinin istisna olunması kimi bir hüquqi nəticə yaratmaqdadır.

2. Xüsusi karantin rejimi dövründə aylıq birdəfəlik ödəniş verilən ayların dəqiq sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarları ilə tənzimlənməkdədir. Nazirlər Kabinetinin aidiyyəti qərarlarında xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə Bakı şəhəri üçün ödəmələr aprel-may, iyun, avqust və dekabr ayları üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi Nazirlər Kabineti tərəfindən yanvar ayı üçün hər-hansısa bir ödəniş müəyyən edilməmiş və cavabdeh tərəfindən də ödənməmişdir. Belə olduğu təqdirdə şəxsin olmayan bir ödənişə münasibətdə onu əldə etmək üçün hər-hansısa bir subyektiv hüququndan söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qəranın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yenə həmin Qərarın 8.4-cü bəndinə əsasən, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Qeyd edilənlərə əsasən, tərəflər arasında eyni iddia tələbi üzrə məhkəmə mübahisəsi ilə əlaqədar qanuni qüvvəyə minmiş qərar olduğundan, habelə yanvar ayı üçün ödəmə əldə etməklə əlaqədar iddiaçının subyektiv hüququ olmadığından iddia tələbi mümkünsüz hesab edilməlidir. Məhkəmə iclasında işin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq agentliyinin X1 filialının iddiaçıya ünvanladığı 29 aprel 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ona 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçı cavabdeh Azərbaycan Respubblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı cavabdehin düzgün məlumat əldə etməməsi nəticəsində Dövlətin verdiyi yardımı almağdan məhrum olduğu üçün 4 ay 190 manatdan hesablanmaqla 760 manat və mənəvi ziyana görə 1000 manat, ümumilikdə 1760 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6314/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu 4 (dörd) aylıq dövr üzrə hər ay üçün 190 (yüz doxsan) manat o maqla, cəmi 760 (yeddi yüz altmış) manat birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış 19 sentyabr 2022-ci il tarixli “Məşğulluq haqqında arayış”dan görünür ki, iddiaçıya 18 aprel 2020-ci il tarixdə işsiz statusu verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələbi ona 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları üzrə ödənilməmiş ümumilikdə 380 manat məbləğində birdəfəlik ödənişin ona ödənilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia 190 manat hissədə, yəni iddiaçıya 2020-ci ilin dekabr ayı üzrə 190 manat məbləğində pul vəsaitinin verilməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə iddiaçıya 2020-ci ilin dekabr ayına görə 190 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1- 2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dekabr ayı üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən imtina etmişdir. Lakin cavabdeh ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsini qərara almışdır (Qərar №216). Azərbaycan Respublikası Nazirlər Kabineti 07 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsini qərara almışdır (Qərar №283). Azərbaycan Respublikası Nazirlər Kabineti 23 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsini qərara almışdır (Qərar №506). İnzibati orqan tərəfindən məhkəməyə təqdim edilən etirazda iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə müavinət verilməsi ilə bağlı məsələyə məhkəmədə baxıldığı və yekun qərar qəbul olunduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarından görünür ki, iddiaçıya 2020-ci ilin dekabr ayına görə deyil, ondan əvvəlki aylarda ona müavinətin ödənilməsi barədə qərar qəbul edilmiş və həmin aylara görə ona ödəniş edilmişdir. Lakin hazırda mübahisə 2020-ci ilin dekabr ayına görə müavinətin ödənilməsi ilə bağlıdır ki, cavabdeh həmin dövrə görə iddiaçıya 190 manat məbləğində müavinətin ödənilməsindən imtina edir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddianın qalan hissəsinə, yəni 2021-ci ilin yanvar ayı üzrə müavinətin verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olundu kimi Xüsusi karantin rejimi dövründə aylıq birdəfəlik ödəniş verilən aylar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə tənzimlənmişdir. Nazirlər Kabinetinin aidiyyəti qərarlarında xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə Bakı şəhəri üçün ödəmələr aprelmay, iyun, avqust və dekabr ayları üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi Nazirlər Kabineti tərəfindən yanvar ayı üçün hər-hansısa bir ödəniş müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu 1 aylıq dövr üzrə - dekabr 2020-ci il tarixi üçün 190 (yüz doxsan) manat birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu 1 aylıq dövr üzrə - dekabr 2020ci il tarixi üçün 190 (yüz doxsan) manat birdəfəlik ödəmənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar