Məhkəmə qərarları › İş №2-1(118)-1894/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1894/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1894/2025 14.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 may 2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “iddiaçıya əlillik müddəti bitdiyi tarixindən etibarən İİ dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı X5 iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 may 2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 30.01 1994-cü il tarixində Ağdərə uğurunda gedən döyüşlərdə hərbi xidməti vəzifələrini yerinə yetirərkən sol və sağ aşağı ətrafların çoxsaylı qəlpə yaraları almış, xəstəlikdən əziyyət çəkir, həmin nahiyədə qəlpələrdən aldığı zədələr nəticəsində damarlar kəsilmiş, sağalmaz xəstəliyə səbəb olmuş və daima müalicəyə ehtiyac görülüb, əks təqdirdə isə qanqrenaya (toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi) səbəb olacaq (foto şəkillər əlavə olunur). Onu da qeyd edir ki, xəsarətdən ayağında dizdən aşağı ümumilikdə 78% qan işləmir. Bu barədə “Dəmiryol” Xəstəxanasının 602/103 nömrəli epikrizi və digər müvafiq sənədlər mövcuddur. Eyni zamanda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 814 nömrəli xx.xx.2008-ci il tarixli qərarı da üzərimdə olan travmanın “Hərbi Travma” olduğunu, yəni Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığımı təsdiq etmişdir (məktub əlavə olunur). Yuxarıda qeyd olunanlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi xx.xx.2018-ci il tarixində mənə 2-ci dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik (diaqnoz: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Bədənin müxtəlif yerlərin odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyəti. Yumuşaq toxumalarda qalmış yad cisim, sol topuq nahiyyəsinin yad cismi (qəlpə). Qazanılmış arteriovenoz fıstul, sol dizaltı nahiyyəsinin arterio-venoz süzgəci. Pasttrombotik sindrom, hər iki aşağı ətrafın dərin venalarının pasttrombotik sindromu. Xroniki venoz çatışmamazlığı, solda Vİ (altıncı) sağda İİİ (üçüncü) sinif. Solda baldırın trofiki xorası. Dəmir defisitli anemiya) müəyyən etmişdir (çıxarış əlavə olunur). Əlillik müddəti başa çatdıqdan sonra təkrar əlilliyin müəyyən edilməsi üçün göndəriş (forma 88) altsistemə yüklənmişdir. Bildirir ki, göndəriş (forma 88) xx.xx.2024-cü il tarixində Tibbi Sosial Ekspertiza Müayinəsinin altsisteminə yüklənməsinə və 3 aya yaxın müddət keçməsinə baxmayaraq əlilliyin müəyyən edilməsi həyata keçirilməmiş, göndərişə heç bir münasibət bildirilməmişdir. Bununla bağlı Nazirliyin “qaynar xətt” olan 142 nömrəsilə əlaqə saxlamış, lakin heç bir nəticə olmamışdır. Həmçinin nazir müavini Anar Kərimovun qəbulunda olmuş və səhhətində olan mövcud vəziyyəti izah etmiş, onlarda öz növbəsində əlilliyin hərbi yox, mülki qaydada verilməsinin mümkün olacağını şifahi şəkildə bildirmiş əks təqdirdə məhkəmə yolu ilə məsələnin həllini demişdirlər. Faktiki olaraq üzərimdə olan travmanı müharibə şəraitində aldığına baxmayaraq yenə də öz istədiklərini irəli sürürlər. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Ə. Bəşirova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 814 nömrəli Qərar verilmişdir. Həmin qərarda ‘‘Sol aşağı ətrafların, saq gözaltı nahiyyənin, saq aşağı ətrafların çoxsaylı qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın orta 1/3-də, sağ budun orta 1/3-də, sağ bazunun yuxarı 1/3-də çapıqlar, sol baldırın aşağı 1/3-də indurasuya, hiperpiqmentasiya, xoralar qeyd edilmiş, hər iki ayaqarxasında nəbz hiss edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışda diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol baldırın aşaqı 1/3-nin və aşıq-baldır oynağının iç səthlərində kobud trofik dəyişiklikləri, trofik sağalmayan yarası. İç topuqun apexində qövsvari disfunksiyası, yumşaq toxumalarda metal qəlpələri, sol aşıq-baldır oynağının artrozu, açıcı-bükücü kontrakturası (açma 105 dərəcə, bükmə 100 dərəcə) daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli hər iki Aşağı ətraf venoz sisteminin rəngli dopplerografiyası müayinəsinin nəticəsi “Popletial arteriya və popletial vena arasında fistul mövcud olub. Rəngli doppler zamanı venadan arteriyaya axın qeyd olunmur, buna bağlı popletial venada davamlı refluks izlənildi. Sol VSM və sol VSP-də qapaq yetməzliyi və refluks, və dərialtında əlaqəli varikoz şaxələr izlənilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən yanaşı xəstəliyin xüsusi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AA ******* saylışəxsiyyət vəsiqəsinin surəti; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 814 saylı, 18 dekabr 2008-ci il tarixli qərarı; Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının 11 may 2024-cü il tarixli qərarı; “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 T 07/2024 saylı, 26 noyabr 2024-cü il tarixli rəyi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 11 may 2024-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1975-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 07 fevral 2018-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən (Hərbi əməlliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; Bədənin müxtəlif yerlərin odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyəti, yumşaq toxumalarda qalmış yad cisim, Sol topuq nahiyyəsinin yad cismi (Qəlpə). Qazanılmış arteriovenoz fistul, Sol dizaltı nahiyyəsinin arterio-venoz süzgəci. Posttravmetik sindrom. Hər iki aşağı ətrafın dərin venalarının posttrombotik sindromu. Xroniki venoz çatmamazlığı solda İV (altıncı) sağda İİİ (üçüncü) sinif. Solda baldırın trofiki xorası. Dəmir defisitli anemiya .)) diaqnozları ilə ikinci dərəcəli əlillik, 5 il müddətinə təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət- Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının 11 may 2024-cü il tarixli İddiaçı “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 11 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. İddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-cü maddəsinə əsasən, 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İnzibati iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq (Hərbi əməlliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; Bədənin müxtəlif yerlərin odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyəti, yumşaq toxumalarda qalmış yad cisim, Sol topuq nahiyyəsinin yad cismi (Qəlpə). Qazanılmış arteriovenoz fistul, Sol dizaltı nahiyyəsinin arterio-venoz süzgəci. Posttravmetik sindrom. Hər iki aşağı ətrafın dərin venalarının posttrombotik sindromu. Xroniki venoz çatmamazlığı solda İV (altıncı) sağda İİİ (üçüncü) sinif. Solda baldırın trofiki xorası. Dəmir defisitli anemiya .)) diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “göndərişin natamam doldurulması” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 5369/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 T07/2025 saylı rəyində qeyd edilmişdir: “İddiaçı DTSERA-da xx.xx.2023-cü il tarixdə əyani müayinəsi zamanı çıxarılmış xx.xx.2023-cü il tarixli 23-17-4\3-3-3394\2023 saylı qərar ilə həmin vaxt tərtib edilmiş qiymətləndirmə nəticələri arasında ziddiyyət vardır. Belə ki, qərarın nəticəsi ilə (Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması barədə qərar qəbul edilməsi) göstərilsə də qiymətləndirmə nəticələrində (Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Ümumi xəstəlik səbəbi ilə əlaqədar Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür) kimi qeyd edilmişdir. O, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisədəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Qərardadın 2-ci bəndində sualda göstərilən xəstəliklər (Əsas diaqnoz: T93.0-Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Hər iki daha çox sol aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994); Ağırlaşma: L97- Aşağı ətrafın başqa rubrikalarda təsnif olunmayan xorası. Sol baldırın trofıki xorası. İ77.0- Qazanılmış arteriovenoz fıstul. Postravmatik dizaltı arterio-venoz fistula; Yanaşı xəstəliklər: M84.0- Sümük sınığının pis bitişməsi. Sol iç topuğunun deformasiya ilə bitişmiş sınığı, sklerotik dəyişiklikləri ilə;) onun tibbi sənədlərində olan xəstəliklərlə eynilik təşkil edir. Həmin xəstəliklər müalicə olunmaqla reablitasiya olunmurlar və hazırda da xəstəliklərlə əlaqədar onun mütəmadi müalicəsinə ehtiyac duyulur.” Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci maddəsində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.1-ci bəndinə əsasən Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Hər iki daha çox sol aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994) - (T93.0); Sümük sınığının pis bitişməsi. Sol iç topuğunun deformasiya ilə bitişmiş sınığı, sklerotik dəyişiklikləri ilə - (M84.0) göstərişləri olan hallarda əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıya müşahidə olunan diaqnoz qeyd olunan əsasnamədə əlillik təyin edilməsinin əsasları kimi göstərilmişir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi diaqnoz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 20 aprel 2023-cü il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının 11 may 2024-cü il tarixli qərarı ləğv edilməli və 11 may 2024-cü il tarixindən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının 11 may 2024-cü il tarixli qərarı ləğv edilsin. 11 may 2024-cü il tarixindən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar