Məhkəmə qərarları › İş №2-1(118)-1895/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1895/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1895/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh YYYna qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh YYYna qarşı “60 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus 9 iyun 1984-cü il tarixli, AT-lV seriyalı, ******* nömrəli “Əmək kitabçası”.

2. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X2 17 mart 2023-cü il tarixli, 92 nömrəli arayışından görünür ki, İddiaçı 1 noyabr 1987-ci il tarixdən 10 yanvar 1990-cı il tarixə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X3” zavodunun NÖC və avtomatika sexində karbohidrogenlərin xlorlaşdırılması sexi üzrə NÖC və avtomatika çilingəri peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən 2 saylı siyahı üzrə (karbohidrogeni, anların birləşmələri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

3. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X2 17 mart 2023-cü il tarixli, 93 nömrəli arayışından görünür ki, İddiaçı 11 yanvar 1990-cı il tarixdən 2 aprel 1996-cı il tarixə kimi tam iş günü “Azərikimya” istehsalat Birliyinin keçmiş “X3” zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində NÖC və avtomatika çilingərı peşəsində və NÖC və avtomatika üzrə baş usta vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən 2 saylı siyahı üzrə (karbohidrogenlər, onların birləşmələri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı “X3” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır.

4. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X2 17 mart 2023-cü il tarixli, 94 nömrəli arayışından görünür ki, İddiaçı 6 mart 2001-ci il tarixdən 5 sentyabr 2005-ci il tarixə kimi tam iş günü “Azərikimya” istehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun buxar generator kompleksində NÖC və avtomatka təmiri üzrə çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Xİİİ bölməsinin a) bəndinin 2140000a-18456 şifrinə əsasən 2 saylı siyahı üzrə (qazanxana, turbin avadanlığının təmiri, ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət edən çilınqərlər) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır.

5. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 5 aprel 2023-cü il tarixli, 24 nömrəli arayışından görünür ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 2-ci arxiv fondunun sənədlərinə əsasən 8 yanvar 1963-cü il təvəllüdlü İddiaçı Əbutalib oğlu aşağıda göstərilən (2001-2005) illərdə “Etilen-polietilen” zavodunda işləmişdir: 6 mart 2001-ci il tarixdən “Etilen-polietilen” zavodunun BGK-də (buxar generator kompleksi) NÖC və A təmiri üzrə 6-cı dərəcə ilə çilingər peşəsinə işə qəbul olunmuşdur. 7 sentyabr 2005-ci il tarixli, 1097 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 5 sentyabr 2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Qeyd edilir ki, BGK-si (buxar generator kompleksi) ayrıca bir sahə olduğu üçün İddiaçı Əbutalib oğlunun 2001-ci il əmək haqqı barədə cədvəlləri arxiv fondlarına təhvil verilməmişdir.

6. "xxxx" MMC-nin 9 aprel 2024-cü il tarixli, 005 nömrəli arayışından görünür ki, 8 yanvar 1963-cü il təvəllüdlü İddiaçı 6 noyabr 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMCnin Qaynaq Quraşdırma zavodunun Qaynaq sexinin Yüngül konstruksiyaların hazırlanması sahəsində 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində çalışır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinə əsasən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi bilavasitə zərərli iş hesab edilir.

7. "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli, 25 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-nin Maşınqayırma zavodunun Xüsusi təyinatlı maşın və mexanizmlərin istehsalı sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsində 30 dekabr 2012-ci il tarixdən (əmr 01kş saylı) 4 noyabr 2020-ci il tarixədək (əmr 183-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 2-ci fəslində müəyyən edilmiş “Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması” 2.3 bəndinin a-fəhlələr hissəsinin 63-cü sətrində müəyyən edilmiş metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları, 81-ci sətrində müəyyən edilmiş təmirçi çilingərlər vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 7 il, 10 ay, 5 gün təşkil edir.

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 14 may 2024-cü il tarixli, 236 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 22 avqust 1980-ci il tarixli, 97-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin tam orta (10 illik) təhsil bazasından “Kimya sənayesində avtomatik qurğuların istismarı” ixtisasına (qrup-66) daxil olmuşdur. Həqiqi hərbi xidmətə çağırıldığı üçün 28 oktyabr 1981-ci il tarixli, 101-ct nömrəli əmrlə akademik məzuniyyət verilmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra 27 dekabr 1983-cü il tarixli, 148-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun gündüz şöbəsinin “Kimya sənayesində avtomatik qurğuların istismarı” ixtisasına (qrup-89) bərpa edilmişdir. 5 may 1985-ci il tarixli, 79-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunu bitirmişdir. İddiaçı ЖT seriyalı, 028386 nömrəli diplom almışdır.(qeyd.№768)

9. YYY tərəfindən İddiaçı göndərilmiş 5 iyun 2024-cü il tarixli, 3-17-1/2-R-131709/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi “Etilen-Polietilen” Zavodunun 17 mart 2023-cü il tarixli, 92 və 93 nömrəli arayışlarında 25 avqust 1988-ci il – 3 iyul 1989-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə X3 zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində NÖC və avtomatika sexində briqadir və 20 sentyabr 1993-cü il – 2 oktyabr 1995-ci il tarixləri arasındakı dövr ərzində NÖC və avtomatika sexində baş usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi briqadir və baş usta vəzifələri sözügedən arayışda istinad edilən qanunvericiliklə təsdiq edilmiş siyahıda nəzərdə nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər, işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr vəzifələrinə uyğun deyil. Həmçinin “Etilen- Polietilen” Zavodunun 23 nömrəli arayışında 6 mart 2001-ci il – 7 sentyabr 2005-ci il tarixləri arasındakı dövr ərzində buxar generator kompeksində NÖÇ və avtomatika təmiri üzrə çilingər, "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli, 25 nömrəli arayışında 30 dekabr 2012-ci il – 4 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər, "xxxx" MMC-nin 9 aprel 2024-cü il tarixli, 005 nömrəli arayışında isə 6 noyabr 2020-ci il tarixdən bugünədək quraşdırıcı çilingər vəzifələrində işlədiyi göstərilib. Göründüyü kimi, işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən qanunvericiliklə təsdiq edilmiş siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid deyil. Bu səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 11 gün (1 noyabr 1987-ci il – 25 avqust 1988-ci il, 3 iyul 1989-cu il – 20 sentyabr 1993-cü il, 2 oktyabr 1995-ci il – 2 aprel 1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. YYYnın 6 avqust 2024-cü il tarixli, 3-17-1/2-185399/2024 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - YYY tərəfindən İddiaçı göndərilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu (§9); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 13 may 2024-cü il tarixli “Müraciət vərəqəsi”; - "xxxx" MMC-nin 9 aprel 2024-cü il tarixli, 005 nömrəli arayışı (§6); - "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli, 25 nömrəli arayışı (§7); - İddiaçı məxsus 9 iyun 1984-cü il tarixli, AT-lV seriyalı, ******* nömrəli “Əmək kitabçası”; - İddiaçı məxsus 6 noyabr 2020-ci il tarixli “Əmək kitabçası”; - İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”; - “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X2 17 mart 2023-cü il tarixli, 92, 93, 94 nömrəli arayışları (§2-4); - “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 3 aprel 2023-cü il tarixli, 19 nömrəli arayışında İddiaçı yanvar 2002-ci il tarixdən sentyabr 2005-ci il tarixədək ödənilmiş əmək haqqı ödənişləri cədvəldə göstərilmişdir. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 3 aprel 2023-cü il tarixli, 20 nömrəli arayışında İddiaçı yanvar 1991-ci il tarixdən aprel 1996-cı il tarixədək ödənilmiş əmək haqqı ödənişləri cədvəldə göstərilmişdir. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 5 aprel 2023-cü il tarixli, 24 nömrəli arayışı (§5);

11. "xxxx" MMC-nin 16 avqust 2024-cü il tarixli, 014 nömrəli arayışından görünür ki, 8 yanvar 1963-cü il təvəllüdlü İddiaçı 6 noyabr 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMCnin Qaynaq Quraşdırma zavodunun Quraşdırma sexinin Yük qaldırıcı avadanlıqlarının yığım sahəsində 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində çalışır. Göstərilən peşə (“polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırmalar”) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 29-cu bəndinə (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) əsasən bilavasitə zərərli iş hesab edilir.

12. STP MMC-nin 16 sentyabr 2024-cü il tarixli, 01-34-H nömrəli məktubu ilə "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli, 25 nömrəli arayışı (§7) qoşma şəklində göndərilmişdir.

13. "xxxx" MMC-nin 7 fevral 2025-ci il tarixli, STP-MS-2025/003 nömrəli arayışından görünür ki, 8 yanvar 1963-cü il təvəllüdlü İddiaçı 6 noyabr 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Qaynaq Quraşdırma zavodunun Quraşdırma sexinin Yük qaldırıcı avadanlıqlarının yığım sahəsində 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində zərərli iş şəraitində çalışır. Göstərilən peşə (“polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 29-cu bəndinə (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən bilavasitə zərərli iş hesab edilir. İşçinin zərərli iş şəraitində çalışması, 2020-ci ilin fevral ayında "xxxx" MMC tərəfindən keçirilmiş "xxxx" MMC-nin X1 iş yerlərinin attestasiyası üçün instrumental tədqiq, ölçmə və qiymətləndirmə işləri əsasında təqdim edilmiş attestasiya pasportunda öz əksini tapır. İş yerlərinin attestasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 saylı qərarına əsasən keçirilmişdir. Əlavə olaraq, iş yerlərinin attestasiyasına əsasən əmək şəraitinə görə İddiaçı tarif (vəzifə) maaşına 1.04 artım əmsalı miqdarı əlavə edilir. Fevral 2024-cü il tarixdən yanvar 2025-ci il tarixədək əmək haqqından çıxarış və iş yerində əmək şəraitinin qiymətləndirilmə cədvəli qoşma şəklində göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

14. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh YYYna (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya hüququnun yarandığı (60 yaşının tamam olduğu) 8 yanvar 1963-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə (§1-9) onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə hüquq verən peşələrdə və işlərdə 30 ilən çox çalışmışdır və hal-hazırda da işləyir. Cavabdeh müraciətindən imtina edərkən onun güzəştli şərtlərlə pensiya hüququ verən stajını düzgün hesablamayaraq, əsassız şəkildə az göstərmişdir. İddiaçının ümumi sığorta stajı 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən stajı da 12 il 6 aydan xeyli artıq olduğu halda, cavabdeh peşə və iş sahələrinin adlarında olan uyğunsuzluq bəhanəsi ilə əsassız olaraq iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Halbuki cavabdehə təqdim edilən iş yerlərinin arayışlarında zərərli əmək şəraitində işlədiyi dövrlərin siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilmişdir. Bu halda, cavabdeh iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və sairə) nəzərə almaqla müəyyən edə bilərdi. Yəni nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilir. Cavabdehə təqdim edilən iş yerindən verilmiş arayışlardan da iddiaçının məhz sadalanan siyahıda göstərilən peşələr və sahələr üzrə işlədiyi sübuta yetirilmişdir. Yuxarıda sadaladıqlarından göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtina edərək, güzəştli şərtlərlə pensiya təyin etməməsi qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən iddiaçı pozulmuş hüququnun bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2, 15.2, 24.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 7, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 34.1-ci maddəsinə istinad olunmuşdur.

17. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “8 yanvar 1963-cü il” sözləri “8 yanvar 2023-cü il” şəklində oxunmasını xahiş etmişdir. Ərizə məhkəmənin 19 fevral 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

18. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

20. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

21. Etirazın əsasları: İddiaçının təqdim etdiyi “Etilen-Polietilen” Zavodunun 17 mart 2023-cü il tarixli, 92 və 93 nömrəli arayışlarında 25 avqust 1988-ci il – 3 iyul 1989-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə X3 zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində NÖC və avtomatika sexində briqadir və 20 sentyabr 1993-cü il – 2 oktyabr 1995-ci il tarixləri arasındakı dövr ərzində NÖC və avtomatika sexində baş usta vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi briqadir və baş usta vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər, işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr vəzifələrinə uyğun deyil. Həmçinin iddiaçının “Etilen-Polietilen” Zavodunun 23 nömrəli arayışında 6 mart 2001-ci il – 7 sentyabr 2005-ci il tarixləri arasındakı dövr ərzində buxar generator kompeksində NÖÇ və avtomatika təmiri üzrə çilingər, "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli 25 nömrəli arayışında 30 dekabr 2012-ci il – 4 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər, "xxxx" MMC-nin 9 aprel 2024-cü il tarixli, 005 nömrəli arayışında isə 6 noyabr 2020-ci il tarixdən bugünədək quraşdırıcı çilingər vəzifələrində işlədiyi göstərilib. Göründüyü kimi, işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən qanunvericiliklə təsdiq edilmiş siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid deyil. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 11 gün (1 noyabr 1987-ci il – 25 avqust 1988-ci il, 3 iyul 1989-cu il – 20 sentyabr 1993-cü il, 2 oktyabr 1995-ci il – 2 aprel 1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilir ki, iddiaçının ümumi iş stajı 31 il 11 ay 26 gün (1 yanvar 2006-cı il tarixədək 17 il 5 ay 26 gün (11 noyabr 1981-ci il – 9 dekabr 1983-cü il, 4 iyun 1984-cü il – 27 iyul 1984cü il, 26 iyun 1985-ci il – 2 aprel 1996-cı il, 6 mart 2001-ci il – 5 sentyabr 2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 6 ay) təşkil edir.

22. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1640/2023, 2-1(102)-1030/2023, 2-1(102)- 669/2024, 2-1(102)-482/2024 nömrəli Qərarlarına, prosessual hüquqi əsası kimi İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§21) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

26. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

27. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

28. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, etirazın dəlilləri ilə razılaşmadığını, iddianın təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

30. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

31. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

32. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

34. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər

9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

M a d d ə 1. Əsas anlayışlar (-) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (-) M a d d ə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-)

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları

“4. Sosial sığorta stajının hesablanması

4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; …”

38. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası

İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

39. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarı

1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

40. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 10. Peşə təhsili müəssisəsi ... 10.7. Peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ...

42. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi:

43. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

44. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

46. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.

47. Hazırkı inzibati iş üzrə iddiaçı iddia edir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə hüquq verən peşələrdə və işlərdə 30 ilən çox çalışmışdır və hal-hazırda da işləyir. İddiaçının ümumi sığorta stajı 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən stajı da 12 il 6 aydan xeyli artıq olduğu halda, cavabdeh peşə və iş sahələrinin adlarında olan uyğunsuzluq bəhanəsi ilə əsassız olaraq iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Halbuki cavabdehə təqdim edilən iş yerlərinin arayışlarında zərərli əmək şəraitində işlədiyi dövrlərin siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilmişdir.

48. Cavabdehin etirazı ondan ibarətdir ki, iddiaçının güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 aydan az, 5 il 6 ay 11 gün təşkil edir. Beləliklə, iddiaçının ümumi iş stajının 25 ildən çox olması işin mübahisələndirilməyən halıdır.

49. İPM-in: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.

50. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).

51. Məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi müəssisəyə müvafiq sorğular göndərilmiş, müəyyən edilmişdir ki, 6 noyabr 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMCnin Qaynaq Quraşdırma zavodunun Quraşdırma sexinin Yük qaldırıcı avadanlıqlarının yığım sahəsində 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsində zərərli iş şəraitində çalışır.

52. Həmçinin, "xxxx" MMC-nin Maşınqayırma zavodunun Xüsusi təyinatlı maşın və mexanizmlərin istehsalı sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsində 30 dekabr 2012-ci il tarixdən 4 noyabr 2020-ci il tarixədək işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 2-ci fəslində müəyyən edilmiş “Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması” 2.3 bəndinin a-fəhlələr hissəsinin 63-cü sətrində müəyyən edilmiş metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları, 81-ci sətrində müəyyən edilmiş təmirçi çilingərlər vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İş stajı 7 il 10 ay 5 gün təşkil edir.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

54. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

56. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia əsaslı olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilməsi öhdəliyi cavabdehlərə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

57. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 8 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (14 aprel 2023-cü il) əvvəlki üç il üçün, yəni 14 aprel 2020-ci il tarixdən hesablayaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar