Məhkəmə qərarları › İş №2-1(118)-1897/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1897/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1897/2023 22.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Müşkür kəndində yerləşən mərhum atası X3 miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021ci il tarixli müraciəti əsasında hüququn qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə qeyd olunan yaşayış evinə və torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Müşkür kəndində yerləşən mərhum atası X3 miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli müraciətin əsasında hüququn qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə qeyd olunan yaşayış evinə və torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Müşkür kəndində yerləşən 0.33 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi iddiaçının mərhum atası X6 məxsus olmuşdur. Həmin evə hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh xx.xx.2021 -ci il tarixli **********78 saylı məktubla imtina cavabı vermişdir. Cavabdeh ona istinad etmişdir ki, JN 335 F nömrəli KOD 30219018 seriyalı “Torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.33 ha göstərilsə də, elektron məlumat bazasında olan xəritə üzərində və ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsindən təhvil alınmış şahadətnamələrin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsü 0,14 ha kimi göstərilmişdir. Torpaqın mülkiyyətə verilməsinə dair JN 335 F saylı, 30219018 saylı şəhadətnamədən görünür ki, torpaq sahəsinin ölçüsü 0,33 ha-dır. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İƏD-də nümayəndəsinin 22 oktyabr 2021-ci il tarixli 2205 saylı arayışından görünür ki, mərhum X5 adına olan Müşkür kəndi üçün nəzərdə tutulmuş 1 saylı təsərrüfatbaşına kitabın 156-cı səhifəsində 76 saylı təsərüffatda onun və ailəsinin adına 0,33 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Torpaq sahəsi 0,33 ha olmaqla, naturada mövcuddur və iddiaçının istifadəsindədir. Elektron məlumat bazasında və ləgv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsünün düzgün göstərilməməsinə görə şəhadətnamədə əksini tapmış və naturada mövcud olan 0,33 ha həyətyanı torpaq sahəsi üzərində qeydiyyata alınmasından imtina əsassız hesab edilməlidir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-445/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-683/2022 saylı, 0.12.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin hazırkı iş üzrə 16 avqust 2022-ci il tarixli, 2- 1(118)-445/2022 nömrəli qərarı ləğv edilmiş, İş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir : “iddiaçı həm ilkin, həm də dəqiqləşdirilmiş iddia tələbində torpaq sahəsi ilə yanaşı Xaçmaz rayonu Müşkür kəndində yerləşən fərdi yaşayış evi üzərində də hüququn daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasını xahiş etsə də müvafiq fərdi yaşayış evi ilə bağlı iddia ərizəsinə hər-hansı sənəd (evin texniki pasportu və s.) əlavə etməmişdir. ....... Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının dəqiqləşdirilmiş iddiası təmin olunsa da, iddiaçı apellyasiya şikayətində həmin dəqiqləşdirmənin onun hüquqi marağına uyğun olmaması və digər hallarla bağlı dəlillər irəli sürməklə iddiasının ilkin variantda təmin olunmasını xahiş etdiyindən kollegiya tərəfindən iddiaçının apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bununla belə kollegiya hesab edir ki, iddaçının apellyasiya şikayəti həm yuxarıda qeyd edilən səbəblərdən, həm də JN-335F saylı şəhadətnamə üzrə 0.33 ha torpaq sahəsi tək onun mərhum atası X5 deyil, eyni zamanda hazırda sağ olan və eyni zamanda mərhumun B.Quliyevin birinci növbə vərəsəsi olan X4 məxsus olduğundan iddianın ilkin variantında tam həcmdə (“miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması”) təmin edilməsinə dair yeni qərar qəbul edilməsi mümkün deyildir.” Məhkəmə, Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyini nəzərə almaqla iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Xaçmaz rayonu, Müşkür kəndində yerləşən mərhum atası X3 miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021ci il tarixli müraciəti əsasında hüququn qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə qeyd olunan yaşayış evinə və torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanaraq verilməsini istəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı Xaçmaz rayonu, Müşkür kəndində yerləşən mərhum atası X3 miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli müraciəti əsasında hüququn qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə qeyd olunan yaşayış evinə və torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanaraq verilməsini istəyir. Lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********78 saylı imtina məktubudan görünür ki, iddiaçının müraciəti mərhum X6 məxsus fərdi yaşayış evi ilə bağlı olmuşdur. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışıdr. İddiaçı bildirir ki, atası rəhmətə getmişdir, anası isə sağdır. Ailə üzvləri arasında vərəsəliklə bağlı hər hansı bir mübahisə yoxdur. İddiaçı yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət sənədi almaq niyyətindədir. Hesab edir ki, əsas problem torpaq sahəsinin sənəddə 0.33 ha olmasına baxmayaraq cavabdehin həmin sahənin 0.14 ha hissəsini qəbul etməsidir. İddiaçıya izah edilmişdir ki, inzibati məhkəmə icraatında məhkəmədə qaldırılan iddia ilə ilkin olaraq inzibati orqana müraciət edilməlidir. İnzibati orqanın imtinasından görsənir ki, inzibati orqan tərəfindən fərdi yaşayış evi ilə bağlı müraciətə cavab verilmişdir. İddiaçı isə həm yaşayış evinin həmdə torpaq sahəsinin vahid əmlak kimi mülkiyyət hüququ ilə qeydə alınmasını istəyir. Göründüyü kimi hazırkı iddia tələbi ilə bağlı inzibati orqana müraciət olunması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bu hal iddianın mümkünsüz edən hal kimi qiymətləndirilməlidir. Bundan başqa mülkiyyət hüququnun kimi adına qeyd edilməsi tələbidə qeyri müəyyəndir. İddiaçının ailə üzvləri arasında mübahisə olmamasınıda nəzərə alında onun yekun iradəsi həm yaşayış evinin, həmdə torpaq sahəsinin mülkiyyət hüququnun öz adına qeydə alınmasından ibarətdir. Lakin evə aid texniki sənədlərin olmaması və torpaq sahəsinin də paylı mülkiyyət hüququ ilə iddiaçının atasına və anasına aid olması və atasınında vəfat etməsi fərqli formada tələblər irəli sürməsi imkanı yaradır. İddiaçıya tövsiyyə edilmişdir ki, evə aid sənədlər olmadığı, lakin torpaq sahəsinin mülkiyət sənədi olduğu üçün, ilkin olaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqnun qeydə alınması ilə bağlı müraciət edilə bilər. Bu halda iddiaçının anası yaşadığı üçün, həmin şəsxin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı inzibati orqana müraciət edilə bilər. Bu halda iddiaçı etibarnamə ilə anasını məhkəmədə təmsil edə bilər. İddiaçının anasının bu hüququ qeydə alınarsa, atasının paylı mülkiyyətçi kimi torpaq sahəsi üzərində hüququ özözlüyündə qeydə alınmış olacaqdır. Bundan sonra isə vərəsəlik qaydasında digər məsələlərin həll edilməsi asanlaşmış olar. İddiaçı hazırda torpaq sahəsi üzərindədə hüquqların qeyd alınmasını istəyir, halbu ki, torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçının anasının mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının anası sağ olduğuna görə torpaq sahəsinin həmin hissəsi ilə bağlı tələblər ancaq həmin şəxsin özü tərəfindən irəli sürülə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, ailə olaraq əldə etmək istədikləri nəticəyə uyğun olaraq, iddiaçının anası torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını inzibati orqandan tələb edə bilər. Bu halda iddiaçının etibarnəmə ilə anasını təmsil etmək hüququ vardır və eyni zamanda bu halda torpaq sahəsi üzərində digər payçı olan atasınında hüquqları qeydə alınmış olacaqdır. Bu iddianın uğurluluq etimalı və prosessual qənaət baxımından da əlverişli hesab edilə bilər. İddiaçı tərəfindən onun atasının hüquqları ilə bağlı ancaq paylı hüquq olan ½ hissə ilə bağlı tələblər irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, yaşayış evi ilə bağlı zəruri sənədlər olmadan, bununla bağlı iddiaların uğurluluq ehtimalı yüksək görsənmir. İddiaçıaya izah edilsin ki, hər bir halda hansı tələblə məhkəməyə müraciət edəcəksə, ilkin olaraq həmin tələblə inzibati orqana müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar