Məhkəmə qərarları › İş №2-1(118)-1898/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1898/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1898/2024 03.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün birdəfəlik qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün birdəfəlik qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 1993-cü ildə ilkin olaraq ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, xx.xx.2018-ci il tarixdən hərbiçi kimi ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin bu zaman ona əvvəlki müddət üçün əlilliyə görə aldığı pensiya ilə hərbi qulluqçu kimi aldığı pensiya arasında olan fərq ödənilməmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün əlilliyə görə aldığı əmək pensiyası ilə hərbi qulluqçu kimi ona xx.xx.2018-ci il tarixdən təyin olunmuş pensiya arasından fərqin hesablanaraq ona ödənilməsinə göstəriş verilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəm vasitəsilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. Müraciətimin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə cavabdeh orqana müraciət edərək ona 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək təyin edilmiş pensiyanın fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********4 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-239754/2023 nömrəli məktublarında iddiaçıya fərq məbləğinin ödənilməsi üçün hər hansı faktiki və hüquqi əsasın olmadığı, eləcə də etibarsız sayılmış əlilliyin olması səbəbiylə artıqödəmənin yarandığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı 12 fevral 2018-ci il tarixdə Mərkəzi Filiala hərbi quluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Cavabdeh orqanın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin 13 fevral 2018-ci il tarixli 35/44 nömrəli məktubunda iddiaçıya əlilliyə görə 225,63 manat pensiyanın xx.xx.2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 31 yanvar 2018-ci il tarixli MN-09924 nömrəli məlumat vərəqinə uyğun olaraq, cavabdeh orqan tərəfindən 1 fevral 2018-ci il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmiş və müraciət edilən tarixdən (12 fevral 2018-ci il) keçmiş üç il müddət üçün hesablanaraq 7858,08 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 7858,08 manat pul vəsaitinin 5020,44 manat hissəsi xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunaraq iddiaçıya ödənilmişdir. Müvafiq yoxlama zamanı iddiaçıya verilmiş əlilliyə dair müayinə sənədlərinin qanunvericiliyin tələblərinə uyğun gəlməməsi səbəbindən əlillik etibarsız hesab edilərək əmək pensiyasının dayandırılması cavabdeh orqana tapşırılmışdır. Bununla əlaqədar iddiaçıya pensiya ödənişi 1 iyul 2020-ci il tarixdən cavabdeh orqan tərəfindən dayandırılmışdır. Əlilliyin etibarsız edilməsi ilə əlaqədar iddiaçıya xx.xx.2018xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19811,44 manat artıq pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlillik xx.xx.2020-ci il tarixdən təyin olunmuşdur. Bu səbəbdən də iddiaçının əmək pensiyası 2022-ci ilin mart ayında İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi- 472,80 manat (hazırda maddi yardım və indeksləşdirmə məbləği ilə birlikdə 596,53 manat) məbləğində bərpa edilmiş, eyni zamanda 16 oktyabr 2020-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməli olan 7808,82 manat pensiya məbləği müəyyən edilmişdir. İddiaçıya artıq ödənilmiş 19811,44 manat pul vəsaitindən iddiaçıya ödənilməli olan 7808,82 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilmiş, qalıq borc məbləği 12002,62 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bu səbəbdən də, iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 12002,62 manatdan 9856,92 manata azaldılmışdır. Bununla yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasından tutulmuş vəsaitin iddiaçıya ödənilməsi və tutulmanın ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2-1(118)-998/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bu səbəbdən də sözügedən qərarda qeyd edilən 7808,82 manat pul vəsaiti cari ilin avqust ayından etibarən hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməkdədir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2 və 11,3-cü maddələrində qeyd edilmişdir ki: 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. 20.16. Bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—55 faizi şəklində hesablanır. Müvafiq Qanunun 39.1-ci maddəsinin əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün ödənilməmiş pensiyalar arası fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən faktiki və normativ əsaslardan aydın olur ki, iddiaçıya həmin fərq məbləğinin cavabdeh orqan tərəfindən ödənilməsi hal-hazırda mümkün deyildir. Belə ki, iddiaçının müvafiq dövrdə olan əlilliyi etibarsız sayılmışdır. Buna uyğun olaraq həmin dövrə münasibətdə fərq məbləğinin ödənilməsi qeyri-qanunidir. İddiaçı həmin dövrə münasibətdə pensiyanın fərq məbləğinin ödənilməsi üçün o dövrdəki əlilliyinin etibarlı olduğunu sübuta yetirməlidir. Cavabdeh orqan hazırda həmin əlilliyin etibarsız olduğunu ona uyğun olaraq artıqödəmənin yarandığını sübuta yetirmişdir. Qeyd edək ki, iddiaçının razılığı alınmadığından həmin artıq ödənilmiş məbləğ pensiyadan tutulmur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AA ******* saylı şəxsiyyət vəsiqəsinin surəti; iddiaçının cavabdeh orqana ünvanladığı 07 sentyabr 2023cü il tarixli ərizə və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İnzibati iş materiallarında olan 11 avqust 2023-cü il tarixli poçt göndərişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına həmin tarixdə müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş 35 (otuz beş) gün müddətində cavab verilməmiş və iddiaçı 24 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 39.1-ci maddəsin əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətindən 35 gün keçməsinə baxmayaraq cavab verilmədiyindən, məhkəməyə müraciət etmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-998/2023 saylı, 06 iyun 2023-cü il tarixli qərarı ilə İddiaçı əmək pensiyasından artıq ödənilmiş pensiya məbləği kimi tutulmuş 7808.83 manat pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulması qərara alınmışdır. İddiaçı daha sonra cavabdeh orqana ərizə ilə müraciət edərək, xx.xx.2006-cı il tarixindən hal-hazırki vaxtadək olan müddət üçün əlilliyə görə aldığı əmək pensiyası ilə hərbi qulluqçu kimi ona xx.xx.2018ci il tarixindən təyin olunmuş pensiya arasında yaranmış fərqin hesablanaraq ona ödənilməsini xahiş etsə də, cavabdeh orqan tərəfindən onun müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətsizliyi onun imtinası kimi qiymətləndirilməlidir və onun iddiaçının müraciətindən imtinası əsassız olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Qanunun 37.7-ci maddəsinin xx.xx.2017-ci il tarixinə qədər olan redaksiyasına əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunun 37.7-ci maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvəyə minmiş redaksiyasına əsasən əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Yuxarıda sadalanan iş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı 12 fevral 2018-ci il tarixində cavabdeh orqana müraciət edərək, ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MN-09924 nömrəli məlumat vərəqəsinə əsasən cavabdehin qərarına əsasən hərbi qulluqçu kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və yaranmış 7858,08 manat fərqin 5020,44 manat hissəsi xx.xx.2018xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə hissə-hissə iddiaçıya ödənilmişdir. Göründüyü kimi iddiaçının pensiya hüququ 1993-cü il tarixində yarandığından, hazırki mübahisə onun hüququ yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll olunmalıdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 49-cu maddəsində qeyd edilmişdir ki, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qey edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu onu göstərməyi zəruri hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir.” “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün birdəfəlik qaydada hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün birdəfəlik qaydada hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar