Məhkəmə qərarları › İş №2-1(118)-1899/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1899/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1899/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğini Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğini Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı xx xxxxxx 1965-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Sumqayıt Kimya texnalogiya texnikumuna daxil olmuşdur. Sovet ordusu sıralarında (xx.xx.1984)-cü ildən (xx.xx.1986-ci ilə qədər) qulluq etmişdir. Hərbi xidmətdən sonra təhsilini davam etdirərək 30 aprel 1988ci ildə “Kimya və neft-qaz emalı zaavdounun avadanlığı” üzrə mexanik ixtisası diplomunu almışdır. İlk dəfə istehsalat təcrübəsini Sumqayıt “Sintez-Kauçuk” zavodunda almış, (xx.xx.1987-ci ildən xx.xx.1987-ci İlə kimi) 2 ay 14 gün sonra Mineral kübrələr nazirliyinin göndərişi ilə xx.xx.1988-ci ildə Sumqayıt Superfosfat zavodunun ən ağır və zərərli “Sulfat turşusu” sexinə təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir. (Əmr-463K xx.xx.1988-ci il). Həmin gündən 18 iyul 1988-ci ildən 28 yanvar 2011-ci ilə qədər X10 müxtəlif vəzifələrdə, o cümlədən təmirçi-çilingər, elektrik-mantyoru, usta, böyük usta, aparatçı və s. vəzifələrində çalışmışdır. Yuxarıda qeyd etdiyi kimi ən ağır və zərərli işlərdə işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Lakin, cavabdeh inzibati rəsmi müraciətini təmin etməmiş, imtina etmişdir. Bununla da 52 yaşı tamam olduğu 2017-ci ildən zavod rəhbərliyi tərəfindən hüququnun pozulduğu halda indi isə DSMFXŞ Mərkəzi Filialı hüququnu pozaraq əmək pensiyası almağından məhrum etmişdirlər. Zavod 2001-ci ildən Sumqayıt “ASC”-nə çevrilib. Rəhbərlikdə olan X3 və kadrlar şöbəsinin rəisi Kərimov Vaqif Ş. oğluna dəfələrlə müaciət etməyinə baxmayaraq, istehsalat arayışı verməmişdirlər. Hər dəfə bir bəhanə gətirərək süründürməçiliklə get-gələ salırdılar. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/20-142886/2024 saylı imtina məktubundan aydın olur ki, Mərkəzi Filialın “mütəxəssisləri” misli görünməmiş bir saxtakarlıqla həmin məktubu hazırlayıblar. Ən dəhşətlisi budur ki, guya iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2005-ci ilə qədər heç zavodda işləməmişdir. Bu dövr ərzində işləməyinə əsaslı şübhələr yaranıb,yazılan əmək kitabçası da saxtadır. Onda belə çıxır ki, 4500 nəfər işçisi olan Sumqayıt Superfosfat zavodu da yəqin ki olmayıb. Sonra qeyd edirlər ki, xx.xx.2006-ci ildən xx.xx.2011-ci ilə qədər, 5 il 27 gün fərdi hesabının sığorta hissəsi öz əksini tapmayıb, yalnız 4 ayı ödənilib. Bununla əlaqədar birdirir ki, 1988-ci ildən 2006-ci ilə kimi (qanunda yazıldığı kimi) düz 18 il zərərli iş stajı vardır. 2 ay yarım Sintez-Kauçuk zavodundakı stajını, 2 il hərbi stajını, 2 il texnikum təhsilini də nəzərə alsaq, 22 il, 2 ay, 14 gün təmiz ümumi iş staiı vardır. 2006-cİ ildən sonra sığorta kapitalına ehtiyac yoxdur. 20 il ümumi iş stajını 2006-ci ilə qədər toplamışdır. Sığortanın ödənilməsi isə ona aid deyil. Onlar bütün sənətləri qatıb-qarışdırıblar .Hərbi xidmət stajını və 2 ay yarımlıq praktikanı hesablayırlar. Ancaq, faktiki iş stajını hesablamırlar. Bu hansı qanuna sığır? Təkcə zavodda isə ümumi 22 il 8 ay 14 gün can qoymuşam.Döğum tarixim xx.xx.1965-ci il olmaqla 52 yaşım xx.xx.2017-ci İldə tamam olmuşdur.Artıq 7 ildir mənim əmək stajıma görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququm məmur özbaşınalığı səbəbindən pozulmuşdur.İndiki rəhbərlik mənə qanuni, düzgün sənəd verib,iş fəaliyyətimdə də heç bir qüsur yoxdursa nəyə görə mənə yalandan saxta bir arayış,akt hazırlayıb məni pensiyaya çıxmaq hüququmdan məhrum edirlər.Bu absuddur. Qeyd edirlər ki, bu fakt Sumqayıt Superfosfat ASC tərəfindən 30 may 2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Buna görə də, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü sizin iş stajınıza daxil etmək mümkün deyil.Sonra yazır ki, sizin iş stajınız 01.01,2006-cı ilə qədər 20 ildən az (yəni 2 il 3 ay 2gün),( 1984-1986- cı) illəri təşkil edir,güzəştli iş stajınız isə yoxdur.Büna görədə sizə güzəştli şərtlərlə əmək, pensiyanın təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Hörmətli hakim! Onlar özləri də bilmirlər nə yazırlar, ağ yalanları yazıb, bəhanələr gətiril1ər,45 sayli arxiv arayışı isə mənim iş təcrübəmin tarixidir.Hansı saxta aktdan söhbət gedir baş açmaq olmur?Sual olunur bəs mənim kislatanın içərisində illərlə can qoyduğum günlər hara getdi?Yığı!an sığortalar da mənim öz halal əmək haqqımdan tutulub, indiyə qədər hökümət tərəfindən istifadə olunur.İndi isə mənim ağır peşə xəstəliyinə düşdüyüm ahd vaxtımda, iş qabilliyətimi itirdiyim vaxtımda mənə pensiya lazımdır.Dövlət orqanları mənə qarşı böyük haksızlıqlar törədiblər. Yuxarıda qeyd etdiyim zərərli və ümumi iş stajım əsasən əmək kitabçamda qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda onun ümumi və güzəştli iş stajının qanunvericiliklə tələb olunan müddətdən az olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Belə ki, İddiaçı Mərkəzi filiala təqdim etdiyi sənədlərə istinadən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. Məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 1 nömrəli siyahı üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) ümumi iş stajının 20 il olması; 2) güzəştli iş stajının 10 il olması; Aşağıda göstərilən əsaslara görə iddiaçının güzəştli iş stajı Qanunda göstərilmiş şərtləri ödəmir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 45 nömrəli arayışında xx.xx.1988-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində təmirçi-çilingər, elektrik-montyoru, usta və aparatçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı iş stajına dair məlumatların araşdırılması zamanı, xx.xx.2006-xx.xx.2011- ci il tarixləri arasındakı dövr üzrə (5 il 27 gün) ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının yalnız 4 ayının ödənişlərinin fərdi hesabın sığorta hissəsində öz əksini tapdığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1988- 31,12.2005-ci il tarixləri arasındakı dövr ərzində də iddiaçının işləməsinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövrə dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, İddiaçı dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı müəyyən olunmuşdur. Bu fakt "xxxx" ASC tərəfindən 30 may 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, xx.xx.1988-31,12.2005-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 20 ildən az (2 il 3 ay 2 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.4987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Belə ki, iddiaçının işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən "xxxx" ASC-nin arxivində mühafizə olunan sənədlərə əsasən İddiaçı işləməsinə dair yanlız xx.xx.1988- ci il tarixli 463 nömrəli işə daxil olma barədə əmr aşkar edilmişdir. Güzəştli iş stajına dair verilmiş arayışın isə əmək kitabçası əsasında verildiyi müəyyən olunmuşdur. Belə ki, hər hansı müəssisə tərəfindən həmin müəssisədə işləmiş işçiyə dair arayışın işçi tərəfindən təqdim olunan əmək kitabçasına əsasən verilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz. Əlavə olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək olan sığorta stajına bütün dövrlərin daxil ediləcəyi təqdirdə belə, tələb olunan 20 il müddət tamamlanmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt Superfosfat ASC-nin xx.xx.2024-cü il tarixli, 44 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li qərarı ilə təsdiq edilmiş 1 №li siyahının Vİİİ bölməsinin 1 №li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq KOD 1080A010 Sumqayıt Superfosfat zavodunun 03/240 saylı X10 zərərli şəraitdə müxtəlif peşə sahələrində işləmişdir. Sumqayıt Superfosfat ASC-nin 07 may 2024-cü il tarixli 45 saylı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt Superfosfat zavodunda 19 iyul 1988-ci il tarixdən (463-k nömrəli 18 İyul 1988-ci il tarixli işə qəbul Əmri) 28 yanvar 2011-ci il tarixinə kimi 03/240 saylı Sulfat Turşusu sexinində müxtəlif vəzifələrdə (27 Yanvar 2011-ci il tarixli 08-k nömrəli işdən çıxma Əmri- Azərbaycan Respublikası ƏM-nin 69-ctı maddəsinin 3-cü hissəsi) işləmişdir.

1. xx.xx.1988-ci il-03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) 4 - cü dərəcəli Təmirçi -çilingər vəzivəsinə işə qəbul edilmişdir. Əmr -463 к xx.xx.1988-ci il

2. xx.xx.1990-cı il-03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli Təmirçiçilingər ixtisası verilmişdir .Əmr -641 к xx.xx.1990-cı il

3. xx.xx.1990-cı il-03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) İkinci ixtisas kimi 4-cü dərəcəli Elektrik-mantyoru vəzifəsi verilmişdir. Əmr -1274 к xx.xx.1990-cı il

4. xx.xx.1992-ci il-03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli Təmirçiçilingər işinə keçirilmişdir . Əmr -163 к xx.xx.1992-ci il

5. xx.xx.1992-ci il-03/240 nömrəli X10 (SKS) avadanlıqların təmiri üzrə usta vəzifəsinə keçirilmişdir. Əmr -456 к xx.xx.1992-ci il

6. xx.xx.1996-cı il -Zavod üzrə verilmiş xx.xx.1996-cı il tarixli 58 saylı əmrə əsasən Struktur dəyişiklikləri ilə əlaqədar 03/240 nömrəli X10 (SKS) avadanlıqların təmiri üzrə usta vəzifəsinə keçirilsin. Əmr -201 к xx.xx.1996-cı il

7. xx.xx.1996-cı il -Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərikimya D/Ş xx.xx.1996-cı il tarixli 60 saylı qərarına əsasən vahid tarif 64 saylı dərəcələrinə müvafiq olaraq,03/240 nömrəli X10 avadanlıqların təmiri üzrə usta vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı il tarixli Əmri, Əmr -358k xx.xx.1996-cı il

8. xx.xx.1996-cı il-03/240 nömrəli X10 (SKS) avadanlıqların təmiri üzrə böyük usta vəzifəsinə keçirilmişdir. Əmr -538 к xx.xx.1996-cı il

9. xx.xx.2001-ci il-03/240 nömrəli X10 (SKS) məhsulların yarımfabrikatların hazırlanması və buxarlanması üzrə 7-ci dərəcəli aparatçı vəzifəsinə keçirilmişdir. Əmr -177 к xx.xx.2001-ci il

10. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 241 saylı Sərəncamına əsasən Sumqayıt Superfosfat zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

11. xx.xx.2002-ci il 03/240 nömrəli Sulfat turşusu sexinin (SKS) Absorbsiya suyunun dövr edilməsi və turşu anbarı şöbəsinə məhsulların yarımfabrikatların hazırlanması və buxarlanması üzrə 7-ci dərəcəli aparatçı vəzifəsinə keçirilmişdir. Əmr-201 к xx.xx.2002-ci il

12. xx.xx.2008-ci il- müəssisə üzrə verilmiş xx.xx.2008-ci il tarixli 62 saylı əmrqərara əsasən Yeni tarif cədvəlinə çevrilməsi ilə əlaqədar 03/240 nömrəli Sulfat turşusu sexinə (SKS) 5-ci dərəcəli aparatçı vəzifəsinə keçirilmişdir. Əmr-60 к xx.xx.2008- ci il

13. xx.xx.2011-ci il - Azərb.Resp.ƏM-nin 69 -cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir . Əmr-08 к xx.xx.2011- ci il Qeyd : 1. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti yaradılaraq, Sumqayıt Superfosfat zavodu həmin Şirkətin tərkibinə daxil edilmişdir.

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 241 nömrəli 27 noyabr 2001-ci il tarixli sərəncamına əsasən Sumqayıt Superfosfat zavodu Sumqayıt Superfosfat Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçının hərbi biletinin, diplomunun surətləri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 02 oktyabr 2024-cü il tarixli 250 saylı arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1983-cü il tarixli 93-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin azərbaycan bölməsinə tam orta (10-illik) təhsil bazasından “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-101) daxil olmuşdur. Həqiqi hərbi xidmətə çağırıldığı üçün xx.xx.1984-cü il tarixli 51ст nömrəli əmrlə akademik məzuniyyət verilmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.1986-cı il tarixli 138-ct nömrəli əmrlə Sumqayıt Kimya-Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-125) bərpa edilmişdir. xx.xx.1988-ci il tarixli 108-ct nömrəli əmrlə həmin ixtisas üzrə Sumqayıt Kimya- Texnologiya Texnikumunu bitirmişdir. İddiaçı MT-İ seriyalı 281194 nömrəli diplom almışdır. (qeyd.No 1810) Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt Superfosfat Açıq Səhmdar Cəmiyyətinin 27 yanvar 2025-ci il tarixli 06 saylı məktubunda qeyd edilmişdir ki, müəssisənin keçmiş işçisi İddiaçı həqiqətən 19 iyul 1988-ci il tarixdən 28 yanvar 2011-ci ilə kimi Sumqayıt Superfofat zavodunda xüsusi ilə zərərli və ağır sexlərdə müxtəlif vəzifələrdə işləmişdir. O cümlədən, 19 iyul 1988-ci il tarixdən 28 yanvar 2011-ci il tarixinə kimi Sumqayıt Superfosfat zavodunun 03/240 saylı xüsusi ilə zərərli olan X10 (STS) Aparat və Texnoloji Avadanlıqları üzrə müxtəlif dövrlərdə 4-cü və 5-ci dərəcəli təmirçi-çilingər, 4-cü dərəcəli elektrik-çilingəri, usta və Böyük usta, məhsulların yarımfabrikatlarının hazırlanması və buraxılması üzrə 7-ci dərəcəli aparatçı vəzifələrində zərərli iş şəraitində işləmişdir. Zavodun o dövrlərdə yalnız kimyəvi məhsullar istehsal edərək, Keçmiş SSRİ-nin bütün Respublikalarına yəni, Kənd Təsərrüfatlarında və digər sahələrində istifadə etmək üçün Dənəvər Superfosfat, Sadə Superfosfat üyüdülmüş toz şəklində) kübrələri, Sulfat Turşusu, Oleum.Ftor-Alminium kimi zəhərli, eləcə də insan orqanizminə bilavasitə tam zərərli olan kimyəvi məhsullar istehsal edirdi. Elə bu səbəbdən də həmin sexlərdə çalışan işçilər müəyyən müddətdən sonra, yaş həddinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 № -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olurlar (Kod : 1080A010- 17541,1080A010) və 2№ -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olanlar (Kod : 2110A00) pensiyaya çıxırlar. Müəssisənin keçmiş işçisi olan İddiaçı illər üzrə əmək haqqı cədvəlləri ilə və eləcə də işə qəbul və işdən çıxma əmrləri haqqında çətinliklə də olsa əldə etdikləri sənədlərin surətlərini məktuba əlavə etmişdirlər. 2018-ci ilin oktyabr ayından etibarən və eləcə də 2019-cu ilin sonuna kimi Zavodun köhnə və istismar müddətini bitirmiş sexlərində demontaj işləri aparıldığından və eyni zamanda zavodun inzibati binalarında, eləcə də xüsusən Arxiv yerləşən binada əsaslı təmir içləri aparıldığından, orada çalışan işçilərin səhlənkarlığı nəticəsində bütün mühasibat sənədlərinin, kadrlar üzrə sənədlərin və eləcə də digər sənədlərin yerləşdiyi Arxiv otağın dağıdılması səbəbindən, bu günkü gündə bəzən lazım olan və tələb olunan sənədlərin vaxtlı- vaxtında tapılması üçün qarşımızda müəyyən çətinliklər yaranmışdır.Bununla bağlı 25 Avqust 2019-cu il tarixli Akt tərtib edilmişdir. Bu isə bəzən keçmiş işçilərə lazım olan sənədlərin vaxtlı-vaxtında hazırlanıb verilməməsində haqlı olaraq, narazılıqlara səbəb olur. Sumqayıt Superfosfat Açıq Səhmdar Cəmiyyətinin 27 yanvar 2025-ci il tarixli əmək haqqı və digər gəlirlər barədə arayışları məhkəməyə təqdim edilmişdir. 25 avqust 2019-cu il tarixli 01 saylı Aktda qeyd edilmişdir: “Biz aşağıda imza edənlər: "xxxx" ASC-nin Baş mühasibi X6, Baş enetgetiki-Elektrik və Enerji sexinin rəisi X1,Elektrik sexinin elektriki X7,Kadrlar şöbəsinin rəisi X8 və Elektrik sexinin elektriki X4 iştirakı ilə bu aktı yazaraq,öz imzamızla təsdiq edirik ki,həqiqətən 2019-cu uiin Avqust ayında zavodun 53-cü korpusunda əsaslı təmir işləinin aparılması məqsədi ilə işlərin görülməsi zamanı ustaların səhlənkarlığı nəticəsində Zavod Arxivi olan otağın dağılması səbəbindən Kadrlar şöbəsinə və Mühasibatlığa aid (illəri məlum olmayan) müxtəlif bəzi Arxiv kitablarlnın(Əmr kitabları,T-2 kitabları,Əmək haqqı kitabları və s.) müəyyən hisssələri dağıntı altında qaldığını və toplanmış zibillə birlikdə daşınaraq.zibilxanaya atılmasını müəyyən etdik. Qeyd:Komissiya üzvləri belə qənaətə gəlir ki,gələcəkdə lazım olan sənədlərin araşdırılması zamanı, hər-hansı illərə aid sənədlərin olmaması və yaxud tapılmaması müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər.” Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 24 yanvar 2025-ci il tarixli 3-17-1/2- 16751/2025 saylı məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEİS) qeydiyyata alınmış İddiaçı 2007-ci ilin may - iyul və sentyabr ayları üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilmişdir. MEİS-də qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabında 2006-2011-ci illər (2007-ci ilin may-iyul və sentyabr ayları istisna olmaqla) üzrə məlumat aşkar edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. İnzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt Filialının 05 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Superfosfat zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumatların verilməsi mümkün olmamışdır.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 45 nömrəli arayışında xx.xx.1988-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində təmirçi-çilingər, elektrik-montyoru, usta və aparatçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı iş stajına dair məlumatların araşdırılması zamanı, xx.xx.2006-xx.xx.2011- ci il tarixləri arasındakı dövr üzrə (5 il 27 gün) ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının yalnız 4 ayının ödənişlərinin fərdi hesabın sığorta hissəsində öz əksini tapdığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində də iddiaçının işləməsinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövrə dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, İddiaçı dair verilmiş arayışın əmək kitabçasına əsasən yazıldığı müəyyən olunmuşdur. Bu fakt "xxxx" ASC tərəfindən 30 may 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 20 ildən az (2 il 3 ay 2 gün (xx.xx.1984xx.xx.1986-cı il, xx.xx.4987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Məhkəmə araşdırması zamanı əldə edilmiş yeni sübutlara münasibətdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti yenidən araşdırılmış, xx.xx.2025-ci il tarixli, 3- 17-1/3-1-40204/2025 saylı xidməti məktubda təqdim edilən sənədlərə qeyd edilən məlumatlara əsasən iddiaçının ümumi iş stajı 13 il 7 ay 28 gün (xx.xx.2006-cı il tarixinədək 12 il 1 ay 28 gün (xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 6 ay) güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 6 ay (xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin yaranması əsasını iddiaçının ümumi və güzəştli iş stajının tamamlanmaması təşkil edir. Cavabdeh tərəfindən ilkin olaraq xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər nəzərə alınmamış, məhkəmə araşdırması zamanı isə, cavabdeh tərəfindən xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər həm ümumi, həm güzəştli iş stajı kimi qəbul edilərək, yerdə qalan digər dövrlər nəzərə alınmamış, əsas kimi xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr üzrə (5 il 27 gün) ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının yalnız 4 ayının ödənişlərinin fərdi hesabın sığorta hissəsində öz əksini tapdığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həqiqətən 19 iyul 1988-ci il tarixdən 28 yanvar 2011-ci ilə kimi Sumqayıt Superfofat zavodunda xüsusi ilə zərərli və ağır sexlərdə müxtəlif vəzifələrdə iləmişdir. O cümlədən, 19 iyul 1988-ci il tarixdən 28 yanvar 2011-ci il tarixinə kimi Sumqayıt Superfosfat zavodunun 03/240 saylı xüsusi ilə zərərli olan X10 (STS) Aparat və Texnoloji Avadanlıqları üzrə müxtəlif dövrlərdə 4-cü və 5-ci dərəcəli təmirçi-çilingər, 4-cü dərəcəli elektrik-çilingəri, usta və Böyük usta, məhsulların yarımfabrikatlarının hazırlanması və buraxılması üzrə 7-ci dərəcəli aparatçı vəzifələrində zərərli iş şəraitində işləmişdir. Həmin sexlərdə çalışan işçilər müəyyən müddətdən sonra, yaş həddinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 № -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olurlar(Kod : 1080A010- 17541,1080A010) və 2№ -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olanlar (Kod : 2110A00) pensiyaya çıxırlar. Cavabdeh imtinasında iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək ödənilməli olan məcburi dövlət sığota haqqlarının yalnız 4 ayının ödənişlərinin fərdi hesabın sığorta hissəsində öz əksini tapdığının müəyyən edilməsinə əsaslansa da, ümumiyyətlə bu hal iddiaçıya əvvəlki dövrləri sığorta stajına daxil edilməməsi üçün əsas vermir. Çünki, əgər cavabdeh həmin dövrləri mübahisələndirirsə və həmin dövrlərdə məcburi sosial sığorta haqlarının ödənilmədiyini əsas götürürsə, o, məhz həmin dövrün sığorta stajına daxil edilməsindən imtina edə bilərdi. Bu halın əvvəlki dövrə münasibətdə şamil olunması isə hər bir halda formal imtina əsası kimi qiymətləndirilir. İddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. İddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Həmçinin məhkəmə sorğusu nəticəsində Sumqayıt Superfosfat Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlərə dair əmək haqqı və digər gəlirlər barədə cədvəldən çıxarışlar təqdim edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-40204/2025 saylı xidməti məktubunda həmin dövrlər ümumi və xüsusi iş stajı kimi nəzərə alınmışdır. Əmək haqqı cədvəli təqdim edilməmiş dövrlərlə bağlı məhkəmə qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin qorunub saxlanılmaması (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Beləliklə, iddiaçının ümumi iş stajı: xx.xx.1983-xx.xx.1984-cü il (təhsil dövrü); xx.xx.1984-xx.xx.1986-ci il (hərbi xidmət dövrü); xx.xx.1986-xx.xx.1988-ci il (təhsil dövrü); xx.xx.1988-xx.xx.2005-ci il tarixləri – cəmi 22 il 15 gün (xx.xx.1987-xx.xx.1987-ci illərdəki əmək fəaliyyəti təhsil dövrü ilə əhatə olunur) xüsusi iş stajı xx.xx.1988-xx.xx.2005-ci il tarixləri, cəmi – 17 il 5 ay 13 gün təşkil edir. Göründüyü kimi mübahisəli dövrlər nəzərə alındığı zaman iddiaçının 20 il ümumi, 10 il güzəştli iş stajı yaranmış olur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı” üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li qərarı ilə təsdiq edilmiş 1 №li siyahının Vİİİ bölməsinin 1 №li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq KOD 1080A010 Sumqayıt Superfosfat zavodunun 03/240 saylı X10 zərərli şəraitdə müxtəlif peşə sahələrində işləmişdir. Belə ki, “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndi tətbiq olunduğundan onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. Beləliklə, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının cavabdeh orqana ilkin müraciləti 13 may 2024-cü ildə olmuşdur. Bu halda məhkəmə hesab edir ki, iddiaçının 13 may 2021-ci il tarixdən ödənilməmiş əmək pensiyası Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğinin Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar