Məhkəmə qərarları › İş №2-1(118)-19/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-19/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-19/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı Abşeron rayon Masazır kənd üzrə İcra Hakimiyyəti nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamı ilə ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh inzibati orqanı tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, torpaq sahəsi iddiaçıya səlahiyyətsiz şəxs - Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır Kəndi üzrə İcra Nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamı ilə ayrılmışdır. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra Nümayəndəliyinin 06 avqust 1996-ci il tarixli 28 nömrəli sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Masazır bələdiyyəsinin verqurulusu planından çıxarışının müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmədiyi aşkar edilmişdir. Bundan başqa baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin bir hissəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda yararsız ərazi kimi qeydə alınan torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əlavə edilmiş Abşeron rayon İH Masazır kəndi üzrə nümayəndəliyinin 28 nömrəli 06 avqust 1996cı il tarixli sərəncamından görünür ki, Xırdalan südçülük–tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 nömrəli məktubuna əsaslanaraq İddiaçı fərdi ev tikintisi üçün 0.1 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. -Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 035 nömrəli rəyindən görünür ki, Masazır bələdiyyəsinin müraciət məktubu əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0.0990 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir. Vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndiskommunikasiya xəttinin olmadığı aşkar edilmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamənin 10-cu maddəsinin tələbinə uyğun olaraq təqdim olunmuş yerquruluşu planına əsasən sahəsi 0.0990 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsinə aşağıdakı şərtlər daxilində etiraz edilmir. -Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki,həmin sənəd İddiaçı ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli H465 saylı cavab məktubundan görünür ki, Abşeron rayon İHB Masazır kəndi üzrə icra nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamında İddiaçı adı aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hazırda iddiaçı X1 istifadəsində olan 0,0995 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən təqdim edilmiş yerquruluşu planından çıxarışda göstərilən koordinatlar mübahisəli torpağın yerində olan koordinatları ilə uyğunluq təşkil edir (sxemdə göstərilmişdir). ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdeh inzibati orqan verdiyi imtina cavabını üç dəlillə əsaslandırmışdır: 1)iddiaçıya torpaq sahəsinin səlahiyyətsiz şəxs, yəni yerli icra hakimiyyəti orqanının nümayəndəliyinin sərəncamı ilə ayrılması; 2) torpaq ahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi; 3) torpaq sahəsinin bir hissəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda yararsız ərazi kimi qeydə alınan torpaq sahəsinin üzərinə düşməsi. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması müəyyən edildi. Bu hal isə özü-özlüyündə iddia tələbinin təmin edilməsini istisna edir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. -67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67-ci maddəsinin 3-cü bəndinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 1996-cı ildə, yəni iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: 1) kənd təsərrüfatı təyinatlı torpaqlar; 2) yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; 3) sənaye, nəqliyyat, rabitə, müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqlar; 4) təbiəti mühafizə, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı torpaqlar; 5) meşə torpaq fondu; 6) su torpaq fondu; 7) ehtiyat torpaq fondu. - 6 - c ı m a d d ə s i n ə g ö r ə t orpaqlar bir kateqoriyadan digər kateqoriyaya onların əsas təyinatı dəyişdirildiyi hallarda torpağın verilməsi və ya geri alınması barədə qərar qəbul edən orqanlar tərəfindən keçirilir. -7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər.Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər.Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. -24-cü maddəsinin tələblərinə görə kənd təsərrüfatına yararlı torpaqlar bir qayda olaraq kənd təsərrüfatı istehsalı məqsədləri üçün verilir. -52-ci maddəsinə əsasən kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulmuş torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. -53-cü maddəsinə görə kənd təsərrüfatı təyinatLı torpaqlar aşağıdakılara verilir: 1) Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına—şəxsi yardımçı təsərrüfat, fərdi bağçılıq, bostançılıq, tərəvəzçilik və heyvandarlıq ilə məşğul olmaq üçün; 2)Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına — kollektiv bağçılıq, bostançılıq və tərəvəzçilik üçün; 3) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, kolxozlara, sovxozlara, kəndli (fermer) təsərrüfatlarına, digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına — əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün; 4) elmi-tədqiqat, tədris və digər kənd təsərrüfatı müəssisələrinə, kənd texniki peşə və ümumtəhsil məktəblərinə — tədqiqat, tədris məqsədləri, qabaqcıl təcrübənin yayılması və kənd təsərrüfatı ilə məşğul olmaq üçün; 5) qeyri-kənd təsərrüfatı müəssisələrinə, idarələrinə və təşkilatlarına, dini təşkilatlara — yardımçı kənd təsərrüfatı ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyi ilə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ilə məşğul olmaq üçün başqa təşkilatlara da verilə bilər. -57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Beləliklə, həm əvvəlki, həm də hazırki torpaq qanunvericiliyin tələblərinə görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tkintisi üçün ayrılması yolverilməzdir. Bundan başqa Abşeron rayon Dövlət Arxivinə verilmiş sorğuya cavabdan müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamında vətəndaş İddiaçı adı aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; -9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır; -15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Abşeron rayon İHB-nın Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı əmrində göstərilən məlumatların həqiqiliyi, yəni həqiqətən də iddiaçıya 0.10 ha torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi kənd təqəsrrüfatı təyinatlı torpaq sahəsi olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar