Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-190/2020 27.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “Onun xx.xx.1990-xx.xx.1997-ci illərdə “Murad” Kooperativində sosial sığorta stajının təsdiq edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı onun xx.xx.1990-xx.xx.1997-ci illərdə “Murad” Kooperativində sosial sığorta stajı təsdiq edilməklə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin həmin şöbənin xx.xx.2019-cu il tarixli, **********5 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi Murad Kooperativinin hüquqi ünvanın müəyyən edilməməsi və sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən qeyd edilən dövrlərin yoxlanılmasının mümkün olmaması göstərilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1950-ci ildə anadan olmuşdur. 1965- 1997-ci illərdə Sumqayıt şəhərində fəaliyyət göstərən müəssisələrdə işləmişdir. Ümumi iş stajı 32 il təşkil edir. İş stajının 13 il 2 ayını zərərli istehsal sahəsində, yəni Sumqayıt Superfosfat zavodunda çilingər işləmişdir. 2003-cü ildə ona zərərli iş stajına görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda o, 180 manat əmək pensiyası alır. İddiaçı hesab edir ki, ona təyin olunmuş əmək pensiyası düzgün təyin edilməmişdir. Buna görə də cavabdehə ərizə ilə müraciət etmişdir. AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 saylı məktubu ilə iddiaçının xahişi təmin olunmamışdır. İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçının sığorta stajı hesablanarkən xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi qanuna zidd olmuşdur”.İddiaçı cavabdehin imtinasını aşağıdakılara görə əsassız hesab edir.Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, “Murad” kooperativinin hüquqi ünvanının eyd edilməməsi və sənədlərin Qazax rayon Dövlət Arxivinə təhvil verilməməsi Səbəbindən sənədlərin yoxlanması mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, "Murad” kooperativi Qazax rayonunda yox, Qusar rayonunda fəaliyyət göstərmişdir, İddiaçıya məxsus olan əmək kitabçasında (əmək kitabçasına əlavə “İT-1 Seriyalı 0003594") qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1990-cı il tarixli 1 saylı əmrlə xx.xx.1990-cı ildə “Murad” kooperativinə Sədr təyin edilmişdir. Həmin əmək kitabçasına əlavəyə görə iddiaçı “Murad” kooperativində UAZ-3303 markalı 16-53 AQP dövlət nömrə şanlı avtomaşına sürücü peşəsinə təyin olunmuşdur (xx.xx.1994-eü il tarixli 13 saylı əmrə əsasən). Nəhayət orada qeyd edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il tarixli 5 saylı əmrlə "Murad" kooperativində işdən azad edilmişdir. Nəzərə almaq lazımdır ki, onun ümumi stajı cavabdehin qeyd etdiyi kimi 24 il yox 32 ildir. Bunu ona məxsus olan əmək kitabçası təsdiq etmişdir. AR Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə “İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilir”. xx.xx.2010-cu il tarixli, 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3-cü bölməsinin 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta stajı olunanların pensiya hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş“Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə ilə əlaqə saxlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş və izahatında bildirmişdir ki, iddiaçıya pensiya təyin edilərkən “Murad” kooperativində işlədiyi dövrlər nəzərə alınmamışdır. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək olan müddət ərzində “Murad” kooperativində işlədiyi dövrün sığorta stajına daxil edilməsini xahiş etmişdir. Bununla həmin dövrlərin yoxlanılmasına zərurət yaranmışdır. “Murad” kooperativi sosial sığorta ödənişləri etməmişdir. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək “ Murad” Kooperativində işlədiyi dövrün yoxlanılması üçün DSMF-nin Qusar rayon şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq DSMF Qusar rayon şöbəsi tərəfindən araşdırma aparılmış, “Murad” Kooperativinin sənədlərinin Qusar rayon Dövlət Arxivinə təhvil verilmədiyi müəəyn edilmiş, “Murad” Kooperativinin sənədlərinin Qusar rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin yoxlanılması mümkün olmamış və bununla bağlı akt tərtib edilmişdir. Cavab məktubunda Qazax rayonun qeyd edilməsi texniki səflik olub. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1722/2019 saylı, xx xxxxxx 2019cu il tarixli sorğusuna Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, “Murad” Kooperativinin heç bir illərinin sənədləri Qusar rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Ona görə də İddiaçı iş stajının təsdiq edilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyil. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək olan müddət ərzində “Murad” kooperativində işlədiyi qeyd edilsə də, cavabdeh inzibati orqan həmin dövrlərin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Murad Kooperativinin hüquqi ünvanın müəyyən edilməməsi və sənədləri Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən qeyd edilən dövrlərin yoxlanılması mümkün olmamışdır. Məhkəmə tərəfindən aparılan araşdırma əsasında müyyən edilmişdir ki, “Murad” Kooperativinin heç bir illərinin sənədləri Qusar rayon Dövlət Arxivinə təhvil verilməmişdir. “Murad” kooperativinin sosial sığorta ödənişləri etməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilmiş, iddiaçının “Murad” Kooperativində işlədiyi dövr onun sosial sığorta stajı kimi qəbul edilə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin əmək stajı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sığorta stajına daxil edilir. Qeyd edilən dövrlər nəzərə alınmadığından iddiaçının hazırda qüvvədə olan qanunvericiliyə əsasən tələb olunan sosial sığorta stajı olmadığına görə inzibati orqan hər hansı bir qanunsuzluğa yol verməmiş, əsaslı olaraq pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-190/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-190/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver