Məhkəmə qərarları › İş №2-1(118)-190/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-190/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-190/2023 13.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının 1580 nömrəli 28 mart 1966-cı il tarixli icarə müqaviləsi əsasında mərhum X3 ayrılmış 0.25 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Corat bağlar massivi 2544B ünvanında yerləşən torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin (vəzifəsinin) cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının 1580 nömrəli 28 mart 1966-cı il tarixli icarə müqaviləsi əsasında mərhum X3 ayrılmış 0.25 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci ildə vəfat etmiş həyat yoldaşı X3 məxsus Corat bağlar ərazisi 2544B ünvanında yerləşən miras əmlakın qəbulu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin mirasın mülkiyyət hüququna dair sənəd olmadığına görə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət etməsi məsləhət görülmüşdür. Bununla əlaqədar olaraq həmin orqana müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizədən imtina olunmuş və imtina məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2544B nömrəli bağ torpaq sahəsinə X2 adına verilmiş Sumqayıt şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfat İdarəsinin 1580 nömrəli icra müqaviləsinin təsdiq olunmuş surəti təqdim olunmuşdur. Arxiv qovluğunda vətəndaş tərəfindən təqdim olunan arayışlarda və Bağlar Təsərrüfat İdarəsinin 27 fevral 1970-ci il tarixli aktında şəxsin soyadı, adı, ata adı X1 qeyd olunmuş, 28 mart 1966-cı il tarixli 1580 nömrəli icarə müqaviləsində şəxsin adı X4 qeyd olunmuşdur. Bu səbəbdən də ərizəsinin icra olunmasından imtina olunmuşdur. Qeyd olunan uğunsuzluqların aradan qaldırılması üçün hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər İcra Komitəsi Bağlar Təsərrüfat İdarəsinin 1580 nömrəli icarə müqaviləsinin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 5907/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin olunaraq Sumqayıt şəhəri, Corat bağları massivi, 2544B nömrəli bağ sahəsinə dair 28 mart 1966-cı il tarixli, 1580 saylı icarə müqaviləsinin 01 oktyabr 2005-ci il tarxində vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilmişdir. Qətnamənin qət etdi hissəsində xüsusi olaraq qeyd yazılmışdır ki, hazırkı qətnamə həmin faktlar üzrə müvafiq sənədləşmənin aparılması üçün əsasdır. Bundan sonra o, sənədlərini hazırlayaraq yenidən reyestr Xidmətinə müraciət etsə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinin 23 fevral 2022-ci il tarixli məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Səbəb kimi İsə İcarə müqaviləsinin nömrəsi və bğ torpaq shəsinin nömrəsində olan qeyri-müəyyənlik göstərilmişdir. Halbuki icarə müqaviləsi Reyestr xidmətində saxlanılan nüsxə ilə eyniyyət təşkil edir və həmin icarə müqaviəsi cavabdeh təşkilat tərəfindən təsdiq edilərək ona verilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası tamamilə qanusuz və əsasızdır. Bu səbəbdən də Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı Qeybullayevə Əsnayə Əhliman qızı Sumqayıt şəhəri, Corat bağlar massivi 2544B ünvanda yerləşən torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2021 -cı il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı Qeybullayevə Əsnayə Əhliman qızına bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfat İdarəsinin 1580 nömrəli, xx.xx.1966-cı il tarixli icarə müqaviləsinə bir sıra düzəlişlər olunmuşdur. Belə ki, icarə müqaviləsinin nömrəsində, şəxsin adında, bağ torpaq sahəsinin nömrəsində düzəlişlər edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi 5 hissəyə bölünmüş və ayrı-ayrılıqda hasarlanmışdır. Hasarlanmış torpaq sahələrinin hər birində bağ evi inşa edilmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunar əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 1580 saylı, 28 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 2544B nömrəli bağ sahəsi X2 icarəsinə verilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki,Sumqayıt şəhəri, Corat bağlar massivi, 2544B bağ sahəsinə dair 28 mart 1966-cı il tarixli, 1580 saylı icarə müqaviləsinin 01 oktyabr 2005-ci il tarixində vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilməlidir. - AZ-İ № 170206 saylı, 07 oktyabr 2005-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 13 dekabr 1979-cu il tarixdə ölmüşdür. - Məhkəməyə sorğu əsasında daxil olmuş 02 iyun 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsi beş hissəyə bölünmüşdür, torpaq sahəsi üzərində 5 fərdi yaşayış evinin mövcud olduğu müəyyən edilmişdir. - ünvan 2 ünvanladığı 1168 saylı, 13 iyun 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki,İddiaçı xx.xx.2005-ci ildə ölmüş X3 məxsus miras əmlakın qəbulu üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 23 fevral 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 23 fevral 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 2544B saylı, 0.25 ha bağ sahəsi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 1580 saylı, 28 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilə əsasında X2 icarəsinə verilmiş və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində olmuşdur. X5 öldükdən sonra İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 23 fevral 2022-ci il tarixli bildirişi ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Cavabdeh orqan 23 fevral 2022-ci il tarixli imtinasını qeyd olunan dəlillərlə əsaslandırmışdır:

1. 2707 saylı, 08 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləsinin nömrəsində, şəxsin adında, bağ torpaq sahəsinin nömrəsində düzəlişlər edilməsi;

2. faktiki torpaq sahəsinin 5 hissəyə bölünməsini və ayrı-ayrılıqda hasarlanması, torpaq sahələrinin hər birində bağ evi inşa edilməsi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə cavabdeh orqanın ilkin dəlilinə münasibətdə bildirir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 2544B saylı, 0.25 ha bağ sahəsi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 1580 saylı, 28 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilə əsasında X2 icarəsinə verilmişdir. Cavabdehin ilkin dəlilinin araşdırılması üçün aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanaraq sözügedən müqavilənin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəməyə sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” 1580 saylı, 28 mart 1966-cı il tarixli müqavilənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd edilən müqavilənin tədqiqi zamanı hər hansı düzəlişin edilməsi halı öz əksini tapmamışdır. Bundan əlavə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2544B bağ sahəsinə dair 28 mart 1966-cı il tarixli, 1580 saylı icarə müqaviləsinin 01 oktyabr 2005-ci il tarixində vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilmişdir. Göründüyü kimi, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2544B bağ sahəsinə dair 28 mart 1966-cı il tarixli, 1580 saylı icarə müqaviləsinin mərhuma məxsus olması faktı məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh orqanın ikinci, yəni faktiki torpaq sahəsinin 5 hissəyə bölünməsi, ayrı-ayrılıqda hasarlanması və torpaq sahələrinin hər birində bağ evi inşa edilməsi dəlilinə münasibətdə bildirir ki, iddiaçının hal-hazırda tələbi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 1580 saylı, 28 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilə əsasında X2 icarəsinə verilmiş 0.25 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsindən ibarətdir. Torpaq sahəsinin bölünərək hasarlanması, mərhumun hüquqlarının qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə, onun hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İdarəsinin 1580 nömrəli 28 mart 1966-cı il tarixli icarə müqaviləsi əsasında mərhum X3 ayrılmış 0.25 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı İdarəsinin 1580 nömrəli 28 mart 1966-cı il tarixli icarə müqaviləsi əsasında mərhum X3 ayrılmış 0.25 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsi öhdəliyi Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar